İŞİD dindən çıxmış - “xəvaric“ elan olundu

Azad Suriya Ordusu İŞİD-ə qarşı savaşa qatılır; İraqda isə eyni cəbhədə döyüşən şiələrlə kürdlər arasında gərginlik var; İraq-Suriya cəbhəsində İŞİD xəbərləri
Suriyanın mülayim müxalif qruplaşması olan Azad Suriya Ordusu Kobanidə kürdlərə yardım məqsədilə İŞİD-ə qarşı döyüşlərə qatılacaq. O da məlum olub ki, Türkiyədə təlim keçmiş 1300 nəfərlik ASO döyüşçü qrupu kürdlərlə birgə İŞİD-ə qarşı savaşmağa hazırdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, artıq kürdlər ASO-nun silahlı dəstəyini qəbul ediblər. ASO-nun qrup komandiri Əbdülcabbar Aqidi "əl-Cəzirə"yə açıqlamasında qarşıdakı 36 saat ərzində Kobaniyə gedəcəklərini bildirib.


"ən-Nusra" İŞİD-i "xəvaric" adlandırıb

Eyni zamanda Suriyada ən böyük islamçı qruplaşma hesab olunan "ən-Nusra" silahlı qruplaşması da İŞİD-ə qarşı mövqeyini elan edib. Qruplaşmanın sözçüsünün yaydığı açıqlamada qeyd olunur ki, "ən-Nusra" İŞİD-i əhlü-sünnə məzhəbindən deyil, "xarici" (dindən çıxmış) hesab edir. Açıqlamada qeyd olunur ki, bri sıra əhli-sünnət alimləri, o cümlədən "əl-Qaidə"nin hazırkı rəhbəri Əyman əl-Zəvahiri İŞİD-i yolunu azmış qruplaşma elan edib. Həmçinin, açıqlamada bildirilir ki, İŞİD üçün digər müxalif qruplar mürtəd hökmündə olduğu üçün bu qruplarla müharibəyə Əsəd qüvvələri ilə döyüşmək qədər önəm verir.
Qruplaşma bəyan edib ki, ixtilaflara baxmayaraq İŞİD birinci hücum edənə qədər onlar hücum etməyəcək. Qeyd edək ki, Suriyada İŞİD və digər radikal islamçı qruplaşmalar arasında döyüşlər bu ilin yanvar ayının 3-də başlayıb və böyük itkilərə səbəb olub.

İraqda kürdlərlə şiələr arasında gərginlik

Qeyd edək ki, hazırda İraq ərazisində İŞİD qüvvələri ilə kürd peşmərgələri, ordu, polis və şiə könüllüləri arasında döyüşlər davam edir. Xüsusən də ölkənin şimal ərazilərində peşmərgə və şiə könüllü birlikləri İŞİD-ə qarşı birgə savaşır. Ancaq Britaniyanın "Times" qəzetinin yazdığına görə, hazırda kürd və şiə qruplaşmaları arasında ciddi soyuqluq var. Son olaraq kürd muxtariyyətinin sərhədlərində peşmərgə ilə şiə könüllüləri arasında bayraq üzərində yaranan deyişmə sonradan qarşıdurmaya və bir nəfərin ölümü, bir neçə adamın yaralanmasına səbəb olan atışmaya səbəb olub. Bundan başqa "Bədr" briqadasının əsir aldığı 9 peşmərgə ilə kürdlərin əlində olan 2 şiə döyüşçünün dəyişdirilməsi istiqamətində danışıqlar da gərgin keçir.

Qeyd edək ki, İraqda şiə könüllü hərbi qruplaşmaları ölkə Amerika ordusu tərəfindən işğal edildikdən sonra yaradılıb. "Mehdi Ordusu", "Bədr" briqadası, İraq Hizbullahı və sair qruplaşmalar bir müddət xeyli fəal olsalar da, 2010-cu ildə əldə olunan daxili razılaşmadan sonra bir hissəsi hökumət ordusuna qatıldı, bir qismi isə silahı yerə qoydu. Bu il baş qaldıran İŞİD təhlükəsindən və Mosulun işğalından sonra şiə könüllü qruplaşmaları yenidən yaradılmağa başlayıb. Qəzet yazır ki, ABŞ və Qərb müttəfiqləri, o cümlədən rəsmi Bağdad şiə könüllü döyüşçülərin İŞİD-ə qarşı birgə mübarizə aparacağına inansa da, həm şiələr, həm də kürdlər o qədər də buna həvəsli görünmürlər.

Şiələr kürdlərin daha çox öz ərazilərini böyütməyə, yalnız kürdləri qorumağa çalışmaqda və şiələri, xüsusən də kürd ərazilərində yaşayan şiə türkmənləri müdafiə etməməkdə günahlandırır. Çünki iyul-avqust aylarında şiə-türkmən qəsəbələri hücuma məruz qalanda kürdlər vaxtında köməyə gəlməmişdilər. Eyni zamanda, şiə qruplaşmaları hesab edir ki, kürdlər İŞİD-ə qarşı savaşdan istifadə edərək ərazilərini genişləndirir və ilk fürsətdə yeni kürd dövləti yaradacaqlar.

Peşmərgə və kürd liderləri isə hesab edir ki, İŞİD-ə qarşı savaş başa çatan kimi şiələr kürdlərə hücum edəcək. Kürdlər həmçinin şiələri məzhəblər arasında münasibətləri gərginləşdirən hərəkətlərə yol verməkdə günahlandırır.

Şiə könüllü birliklərinin sözçüsü doktor Naim əl-Ubeydi isə kürdlərin iddialarını təkzib edir. Şiə könüllü qruplaşmaların sünniləri hədəfə almadığını deyən doktor qeyd edib ki, əsas hədəfləri birgə hərəkət edərək terrora qarşı iraqlıların birliyini əldə etməkdir. "Biz evlərindən qaçmağa məcbur olmuş hər kəsin geri dönməsini təmin etməyə çalışırıq", – deyə əl-Ubeydi bildirib.
Qeyd edək ki, İraqda müstəqil kürd dövlətinin yaradılması və ölkənin parçalanması ehtimalı ən çox şiə camiəsini narahat edir. Çünki kürdlərin nəzarət etdiyi bölgədə böyük sayda – 1 milyondan çox – şiə türkmən yaşayır. Bundan başqa ölkənin bölünməsi dağınıq vəziyyətdə olan şiə icmasını zəiflədəcək və düşmənçiliyi daha da dərinləşdirəcək. Bu səbəbdən də İraqın şiə alimləri, siyasi xadimləri hələ bir neçə il əvvəldən birmənalı olaraq ölkənin bölünməsinə qarşı olduqlarını bildiriblər. Ancaq son olayların fonunda kürdlərin güclənməsi şiələri narahat edir.

İŞİD-in pulu nə qədərdir?

ABŞ hökumətində terror və maliyyə kəşfiyyatına cavabdeh Xəzinə departamenti rəhbəri David Cohen İŞİD-in hər gün neft satışından 1 milyon qazandığını bildirib. (Fərqli mənbələr bu rəqəmi 2-3 milyon dollar da göstərir –Red.) Bundan başqa, qruplaşma il ərzində girovları azad etməyin əvəzində 20 milyon dollar gəlir əldə edib. Cohen bildirib ki, İŞİD nefti İraq və Türkiyədə satır. Eyni zamanda o, İŞİD-dən oğurluq neft alanların sanksiyalara məruz qalacağını bildirib.
Qeyd edək ki, bir qədər əvvəl beynəlxalq araşdırma mərkəzləri İŞİD-in gündəlik olaraq neft satışından 2 milyon dollardan artıq pul qazandığını bəyan etmişdi. Həmin məlumatda İŞİD-in çıxardığı nefti 25-60 dollar arası qiymətə satdığı bildirilirdi. Bu məlumatların yayılması ilə paralel olaraq ABŞ ordu komandanlığı İŞİD-in nəzarətində olan neft mədənlərinin bombalanacağını bəyan edib. Bununla da İŞİD-in neft gəlirlərini dayandırmaq, terror təşkilatının maliyyə gücünü zəiflətmək hədəflənir.(Musavat.com)