Aynur İmranova Aynur İmranova

Onu intihara aparan – Hikkə

Aynur İmranova



Bir tələbə yoldaşımız vardı, heç kim sevməzdi onu. Elə istəyirdi hamı ona tabe olsun, hər kəsi idarə eləsin. Bunu saymayanda da küsərdi. Əslində pis insan deyildi, mərhəmətli idi, amma adamlarla özünü apara bilmirdi, özünü hər kəsdən üstün və ağıllı hesab edirdi. Sonradan öyrəndik ki, valideynləri o uşaqkən boşanıblar, oğlan anası ilə qalıb. Dayısı da atasının acığına bunu bir əli yağda, bir əli balda böyüdüb. Bu yaxınlarda eşitdim ki, yaşı 40-ı haqlasa da, hələ də şəxsi həyatını qura bilməyib. Bir neçə dəfə nişanlı və evli olub, amma...

Tələbə yoldaşımızı niyə xatırladım, bilirsiz?! Bir jurnalist həmkarımızın intihara cəhd etdiyini eşitdim, üstəlik birinci dəfə deyildi. Adını çəkməyəcəm təbii ki... Çox yaraşıqlı, mehriban, mərhəmətli insandır. Amma hikkə, mənəm-mənəmlik onda artıq psixoloji problemlər yaradıb. Ailəsinin tək övladı olub, neçə ildən sonra dünyaya gəldiyi üçün hər il şərəfinə qurbanlar kəsilib. Bir sözünü iki edən olmayıb. Və nəhayət, gəlib düşüb real həyata. Ailə artıq onu "xoşbəxt" edə biləcək qədər varlı deyil. Arzularını, istəklərini əvvəlki kimi gerçəkləşdirə bilmir, sözü ətraf çevrəsində ana-atasına olduğu qədər keçərli deyil. İçkiyə qurşanır, şəxsi həyatı dağılır. Və bir yerdən sonra başlayır intihara cəhdlər...

Əslində, problemin kökündə nəyin dayandığını təxmin edirsiniz. Yanlış tərbiyə və düzgün övlad yetişdirməmək. Etiraf edin ki, bizim ölkədə doğru insan yetişdirmək, əsl vətəndaş böyütmək problemi var. Çox hallarda valideynlər cəmiyyətə tamamilə yararsız fərd təqdim edir. Sonra da bunun fəsadlarını həm valideynlər, həm də o fərdin ünsiyyətdə olduğu hər kəs çəkir. Təbii ki, ailədə uşağa verilən tərbiyədə müxtəlif yanlışlar edilir. Amma məhz bu gün toxunduğumuz problemin bir adı var - hikkə...
Dostlar, ailənizdə böyütdüyünüz övladların hikkələrini uşaqkən boğun. Yoxsa, sonra onların həyatdakı bütün bədbəxtliklərinin səbəbkarı siz olursuz. Hikkə psixi xəstə edir insanları, manyak edir, mutsuz edir, uğursuz edir. Bir yerdən sonra hikkəsini təmin edə bilməyən insanlar intihar belə etməyə qadirdir. Lütfən hikkə ilə prinsipiallığı qarışdırmayın. Şoppili balalarınızı ərköyün edərək həm cəmiyyətə faydasız uşaq böyüdürsüz, həm də xəstə eqoları onları assosial edir. Belə adamları heç kim sevmir. Mütləq kimlərisə əzməyi, kimlərisə keçməyi qarşılarına məqsəd qoyub, həm öz həyatların zəhər edirlər, həm ətrafdakı insanların həyatın cəhənnəmə çevirirlər. Artıq sözləri keçməyəndə, istədikləri uğuru əldə edə bilməyəndə də başlayırlar yalan danışmağa, gücsüzlərə hədə qorxu gəlməyə, güclülərə yaltaqlanmağa, məhz istədikləri olsun deyə insan sifətlərini itirirlər. Davamında da başlayır psixoloji problemlər yaranmağa. Və bu əsərin müəllifi məhz sizsiz, ərköyün uşaq yetişdirən valideynlər...
Kim deyir ki, uşağı cəzalandırmazlar? Kim deyirsə, yalan deyir. Uşağı döymək olmaz. Amma onu cəzalandırmaq, ona "yox", "olmaz" sözlərin mütləq öyrətmək lazımdır. Hikkəsini, eqosunu idarə etməyi, dünyanın onun ətrafında fırlanmadığını, göydən göy zənbillə düşmədiyini izah etməklə siz onun özünə böyük xeyir vermiş olursuz. İnanın belə eləməsəz, sonra onların ilk "qurbanı" elə siz olacaqsız. Vacib deyil ki, sizi vurub öldürə. Sizi sındırmağı, bəyənməməyi və ya unutmağı elə sizin üçün ölüm olacaq. Hamı evində uşaq böyüdür, heç kim cücə saxlamır. Amma sizin qurbanlarla, əzizləyərək böyütdüyünüz gül balalarınız sonra bizim də günümüzü qara edir. Cəmiyyətdən təcrid edilənə qədər nə qədər fikri, insanı, işi, bu və ya başqa şəkildə zədələyirlər. Yəni rəsmən ziyanverici yetişdirirsiz.

Siz onlara xırda cəzalar verdikcə doğru həyata yönləndirirsiz. Gələcəkdə əsl vətəndaş, qaydalara hörmət, qanunlara riayət edən insan kimi yetişdirirsiz. Ailədə səhvi, səhvə görə cəzanı öyrənməyən uşaq sabah cinayətində məsuliyyətindən qorxmayacaq.
Təsəvvür belə edə bilməzsiz ki, sizin üçün xırda, uşaqlar üçün çox əhəmiyyətli məsələlərdə verdiyiniz cəzalar onların gələcəyi üçün nə qədər əhəmiyyətli olur. Məsələn, məktəb üçün verilən pulunu kəsmək, gəzməyə və ya qonaqlığa aparmamaq, bir yerdə yemək yeməmək, ən son hal kimi danışdırmamaq olar. (Bütün bunları edərkən qətiyyən uşağı alçaltmayın, tez-tez üzünə çırpmayın, kobud davranmayın. Bu cəzanın onun bir hərəkətinə görə verildiyini, o hərəkəti bir daha etməzsə yenə əvvəlki qədər dəyərli olacağını anlasın). Siz də onlardan küsün, qoyun uşaqkən sizin küsəndə üzüldüyünüzü anlasın. Yoxsa böyüyəndən sonra ondan küsəndə sizi anlamağına heç ümid etməyin. Axı küsmək də bir əyləmdir. Hansısa yanlış hərəkətə qarşı etiraz formasıdır. Övladının, onu utandırmayacaq şəkildə yaşaması hər bir valideynin arzusudur. Amma bütün arzular kimi bunun da reallaşması üçün bir az əziyyət çəkmək lazımdır. Nə qədər sevdiyimizi nəzərə almadan doğru insanı yetişdirmək üçün...

P.S. Əslində bu mövzuya sosial şəbəkədə kiçik bir status şəklində toxunmuşdum. Bunun yazı halına gətirilməsində israrlı olduqları üçün dəyərli həmkarlarım İlhamiyyə Rza və Səbinə Əvəzqızına sonsuz təşəkkürlər...