Ölkə banklarında kreditlərin orta faiz dərəcələri həddən artıq yüksək olduğundan əksər müştərilər götürdükləri borcu ödəmək iqtidarında deyil. Bu səbəbdən də banklarının sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın və torpaq sahəsi var. Ölkə banklarında kreditlərin orta faiz dərəcələri həddən artıq yüksək olduğundan əksər müştərilər götürdükləri borcu ödəmək iqtidarında deyil. Bu səbəbdən də banklarının sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın və torpaq sahəsi var.

Azərbaycanda kredit bataqlığı – Girova çevrilən insanlar (Araşdırma)

Ölkə banklarında kreditlərin orta faiz dərəcələri həddən artıq yüksək olduğundan əksər müştərilər götürdükləri borcu ödəmək iqtidarında deyil. Bu səbəbdən də banklarının sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın və torpaq sahəsi var.


Araşdırmalar göstərir ki, indiyədək Azərbaycan məhkəmələrində qaytarılmayan kreditlərə görə minlərlə işə baxılıb.

Ekspertlər bildirir ki, bu prosesdən sonra həmin girovlar xüsusi hərraclar yolu ilə satışa çıxarılır.
Həmin girovların çoxunun isə mənzil və avtomobilləri olduğu deyilir.



AzNews.az-ın əldə etdiyi məlumata görə, sahibindən alınan girovların əksəriyyəti Bakıdadır. Amma bölgələrdə - Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan və Yevlaxda da girovluqda xeyli daşınmaz əmlakın olduğu bildirilir. Kənd təsərrüfatı rayonlarında isə əsas girov predmeti əsasən yararlı torpaqlardır. Təbii ki, kredit qayıtmayanda bunlar da sahibindən alınır.



Yerigəlmişkən, banka qoyulan girovlar arasında məişət və zinət əşyaları da az deyil. Əmlak birinci hərracda satılmasa 15 faiz, 2-ci dəfə satılmayanda daha 25 faiz ucuzlaşır. Bu qiymətə də satılmayanda girov yeni sahibinə, yəni banka qaytarılır.
Daha çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Xüsusən də bankların krediti ödənilmədiyi üçün müştərilərdən aldığı mənzillərin, torpaqların dərhal satılması üçün onlar bazara ucuz təklif olunur. Belə ki, banklar girovluğa təklif edilən əmlakı kifayət qədər ucuz qiymətləndirdiyindən girov sahibinin krediti qaytarıb-qaytarmaması bankı bir o qədər maraqlandırmır. Əksinə, girovun hərraca çıxarılması bankda çalışanların xeyrinədir.
Əhalinin isə bu hərracdan heç xəbəri belə olmur və nəticədə hərraca çıxarılan mallar bank işçiləri tərəfindən sərfəli qiymətlərə alınır.



Qeyd edək ki, bankların sərəncamındakı əmlakların – avtomobil və mənzillərin bazara çıxarılması sözügedən bazarlarda qiymətlərin dəyişməsində bu və ya digər şəkildə təsirə malik deyil.
Onu da əlavə edək ki, ölkə başçısının göstərişi ilə Azərbaycanda borcunu, o cümlədən vergi borcunu ödəmədiyinə görə vətəndaşlardan müsadirə olunan əmlak hərracda yox, ayrıca ticarət şəbəkələrində satılır.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən mətbuata verilən məlumata görə, dəyəri 500 manata qədər olan əmlakların qiymətləndirilməsi və satılması icra qurumları tərəfindən həyata keçirilir. Onların qiymətləndirilməsindən sonra rayon ərazisində hər hansı satış obyekti ilə müqavilə bağlanmalı və həmin əmlaklar orda satılmalıdır. Hazırda ən çox satılan əmlak mobil telefonlardır. Çünki ən çox onlar müsadirə olunur, ən yaxşı satılanlar da elə onlar hesab edilir.

İqtisadçı Samir Əliyev isə deyib ki, bu gün nə qədər vətəndaşın banklarda girovunun olması ilə bağlı konkret rəqəmlər yoxdur:
"Təəssüf ki, Azərbaycanda hələ ki, belə bir statistika aparılmır. Amma girov qismində daha çox daşınmaz əmlak və avtomobilin qoyulduğu dəqiqləşib. Avtomobili kreditlə alanda istər-istəməz həmin maşın girov olur. Nəğd pul vəsaiti götürdükdə isə avtomobilə yox, daha çox daşınmaz əmlaka üstünlük verilir".



Daha bir maraqlı detal isə bankların bölgələrdən girov götürməsində maraqlı olmamasıdır. Buna əsas səbəb kimi rayonlarda mənzil satmağın çətin olması göstərilir.

"Bu səbəbdən də bankların bölgələrdəki filialları rayondakı vətəndaşlara böyük həcmdə kredit verəndə belə, mütləq girov qismində Bakı şəhərindəki daşınmaz əmlakı götürürlər. İkinci problem isə girovun məbləği ilə kreditin məbləği arasındakı fərqin olmasıdır. Bizdə bir qayda olaraq girovun qiymətinin yarısı həcmində kredit verilir. Məsələn, girov 100 minlikdirsə, ən yaxşı halda 50 min manatlıq kredit verilir. Almaniyada isə girovun dəyərindən çox kredit götürülə bilər. Vətəndaş 100 minlik əmlaka 300 minlik kredit götürə bilər", - deyə Samir Əliyev bildirib.

Dünya təcrübəsində daşınan əmlakın da girov qoyulduğunu söyləyən iqtisadçı ekspert həmin əşyaların reysterinin aparıldığını vurğulayıb.
"Xüsusi qurumlar tərəfindən bu cür əşyaların reysteri aparılır. Bankdan isə hər hansı miqdarda pul götürüldükdə daşınan əmlaklar girov gismində qoyulur. Amma bizdə belə bir mexanizm yoxdur. Bunun üçün "Təminatlı əqdlər haqqında" qanun qəbul olunmalıdır. Bu qanun əsasında girovun çeşidi artırıla bilər. Hazırda belə bir qanun olmadığından girov qismində daha çox mənzil və zinət əşyaları qoyulur".

Gültəkin ƏLƏSGƏR
AzNews.az