Şahlar Məmmədov Şahlar Məmmədov

Millətimizin sərvəti

Şahlar Məmmədov



Halal zəhmətilə ucalan, Azərbaycanın mədəni və ictimai mühitində sayılıb-seçilən, hamıya gərəlki, nüfuz sahibi, ən mötəbər və hörmətli ziyalılarımızdan biri professor Qulu Məhərrəmlinin 60 yaşı tamam olur.



Çox adam Qulu müəllimi jurnalistika, televiziya sahəsindəki xidmətlərinə görə tanıyır, çünki 1978-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra taleyini Azərbaycan televiziyasına bağlayıb və ömrünün 30 ilini bu televiziyanın inkişafına həsr edib. Onun "Xəbərlər" və "Səhər" baş redaksiyalarına, "Müəllif proqramları və xüsusi layihələr" departamentinə rəhbərlik etdiyi dövrü hər kəs yaxşı xatırlayır. Gözəl nitq və efir mədəniyyəti, davranışı, tamaşaçı ilə ünsiyyəti həmişə məni düşündürüb. O, nitq və efir mədəniyyətimizin praktik, canlı əfsanələrindən biridir!

Televiziya insanın təkcə zahirini göstərmir, insanın bütün niyyətini, düşüncəsini, enerjisini, əxlaqını, milli ovatını - iç dünyasını tamaşaçıya təqdim edir. Qulu müəllim həyatın bütün çətinliklərindən, o cümlədən televizyanın rentgen sınağından çox uğurla keçib. Bu təqdimat deyil, bir tamaşaçının Qulu müəllimlə bağlı o vaxtkı təəssüratlarından bir məqamdır. Ağrı-acılarla dolu, kövrəldici bənzərsiz nitqi, səs tonu var Qulu müəllimin!

Analitik təffəkkürünün diktəsi ilə barmaqları həmişə cəmiyyəti narahat edən problemlərin nəbzi üstündə olub. 2013-cü ildə çap etdirdiyi "Zamanın rəngləri" publisistik məqalələr toplusu onun dünyanın iç bağırsağına necə bələd olduğunu göstərir. Özümüzü tanımaq, dərk etmək, təhlükələrdən yan keçmək və uğur əldə etmək üçün nələrə hazır olduğumuzun mənzərəsini çox aydın şəkildə oxucuya təqdim edir. Cəmiyyətin bulanıq suyunu həmişə ziyalılar duruldur.

Ziyalılıq təkcə aydınlıq deyil, həm də saflıqdır! Onun müəyyənləşdirdiyi özünəməxsus qızıl orta xəttin üstündən keçmək məncə, təkcə qırmızı işıqda keçmək kimi bir iş deyil, həm də harmoniyanı, pərsəngi pozmaqdır.

Qulu müəllim canlı ensklopediyadır. Hazırcavabdır. Hardan – hansı sahədən sual verilirsə lakonik, dəqiq cavablandırır, sahəsindən asılı olmayaraq hansı "Nobel" mükafatı almış alimin, hansı yazıçının, hansı tarixi şəxsiyyətin adı çəkilirsə, bitkin, dolğun məlumat verir Qulu müəllim!

Bu, o deməkdir ki, əsl ziyalı təkcə yaratmır, həm də axtarışda olur, dünyadakı yenilikləri tələbələrinə, oxucularına, bir sözlə cəmiyyətə daşıyır. Qulu müəllim təkcə telejurnalist deyil, həm də ssenatistdir. Onun ssenariləri əsasında onlarla sənədli film çəkilib.

Qulu müəllim əməkdar jurnalist olmaqla bərabər, həm də böyük dilçi alimdir, lüğətşünasdir. Dilçiliyə dair çoxsaylı əsərlərin müəllifidir. Onun dilçilik görüşlərində - yaradıcılığında junralistika ilə dilin sintezi tamamilə yeni və aktual məsələlərdir. "Audivizual nitq" (2002) "Televiziya dili" (2002), "Danışır Təbriz" (2004) "Kütləvi kommunikasiya və dil" (2004), "Radio dərsləri" (2007) , "Mediada işlənən alınma sözlər" (2008), "Jurnalistikanın əsasları" (2008, 2012) kimi 40- a qədər ciddi tədqiqat əsərlərinin müəllifidir. Onun fəaliyyətini işıqlandırmaq üçün gərək hər gün yazasan, çünki o hər gün yaradır!

Qulu müəllim eyni zamanda tanınmış pedaqoqdur. Junralistika təhsili sahəsində hazırda BDU-nun " Televiziya və radio jurnalistikası" kafedrasının professorudur. Vaxtilə və hazırda dərs dediyi elə bir tələbə yoxdur ki, onunla qürur duymasın!

Qulu müəllimin yaradıcılığı çox aktual və rəngarəngdir. Bu yaxınlarda məktəblilər üçün çox faydalı bir əsər -"Alınma sözlər lüğəti" işıq üzü gördü.

Tale elə gətirdi ki, 2013-cü ildə zəhmətkeş alim, naşir Rafiq İsmayılovun və Qulu müəllimin rəhbərliyi ilə bir layihə üzərində birgə (Azərbaycan dilinin yeni frazeoloji sözülünü və elektron versiyasının yaradılması) çalışası olduq. Lüğətin baş redaktoru kimi Qulu müəllimin nə qədər dərin söz ehtiyatına malik olduğunun bir daha şahidi oldum. Əmin oldum ki, Qulu müəllim təkcə tanınmış terminoloq deyil, həm də yaxşı dialektoloqdur. Hansı sözün hansı bölgədə necə və hansı mənalarda işləndiyini çox yaxşı bilir.

İnternet istifadəçilərimizin maariflənməsi üçün elektron lüğətlərin, dərsliklərin, dərs vəsaitlərin və s. hazırlanması işində də Qulu müəllimin gərgin əməyi var. Belə bir insanla çiyin-çiyinə işləməkdən qürur duyuram. Sadəliyi, təvəzökarlığı, səmimiyyəti imkan verir ki, bilmədiklərini soruşub öyrənəsən!

2013-cü ildə "Dövlət Proqramı" əsasında Dilçilik İnstitutunda Monitoriq şöbəsi yaradıldı, lakin şöbənin yeni yaranması, başqa şöbələrdən gənc alimlərin bu şöbəyə cəlb olunması, təcrübəsizlik və s. bu sahədə müəyyən süstlüyə, durğunluğa səbəb olmuşdu.

Hörmətli akademik Tofiq Hacıyevin Dilçilik İnstitutuna gəlişindən sonra durğunluq qısa müddət ərzində aradan qaxdı. Qulu müəllim Monitoriq şöbəsinə rəhbər seçildi və "görülmüş işlər"i sıfırdan başlamağa məcbur oldu. Çoxları elə hesab edirdi ki, Qulu müəllim bu missiyanın öhtəsindən gələ bilməyəcək, ancaq yanıldılar!

Qulu müəllimin Dilçilik İnstituna gəlişi təkcə Monitoriq şöbəsinin uğuru deyil, bütövlükdə dilçiliik elminin uğurudur!

Əvvəllər Dilçilik İnstitutu mətbuatdan "qaçırdı", bu gün vəziyyət xeyli və bəlkə də əksinə dəyişib!

Qulu müəllim haqqında danışdıqca, yazdıqca xoş fikirlər bitib-tükənmir! Budur insanlıq mücəssəməsi!

Yaradıcılığı və mənəvi keyfiyyətləri ilə nümunə olan milli sərvətimizi - dəyərli insan, vətəndaş alim, böyük ziyalımızı əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayıram.