Kiyev səfərinə Tbilisidən başladıq. Bir gün regionun bu kasıb Sovet dövrünü xatırladan paytaxtının qonağı olduq. Kiyev səfərinə Tbilisidən başladıq. Bir gün regionun bu kasıb Sovet dövrünü xatırladan paytaxtının qonağı olduq.

Abad Kiyev, bərbad Tbilisi və BİZİM QƏLƏBƏMİZ - FOTOLAR

Kiyev səfərinə Tbilisidən başladıq. Bir gün regionun bu kasıb Sovet dövrünü xatırladan paytaxtının qonağı olduq.

Zaman-zaman bir çox Tbilisi yolçusu olan soydaşlarımdan fərqli olaraq mən bu şəhər haqqında yaxşı heç nə deyə bilməyəcəyəm. Bunu mənimlə bərabər Tbilisidə olan 14 jurnalist də təsdiq edirdi.

Sonuncu dəfə Tbilisidə 2002-ci ildə olmuşdum və təəssüflə qeyd edim ki, o gündən bu günə bu şəhərdə yaxşılığa doğru nəyin dəyişdiyini görmədim. Bunu insanların üzgün olmasında, işsizlik, uçuq-sökük yollar, guya memarlığı qoruyurlarmış kimi (bu ifadəni daha çox Tbilisiyə gedib-gələn azərbaycanlılar deyir) təmirə ehtiyacı olan binaların "sifəti"nə baxarkən də müşahidə etmək olar. Söhbət etdiyimiz şəhər sakinləri Gürcüstanın, xüsusən də paytaxtın bu cür "inkişafı"ndan xoşhal deyil.

Onlar "ələbaxımlılıq sindromu"nda tezliklə qurtulmaq, işləmək, gözəl-abad şəhərdə yaşamaq arzusundadırlar. Deyirlər ki, sizin düşündüyünüz kimi təkcə turizm var, ondan heç də bütün gürcülər bəhrələnmirlər, sadəcə 2-3 şəhər və bir də bu şəhərlərdə yaşayan bəzi çoxbilmişlər pul qazanırlar. Bu da keçici, xüsusən yay mövsümdə belə olur. Digər vaxtlarda Gürcüstan ərazisindən tranzit kimi istifadə edirlər, bu səfərlər də qısa müddətli olduğundan buradan ölkəyə daxil olan gəlirin sadə gürcü üçün heç bir dəxli yoxdur.

Bir günlük yorucu Tbilisi gəzintisindən sonra "Qarabağ"-"Dnepr" oyununu izləmək üçün Kiyevə yola düşürük. Səfərimizin xərclərini qarşılayan "Azərçay" firması və "Akkord" şirkəti həm də Kiyevə gedən heyəti Qarabağ, xüsusən də Xocalı ilə bağlı təbliğat materialları ilə də təmin etmişdi. Biz də bütün səfər boyu təbliğat materiallarından istifadə edərək, Xocalı soyqırımı ilə bağlı əynimizə geydiyimiz gödəkçələrlə az da olsa diqqəti cəlb etdik.

Artiq Kiyevdəyik. Biz Kiyevdə parlament seçkilərində iştirak edən namizədlərin təbliğat fotoları "qarşıladı". Əslində belə də olmalı idi, çünki Ukrayna parlament seçkilərinə hazırlaşırdı. Kiyevdə təbliğat-təşviqat kampaniyasının çox zəif getdiyini görməmək mümkün deyildi. Son illər bu ölkədə baş verən inqilablar və hakimiyyət dəyişiklikləri üçün baza rolunu oynayan mitinqlər sanki ukraynalıları həvəsdən salıb. İndi namizədlərin təbliğat qrupları 3-3, 5-5 əllərində plakatlarla "qrup yürüşləri" ilə kifayətlənməli olurlar. Kiyev və mitinqlərin əsas məkanı olan Maydan sakitliyə qərq olub. Kiyevdə parlament seçkilərinin yaxınlaşdığını bir faktor xatırladırdı, o da namizədlərin təbliğat fotoları idi.
Müharibə başlayandan Ukraynanı bürümüş millətçilik tendensiyası paytaxt Kiyevdə daha çox müşahidə olunur. Amma paytaxt həm də bizdə ölkədə müharibənin yaşanmadığı təəsüratı yaradır. Ölkənin Şərqində baş verən vətəndaş müharibəsinin ağır fəsadlarının paytaxt sakinlərinin gündəlik həyatına nüfuz etdiyini görmək elə də asan deyil. Bir sözlə paytaxt çox sakit, insanlar isə gülərüz və mehribandırlar.
Kiyevin demək olar ki, hər yerində rus şovinizmini və Putini aşağılayan plakatlara, şuarlara rast gəlmək mümkündür. Bəzən də yerli istehsal məhsullarının (məsələn, tualet kağızları) üzərində Putin və Rusiyaya qaçmış keçmiş prezident Yanukoviçin təhqiramiz şəkilləri həkk olunub. Kiyevin çox yerində Maydan inqilabı zamanı xalqa qarşı amansız davranan "Berkut" ləğv olunandan sonra millətçi "Sağ sektor"çulardan təşkil olunmuş drujinalara və polisə işə götürülmüş "Sağ sektor"çu gənclərə rast gəlmək mümkündür. İnqilabdan sonra polis əsasən Maydanın fəal iştirakçısı olmuş millətçi gənclərdən təşkil olunub. "Sağ sektor"çular əsasən Maydan ətrafında rusmeyilli təşkilatların aksiya keçirə bilməmələri üçün keşik çəkirlər. Onlar Maydanın mərkəzində də post qurublar, amma bütün bunlar Kiyevin qonaqları üçün heç də qorxulu deyil. Heç bir polis sənə yaxınlaşıb sənəd belə soruşmur, onlar sadəcə təhlükəsizliyə nəzarət edirlər. Sənə yaxınlaşanlar yalnız seçkilərdə namizədlərini təbli edənlər ola bilrər. Onlar da çox mədəni şəkildə öz namizədlərinin haqlı olduğunu sübut etməyə çalışırlar.

Səfirlə görüş maraqlı oldu...

Kiyevə çatıb otelə yerləşdikdən dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarından telefon zəngi aldıq, bildirdilər ki, səfir Eynulla Mədətli Qarabağ Futbol Klubuna dəstək üçün Kiyevdə səfərdə olan azərbaycanlı jurnalistləri qəbul edəcək. Vaxt verib vədələşdik, səfirlyin nümayəndələri qaldığımız otelə gəldilər, ayaqüstə qısa söhbətdən sonra Azərbaycanın Ukraynadakı səfirliyində bizim üçün təşkil olunan qəbul yollandıq.

Səfirlə görüşdən əvvəl qrup üzvləri ilə birgə Heydər Əliyev Parkında olduq, ümummilli liderin abidəsi önünə gül dəstələri düzdük. Bizi müşayidə edən səfirlik əməkdaşları bildirdilər ki, bu park Azərbaycan hökuməti tərəfindən təmir edilərək bu vəziyyətə gətirilib.

Sonra səfirlikdə iş otaqları, konfrans zalı ilə tanış olduq.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşümüz isə bizdə böyük ruh yüksəkliyi yaratdı. Səfir E.Mədətli jurnalistlərin Qarabağ Futbol Klubuna dəstək səfərini yüksək qiymətləndirdi və Kiyevə gələcəyimizi eşidən kimi bizimlə görüşə tərəddütsüz qərar verdiyini söylədi.
İlk öncə Azərbaycanın Ukrayna ilə diplomatik əlaqələrinin tarixindən danışan səfir bu münasibətlərə aid kitab çap olunduğunu və səfirliyin internet saytında yerləşdirildiyini diqqətə çatdırdı.

Müstəqillikdən sonra Azərbaycan-Ukrayna münasibətlərinə toxunun E.Mədətli Kiyevdə səfirliyimizin 1997-ci ildə açıldığını bildirdi: "Bu gün Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Hazırda Ukraynadakı ictimai-siyasi vəziyyət iki ölkə arasındakı yüksək səviyyəli rəsmi səfərlərə mane olur, amma işgüzar səfərlər davam edir".

Ukraynada yaşayan azərbaycanlılar arasında baş verən cinayətlərdən danışan səfir E.Mədətli hazırda bu ölkənin həbsxanalarında 160 azərbaycanlının cəza çəkdiyini, onlardan da ikisinin ömürlük olduğunu vurğulayıb və əlavə edib ki, səfirlik məhbuslarla müntəzəm görüşür və hüquqi yardım göstərir. E.Mədətli onu da təəssüflə əlavə edib ki, Ukraynaya qısa səfərlər edən azərbaycanlılar da tez-tez qanunları pozurlar: "İl ərzində səfirliyə 10-15 şikayət daxil olur. Şikayətlərin də xarakteri bizneslərinin sıxışdırılması və digər buna oxşar hallarla bağlıdır. Biz də öz növbəmizdə daxil olan şikayətləri araşdırır və Azərbaycan XİN-in köməkliyi ilə soydaşlarımıza kömək etməyə çalışırıq".

Ukraynada yaşayan azərbaycanlılar və onların qarşılaşdıqları problemlərdən danışan səfir E.Mədətli bu ölkədəki soydaşlarımızın sayı ilə bağlı konkret rəqəmin olmadığını söylədi: "2001-ci ilin rəsmi statistikasına görə azərbaycanlıların sayı 45 mindir, amma bu rəqəm inandırıcı deyil. Bəzi mənbələrdə isə 500-600 min olduğu göstərilir, hesab edirik ki, bu da real deyil".

Hazırda Ukraynada yaşayan və çalışan soydaşlarımızdan ibarət böyük ziyalı ordusunun formalaşdığını diqqətə çatdıran E.Mədətli onların sırasında Xalq artisti, Xalq rəssamı, Əməkdar həkim kimi yüksək dövlət mükafatları ilə təltif olunan azərbaycanlıların da olduğunu söylədi. Səfir qeyd etdi ki, bununla yanaşı, Ukraynada iş adamları və müxtəlif sahələrdə çalışan digər azərbaycanlılar da var. Hazırda Ukraynada iki diaspor təşkilatının fəaliyyət göstərdiyini vurğulayan E.Mədətli onların hər ikisi ilə də sağlam münasibətlərdə olduqlarını söylədi.
Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində şənbə-bazar məktəblərinin fəaliyyət göstərdiyini qeyd edən səfir konkret Kiyevdə 6 belə məktəbin olduğunu bildirib: "Bu istiqamətdə də fəaliyyətimiz genişdir, dərsliklər çap edir, digər maarifləndirici tədbirlər həyata keçiririk. Hətta Azərbaycanla Ukraynanın dost məktəbləri də var."

Hazırda Odessa və Xarkovda Azərbaycan konsulluqlarının açıldığını vurğulayan E.Mədətli məqsədlərinin vətəndaşlarımıza xidmət etmək olduğunu söylədi.
Səfir regionda baş verən hadisələr fonunda Azərbaycan bütün hallarda Rusiya ilə münasibətlərinin normal məcrada qurduğunu, amma Ukraynanın da ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduqlarını diqqətə çatdırdı. E.Mədətli Azərbaycanın bu mövqeyinin Ukrayna siyasətçiləri tərəfindən də müsbət qiymətləndirildiyini söylədi.

Qeyd edək ki, E.Mədətli bizim üçün təşkil etdiyi ziyafətdə də iştirak etdi.

Ukraynada gənc, enerjili, savadlı və olduqca
səmimi diaspora rəhbərimiz var

Səfirlə görüşdən az sonra otelə administratorluğu bizi Kiyevdə yaşayan azərbaycnlıların axtardığını eşitdik. Belə ki, səfirlə görüşdən hazırladığımız informasiyaların dərhal yayılmasından sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bizi axtarıb.

H.Cavadov bizi yeməyə dəvət etdi, Ukraynada Azərbaycanla bağlı apardığı işlərdən danışdı. Bu gənc diaspor komandasının Azərbaycan üçün nə qədər əzmlə, fədakarlıqla çalışdıqlarının şahidi olduq. Kiyevdə olduğumuz 4 gün müddətində Hikmət Cavadovla yanaşı, Murad, Vüsal, Elmar və digər dostlar yanımızdan bir an belə ayrılmadılar.

Diaspor rəhbəri ilə növbəti görüşümüz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun yeni və çox möhtəşəm ofisində baş tutdu. H.Cavadov diasporun Ukraynadakı fəaliyyətindən danışdı, yeni layihələri barədə məlumat verdi. Qeyd etdi ki, hazırda 4 çap orqanları vasitəsi ilə Azərbaycan həqiqətlərini rus və Azərbaycan dillərində bu ölkə ictimaiyyətinə çatdırmağa çalışırlar: "Biz xüsusən də Dağlıq Qarabağ probleminin Ukrayna cəmiyyətinə obyektiv çatdırmağa çalışırıq".
Azərbaycan diasporunun bütün dünyada olduğu kimi Ukraynada da yeni formalaşdığını diqqətə çatdıran H.Cavadov bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların vahid təşkilat ətrafında birləşdirilməsi istiqamətində ciddi layihələrə start verdiklərini də söyləd: "Diaspor təşkilatımızın ştatlı işçiləri var və onlar burada yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində konkret işlər görür. Fəaliyyətimizin aktivləşdirilməsi üçün yeni ofisə köçmüşük. Düşünürük ki, bu ofis Ukraynada yaşayan azərbaycanlıların ikinci evi olacaq".
Diasporun işinin Ukrayna qanunlarına uyğun qurduqlarını bildirən H.Cavadov bütün hallarda Azərbaycan üçün çalışdıqlarını söylədi: "Bizim burdakı mövqeyimiz həm Ukrayna, həm Azərbaycan dövləti, həm də burada yaşayan soydaşlarımızın maraqlarına xidmət etməlidir. Məsələn, buradakı azərbaycanlılar və Prezident İlham Əliyevin Krımla bağlı mövqeyi də bizim Ukraynadakı fəaliyyətimizə stimul verdi. Ukrayna ictimai-siyasi mühiti də gördü ki, burada yaşayan digər milli azlıqlardan fərqli olaraq azərbaycanlıların bu ölkədə baş verən hadisələrə münasibəti bəllidir. Bir şeyi də xüsusi qeyd edim ki, Ukrayna vətəndaşları, xüsusən də siyasətçilər və jurnalistlər heç bir faktı unutmur."

"Yaxın günlərdə həm də Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan "Ukrayna Nyu Servis" Şirkəti nəzdində eyni adda xəbər portalı fəaliyyətə başlayacaq" – deyən H.Cavadov bildirdi ki, bu mətbu orqanda bilavasitə ukraynalı jurnalistləri çalışacaq: "Burada hər gün deyil, ehtiyac yaranacağı təqdirdə Azərbaycanla bağlı xəbərlər yayımlanacaq. Xəbər portalının missiyası Ukraynada və dünyada baş verən ictimai-siyasi proseslərə daha çox yer verməkdir".

Ceyhun Musaoğlunun bayraq davası...

Oktyabrın 23-də gözlənilə gün gəlib çatdı. Bütün günü gərgin idik. Axşam saatlarını – futbolun başlayacağı vaxtı gözləməklə yanaşı, stadiona edəcəyimiz yürüşün detallarını da müzakirə edirdik. Səfərimizin başlandığı gündən bizim yanımızdan heç ayrılmayan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və komandası Ukraynanın parlament seçkiləri ərəfəsində olduğu üçün (oktyabrın 26-da) belə bir yürüşün mütləq Kiyev meriyası ilə razılaşdırılmasının zəruriliyini qeyd etdi. Əlavə etdi ki, edəcəyimiz müraciətə meriya ən yaxşı halda 24 saat müddətində cavab verəcək. Futbolun başlamasına isə 5-6 saat qalırdı. H.Cavadov layihəmizin koordinatoru Nicat Dağlar qrup üzvləri ilə belə qərara gəldik ki, yürüşə stadiona 500-600 metr qalmış başlayaq. Elə də etdik...

"Qarabağ"a dəstək qrupuna daxil olan bir qrup jurnalist "Dnepr"-"Qarabağ" matçını izələmək üçün Azərbycan və Qarabağ FK-nun bayraqları ilə Kiyevin "Olimpiyskiy" stadionuna yürüş etdilər. Azərbaycan jurnalistlərinə yol boyu bəzi Kiyev sakinləri də dəstək verdi, bəziləri, hətta polislər belə yürüşü maraqla izləyir, heç bir müdaxilə etmirdilər.

Stadiona girəndə "Dnepr"lə oyunda "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlərlə "Olimpiyskiy" stadionunun təhlükəsizlik xidməti əməkdaşlarl arasında gərgin anlar yaşandı. Belə ki, stadiona giriş zamanı polislər bizim əlimizdə olan böyük ölçülü Azərbaycan bayrağını zorla aldılar. Təbii ki, bu hadisə azərbaycanlı jurnalistlərin etirazına səbəb oldu. Uzun mübahisələrə baxmayaraq, polislər dövlətimizin bayrağını saxlama kamerasına aparıdılar. Biz də Ukrayna polisinin Azərbaycan bayrağına qarşı hörmətsizliyini kəskin rekaisya verdik, məsələyə stadion rəhbərliyi və mühafizə polisi komandir heyətinin qarışmasına nail olduq. Stadiona böyük ölçülü Ukrayna bayraqlarının keçirilməsinə icazə verildiyi halda, Azərbaycan bayrağına görə belə bir qadağanın qoyulması nəinki qonaq komandanın azarkeşlərinə, bilavasitə Azərbaycan dövlətinə hörmətsizlikdir. Bu qadağanın hansı əsaslara söykənməsi barədə izahat tələb olunsa da, polislər arqument tapa bilmədilər.

Tanınmış jurnalist, Azərvaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun xüsusi fədakarlığı ilə müşayət olunan bayraq davası jurnalistlərimizin tələbinin yerinə yetirilməsilə nəticələndi. "Biz bu bayrağı saxlama kamerasında qoyub futbola baxa bilmərik. O həmişə bizimlə olmalıdır. Biz bayrağımıza xəyanət edərək, onun əşya kamerasına atıb getməyəcəyik. Bayraq mütləq qaytarılmalıdır" - deyə C.Musaoğlu polislərin bu davranışına sərt münasibət bildirib. Bundan sonra polislər öz aralarında müzakirə apararaq, bayrağın stadiona keçirilməsinə icazə verdilər. Bununla da azərbaycanlı jurnalistlər Ukraynadakı zəfərin təməlini qoydular.

"Qarabağ" Kiyevdə atəş saçdı...

Bu yarımbaşlığı Ukraynada gündəlik nəşr olunan "Vesi" qəzetindən götürmüşəm. Qəzet belə də yazmışdı: "Qarabağ" Kiyevdə atəş saçdı".

Gözlənildiyi kimi biz stadionun media sektoruna aid olan hissəsində jurnalistlər üçün ayrılan yerdən oyunu izələdik.

"Qarabağ"ın yüzlərlə azarkeşi stadionun hər tərəfində Azərbaycan bayraqları ilə komandamıza mənəvi dəstək verdilər.

Bizim yürüşlə yanaşı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları, xüsusən də sədri Hikmət Cavadov da Kiyevdə yaşayan soydaşlarımızın Qarabağa dəstəyinin təmin olunmasında bir sıra tədbirlər görmüş, plakatlar hazırlamışdılar. Hikmət Cavadovun iştirakı və təşəbbüsü ilə azərbaycanlı azarkeşlərin Qarabağa dəstək şuarları bütün stadionu bürümüşdü.

Nəhayət oyun başladı. Soyuq hava şəraiti futbolçularımızı və onları alqışlayan yüzlərlə azarkeşi həvəsdən salmadı. Futbolçularımızın qələbə əzmi öz sözünü dedi. Belə ki, Ağdam təmsilçisinin heyətində yer alan Muarem Muarem matçın 21-ci dəqiqəsində "Qarabağ"ın tarixinə qələbə yazdı... Sonrakı dəqiqələrdə oyunçularımız rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaratsalar da növbəti qol şansına nail ola bilmədilər. Etiraf edək ki, rəqib komanda da Qarabağın qapısı qarşısında bir neçə təhlükəli oyun nümayiş etdiridilər. Müdafiəçilərimizin və təbii ki, qapıçımızın sayıqlığı sayəsində onların qol arzusu elə arzu olaraq da ürəklərində qaldı.
Oyundan dərhal sonra "Qarabağ"ın və "Dnepr"in baş məşqçilərinin mətbuat konfranslarında iştirak etdik. İlk mətbuat konfransını təbii ki, oyundan bir gün əvvəl olduğu kimi yenə də Qurban Qurbanov keçirdi. Yaxşı qələbə qazandıqlarını söyləyən Qurban Qurbanov qarşıdakı oyunların ağır keçəcəyi anonsunu da verdi: "Buna görə də, bu oyunu tezliklə unutmalıyıq. Çünki Bakıdakı matç bizim üçün daha çətin olacaq. Həm rəqib, həm də biz bir-birimizi daha yaxından tanıdıq. Hazırda bütün fikrimizi çempionata yönəltməliyik. Belə uğurlar çox olsa, həm bizim üçün yaxşı olar, həm də azarkeşlərin bizə inamı artar. Belə qələbələr bizim üçün lazım və vacibdir. Lakin bu qələbəni o qədər də böyütməməliyik. Çünki bu, həm mənə, həm də futbolçulara psixoloji təsir edə bilər. İndi çalışmalıyıq ki, işimizi daha da düzgün quraq və qarşıdakı oyunlarda da yaxşı nəticə əldə edək".

"Dnepr" klubunun baş məşqçisi Miron Markeviç oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda danışmağın çətin olduğunu söylədi: "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu gün ən pis oyunumuzu keçirdiyimizi söyləyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nə isə etməyə imkan vermədilər. Lakin öz qol imkanlarından maksimum yararlandılar. Bu komandadan xoşum gəldi. Hərçənd, oyundan öncə futbolçulara xəbərdarlıq etmişdim. "Qarabağ"ın yaxşı komanda olduğunu və "Sent-Etyen"lə görüşdə qələbə qazanmağa yaxın olduqlarını söyləmişdim".

3 azərbaycanlı azarkeş 7 ukraynalı gənc tərəfindən döyüldü

"Qarabağ"-"Dnepr" oyunundan dərhal sonra azarkeşlər arasında insidentin şahidi olduq. Hadisə "Olimpiyskiy" stadionunun yaxınlığında baş verdi. Stadionu tərk edən azərbaycanlı azarkeşlər işıqforu keçərkən ukraynalı gənclər tərəfindən təhqir olunublar.
Gənclər arasında baş verən əlbəyaxa zamanı azərbaycanlı gənclərdən biri yüngül xəsarət alıb. Sonra gənclər polisə xəbər vermək üçün stadiona geri qayıdıblar.

Bizimlə də elə stadionun çıxışında qarşılaşdılar. Biz hadisə yerinə gələnədək ukraynalı gənclər artıq hadisə yerindən uzaqlaşmışdılar. Maraqlıdır ki, hadisə baş verən zaman və ondan sonra da ərazidə heç bir polis əməkdaşı gözə dəymirdi, baxmayaraq ki, oyundan əvvəl biz ərazidə xeyli sayda polis əməkdaşını görmüşdük. Stadionun giriş qapılarının birinin təhlükəsizlik xidmətinin əməkdaşı isə baş verən insidenti soyuqqanlıqla müşahidə edibmiş.

Biz azərbaycanlı gənclərə yaxınlaşıb onlara sakitləşmələrini, soyuqqanlı olmalarını, futbolda tərəflər arasında bu kimi halların tez-tez baş verdiyini söylədik. Sağ olsunlar, gənclər söz eşidib hadisə yerindən uzaqlaşdılar.

Beləliklə, son xoşagəlməz hadisə istisna olmaqla "Qarabağ" futbol tariximizə növbəti şanlı qələbəsini yazdı. Əlbəttə, ukraynalı azarkeşləri də başa düşmək lazımdır, evində uduzmaq ağır dərddir… Allah bizi belə dərdlə imtahana çəkməsin. Amin!

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

Niyaz Niftiyev
image description image description image description image description image description image description