Günel Natiq Günel Natiq

Çiskinli günün yağmur duası

Günel Natiq



İlk cümləni yazıb əl saxladım: "Payız yağırdı". Payız da yağarmı? Hərdən yuxarı məhəllədə gördüyüm, üz-gözündən payız yağan qarını xatırladım. Təqaüdündən ayırdığı qəpik- quruşdan sahibsiz it-pişiklərə yem almağı da unutmurdu, görəsən, bu soyuq noyabr günündə, həm də "payız yağan" gündə neyləyir o qarı?
Yağış belə yağmır axı. Bu payızdır yağan. Səssiz küçələrə, üz-gözündən payız yağan qarı üçün qəribsəmiş küçə itlərinin, sahibsiz pişiklərin sığındığı karton qutuların üstünə payız yağırdı.
Yağış belə yağmır axı.
Görmədiyim yerlərin, tanımadığım adamların xiffəti bürüyür məni belə vaxtlarda. Qürbət ağrısı gəlib qonur ruhuma, bir damlaya çevrilib öz torpağıma, vətənimə yağmaq və elə ona qovuşub qalmaq istəyirəm.
Yağış belə yağmır axı.
Yadımdadı, cırhacır yay günlərindən biriydi. Yay öz istisinə günəşlənir, nəşələnirdi. Bizim qəribliyimizdən ona nə!.. Elə bu vaxt yağış yağdı. Bax, o vaxt yağış yağdı! Onda yağış təsəlli kimi yağdı qəribliyimizə.
Qəfil yağışlar qəfil ömrümüzə gələn insanlar kimidi. Qəfil hislər çulğalayar adamı. Heç özün də bilməzsən, bu qəfil yağışlar neçə yol taleyini başdan yazar.
Bir rəssam var, rəngli payız tabloları yaradır. Onun payızları çoxrəngli, çoxqatlı, çoxovqatlıdır. Sönük-solğun rənglər ani olaraq gözə dəyir, daha çox görülən və hiss edilən parlaq və enerjili rənglərdir. Payız rəssamının qəhrəmanları yollarda elə hərəkət edir, sanki ritmə uyğun rəqs edir... Tamaşaçı baxan kimi bu payızın müəllifini tanıyır.
Mənim də payızım var. Hər mövsümdə içimdə, gözümdə, saçlarımda hiss etdiyim payızım. Öz yolunu gözləyən payızım. Bu payızın da öz payızı var bəlkə də.
Yağış belə yağmır axı!
Yağışın öz romantikası var. Həyatı yağışın hüzurverən ritmlərində hiss edirsən. Hələ bu ritmlər altında rəqs etmək kimi dəli istəyi demirəm!
"Yağmurlarla gəldim"- demişdi həyatıma qəfil gələn adam.
Hər bir insanın həyatına yağmur heç olmasa bir dəfə röyalarda yağar- yazmışdı bir yazar.
Yağmur duasına çıxmış qədim insan kimi hiss edirdim özümü. Amma ilin ən quraqlıq çağı deyil, ən payızlı-çiskinli günüydü.
Üz-gözündən payız yağan qarı üçün qəribsəmiş sahibsiz itlər, küçə pişikləri böyümüş gözlərlə yollara baxırdı.
Nə yağmurlar vardı, nə üz-gözündən payız yağan qarı.
Mən də o pişiklər kimi yağmursuz- kimsəsiz idim.
O yağmurlar bir vaxtlar bu pişik ümidləri kimi mağmın ümidlərimi alıb aparmışdı və üz-gözündən payız yağan o qarı kimi bəlkə də bir daha gəlməyəcəkdi...
Üstümüzə payızlar yağırdı və biz hələ də gözləyirdik.
Üzümüzdən-gözümüzdən payız yağırdı və biz hələ də gözləyirdik...