Çövkən üzrə Azərbaycan çempionatında finalçılar məlum oldu

Bakı Dövlət Cıdır Meydanında çövkən üzrə 3-cü Azərbaycan çempionatı sona yaxınlaşır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən yarımfinal oyunlarından sonra finalda mübarizə aparacaq komandalar məlum olub.
Yarımfinal görüşlərində "Ağdam" komandası "Polad"a 0:1 hesabı ilə uduzub. "Sərhədçi" komandasının çaparları isə "Balakən" təmsilçisinin qapısından 7 cavabsız top keçiriblər.
Beləliklə, sabah keçiriləcək final oyununda "Sərhədçi" və "Polad" komandaları üz üzə gələcəklər. Oyun saat 13:00 da başlayacaq. Bundan bir saat öncə isə 3-cü yer uğrunda qarşılaşma olacaq.
Qeyd edək ki, çövkən oyunlarından öncə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında xüsusi parad, milli çadırların quraşdırılması və şou proqram planlaşdırılıb.