Zahid Oruc Zahid Oruc

Erməni ruhuna düşən hava...

Zahid Oruc



23 noyabrda Kreml Sarayı növbəti beynəxlaq tədbirə ev sahiblyi edəcək. Dünya erməniləri Rusiya paytaxtına yığışaraq "ən yaxşı milli musiqi" seçiminə yekun vuracaqlar. Sovet dövründə bütün yuxarı dövlət eşalonlarında görməyə öyrəşdiyimiz və Qorbacovun "yenidənqurması" ilə ön cəbhəyə itələnən ermənilər Moskvanın iqtisadi və siyasi cəbhəsini bu dəfə incəsənət platformasına dəyişəcəklər. Amma məramları yenə də yerində qalır. Sadəcə türklərə qarşı siyasi bəyanatları musiqi mesajları əvəzləyəcək. Onsuz da mədəni müharibələrin gerçək hərbi savaşlardan çox da fərqlənmədiyini nəzərə alsaq, Kremlin əzəmətli salonunda çıxarılan erməni səslərini də səngərdən açılan atəş kimi qəbul etməliyik.

"Tsovits tsov" - yəni, "dənizdən-dənizə" şüarı ilə keçirilən tədbirin bütün ssenarisinin Ermənistanın prezident aparatında və Müdafiə nazirlyində yazıldığına şübhə yeri qalmır. Əks halda kimi inandırmaq olar ki, dünyanın aparıcı mədəni tendensiyaları ilə ayaqlaşmaq istəyən bir xalqın seçilmiş sənətçilərinin repertuarı yalnız hərbi marşlardan, irqi düşmənçilikdən və tökülən qanların öyülməsindən ibarət olmalıdır. Onsuz da yüz illərdi ki, başqa nəyi oxuyurlar ki? Hamısının ruhuna düşən cəmi bir hava var!

Lakin yeni torpaqların ələ keçirilməsi, ərazilərin genişləndirilməsi və böyük dövlət quruculuğu planının yükü təkcə sarqsyanların, koçaryanların çiynində qalmasın deyə, onu bölüşdürürlər. Bəzən, savaşın ön xəttinə din xadimləri, kilsələrdə ixtisaslaşmış propoqandistlər çıxarılır. Bir müddət öncə Yerevan küçələri ilə addımlayan və müqəddəs Allahın adı ilə meydana çıxıb "İncil"i əllərində silah kimi tutanların kolonunu görəndə adama elə gəlirdi ki, hərbi paradın zərbə qüvvəsi motoatıcı briqadalar yox, elə bu xaçlı-saqqallı rahiblərdir. Onlar vətən oğullarına növbəti işğalların xeyir-duasını verirdilər və görəndə ki,ölkənin rəhbərinin qılıncı və sözü kəsərsizdir, 2-ci Qareginin sehrli mücrüsü işə düşür və hətta itaətsiz kütlələri belə səfərbər etməyi bacarırlar. Yaxud, dünya xristianlığının mərkəzi kimi hər cür yardıma əl açır və istədikləri himayəni də qazanırlar.

Beynəlxalq erməni musiqi yarışmasının hansı zərurətdən irəli gəldiyini əsaslandırmağa ehtiyac yoxdur. Məqsəd bir millətin səsini dünyaya duyurmaqdan daha çox, türklərin hər il uğurla keçirdiyi mədəni kursa müqavimət göstərməkdir. Türkiyə illərdi ki,bütün irqlərin və dinlərin birgəliyinə nail olaraq müxtəlif elm,poeziya və musiqi törənlərinə ev sahibliyi edir. Hər bir qitədən gələn yarışmaçının danışdığı dil və sərgilədiyi duyğular nəinki fərqli kültürlərin arasında vahid bir anlaşmaya, eləcə də dünyada sülhə və təhlükəsizliyə böyük töhfə olur.

Çünki burada ayrı dilləri və dünyagörüşləri paylaşanlar bir-birindən seçilmək,uğur qazanmaq üçün ədalətsizliyi, müharibələri və insanların kütləvi qətlini deyil, birgəyaşayışı, anlaşmanı, əminamanlğı təbliğ edirlər. Əlbəttə ki,bütün bunlar türk dilində edilir və onun genişlənən arealı Türkiyə düşmənlərini narahat edir. Yüz illərdi ki,milli qətliamda suçlanan bir dövlət ona vurulan qara yarlqılardan yaxasını həm də sözün,sənətin gücü ilə xilas etməyə çalışır.

Baş nazir Əhməd Davudoğlunun bu günlərdə siyasi rəqiblərinə üzünü tutaraq verdiyi bəyanat bu ölkənin timsalında özünə yağı görənlərə də cavab sayıla bilər. Din dərslərini ortadan qaldırmağı tələb edənlərə sərt reaksiya verən hökumət başçısı əsil türk qəlbinin və milli kimliyinin nədən ibarət olduğunu bir daha göstərdi: "Əgər din kültürü və əxlaq dərslərində hər hansı bir məzhəb təhqir olunarsa, hətta nəinki xristianlıq, buddizm belə aşağılanarsa, birinci mən özüm ona qarşı çıxaram.Bizim anlayışımızda nifrət dili heç zaman olmamışdır"!

Təqdir olunası ərkandır, elə deyilmi? Bir erməni dövlət adamının bunu dilə gətirməsi mümkündürmü? Əvəzində dünyada ən böyük sənətçilərdən biri sayılan Şarl Aznavurdan az qala imtina ediblər. Çünki məhşur sənətçini illər uzunu düşmənçilik marafonlarına qoşub onu istismar edənlər, onun adıyla tarixi kin və qisasçılığı körükləyənlər, daha bunu bacarmırlar.

Türklərin yaxşı millət olduğunu söyləyən bir insan soyqırım üzərində qurulan dövlətin və hakim milli ideologiyanın ziddinə getdiyi üçün İsveçrədə Ermənistanın səfiri olmasına baxmayaraq ən arzuolunmaz şəxsə çevrilib. Onun dünya şöhrəti və daşıdığı titullar şovinizmin,millətçiliyin silahına çevrilməyincə dərhal səhnəyə sevak amroyanlar çıxır.Artıq bu yerdə kimin hansı çapda olması o qədər də önəm daşımır.

Baxın, dünya erməniliyi 23 noyabrda Kremlin sütunlu salonunda müharibə və türk düşmənçiliyi üçün oxumağa qalxacaq. Dünyanın hazırki konyukturasında ölüm simfoniyalarının tüğyan etdiyi bir fonda əsil "incə sənət" yarışması keçiriləcək. Milli səfərbərlik hissinin və vətənpərvərliyin yüksəldiləməsi üçün ssenaristlərə çox da düşünməyə ehtiyac olmayıb. Erməni qəlbini fəth edib pyedestalın zirvəsinə yüksələnlərdən birinin "milli nəqarəti" belədir:

"Şəfəq vaxtı türklər sürünürək içəri keçdilər,

Biz vurunca,dünya sarsıldı.

Nə qədər gərəkdirsə,savaşacağıq.

Qardaşım və mən"!

Salonda qopan alqış sədalarının və ehtizaza gələn beyinlərin dumanı içində heç kəs soruşmayacaq ki, 75 milyonluq türkü hərb meydanında necə məğlub edəcəksən?Üçüncü dövlətlərin yardımı və xəyanət səhnələri tarixdə hər zaman təkrar olunmur axı.Nəinki imperiya keçmişi,eləcə də Atatürkün qurduğu əzəmətli bir dövlətin, 720 minlik qazilər ordusunun qarşısında 2 milyonluq lümpenlər dəstəsinin duruş gətirməsi yalnız keçmiş əsatirlərlərin mövzusudur. Elə isə milləti növbəti qırğınlara sürükləyən marşları, himnləri və ideologiyaları ərsəyə gətirənlərin məqsədi nədir? Tarixdən dərs almaq üçün bir xaqlın ideoloqlarına nə qədər zaman gərəkdir?

Teatr səhnələrini böyük Tiqranın əzəmətli mənəvi-ruhi heykəllərinə bürüməyin sonu yeni faciələrdir.Ədəbiyyatı, mifologiyası,təhsil proqramları,həyata baxışı zəhərlənmiş biz xalqın birinciliyə yiyələnən sənətçisinə,onu ora qaldıran münsiflərə və alqışlayan publikaya adamın yazığı gəlir.Bu nə mənəvi haldır və kabus kimi dolaşan ölüm ruhudur ki,onu öyür,tərif edir, mükafatlandırılar?

İsa peyğəmbəri qətlə yetirən "tale nizəsi"sinin Eçmiədzində olması ilə öyünən,buna görə xristianlığın beşiyi kimi müqəddəs torpaqlarda yaşadığına iddialı olan bir xalqın dünya sivilizasiyasına bəxş etdiyi mədəni sərvətlər keçmişdə nə olub,bunlarla işimiz yox. Onsuz da indi hamı qədimliyini və Tanrı tərəfindən seçildiyini bəyan etməklə başqaları üzərində hökmranlığıa can atır. Lakin insanların mənəvi aləmini şiddət və saxta"marselyozalar"la zəbt edə bilməzsən. Böyük keçmişi ilə öyünən yunanlar, yaxud romalıların sənət inciləri yalnız müharibələrin vəsf edilməsi üzərində qurulmayıb. Əgər elə olmasaydı, Homeri, yaxud Şekspiri tarix öz səhifələrdən gərək silib atardı. Errmənilərin 500 il əvvəl nəyi oxuduqlarını bilməsək də, 21-ci əsrdə bəşər mədəniyyətinə bu sənətlə çıxa bilməyəcəkləri gün kimi aydındır. Nasizmi,militarlığı və qanı tərənnüm edən bir sənət,sənət deyil!

İki ay öncə Qarabağ cəbhəsində növbəti atışmada həyatını itirən erməni Mqer Akopyanın qırılmış taleyinə görə onun Kremldə dünya festivalına hazırlaşan qan qardaşlarının birbaşa günahı var və orda səhnələrdə tamaşaya qoyulan simfoniyalar çox keçmir ki, hərbi dram teatrlarında son mənzilə yola salınan növbəti qurbanın prelüdiyasına çevrilir. Akopyanın-o nakam taleyin sahibinin səngərdə nəyi zümzümə etdiyini bilməsək də, torpağa tapşırılan cəsədi sübut edir ki, yaman sümüyünə düşən hava olub. Düz iliyinə qədər işləyib!

Bəlkə Kreml sarayına qaldırıb onu mükafatlandırasız,cənab münsiflər!?