Dövlət Statistika Komitəsinin 2013-cü il üçün məlumatına əsasən ölkədə yaşı 100-dən yuxarı olan 838 nəfərin yalnız 24-ü kişidir. Dövlət Statistika Komitəsinin 2013-cü il üçün məlumatına əsasən ölkədə yaşı 100-dən yuxarı olan 838 nəfərin yalnız 24-ü kişidir.

Qadınlar kişilərdən çox yaşayır, çünki... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin 2013-cü il üçün məlumatına əsasən ölkədə yaşı 100-dən yuxarı olan 838 nəfərin yalnız 24-ü kişidir.



Məlumatdan belə görünür ki, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox yaşayır. Və bu, təkcə Azərbaycanda belə deyil. Dünya üzərində aparılan araşdırmalar da sübut edir ki, ümumiyyətlə qadınlar kişilərdən 6-8 il çox yaşayır. Bu isə bir sıra amillərlə əlaqəlidir.

Tibbi bilgilərə görə, kişilərin immuniteti qadına nisbətən aşağı olur. Qadın orqanizmi radiasiyaya qarşı 25-30% daha dözümlüdür. Həmçinin qadın damarları qoruyucu hormon - estrogenlər hesabına daha elastikdir. Elə buna görədir ki, qadınlar daha az infarkt keçirirlər.



Əlbəttə ki, kişi ömrünün qısa olmasında onların zərərli vərdişləri də az rol oynamır. Misal üçün, siqaret çəkmək qan-damar xəstəlikləri və xərçəng yaradır. Həmçinin, passiv həyat tərzi güclü cinsin ömrünü qısaldan səbəblərdir.


Kişi və qadın genetikasının fərqliliyi də nəticədə az rol oynamır. Belə ki, kişilərin orqanizmində onlara çox yaşamağa imkan verməyən genin aşkar edildiyi bildirilir.

Bununla da izah olunur ki, qadınlar kişilərlə müqayisədə stresslərə qarşı daha möhkəm və səbirli olur. Həmçinin, qadınlar kişilərin etdiyi fiziki işdən azaddırlar ki, bu da qadınların ömrünü uzadır.

ABŞ-dakı Nyukasl Universitetinin professoru Tom Kirkvudun rəhbərlik etdiyi qrupun əldə etdiyi nəticələrə görə, qadınların orqanizmi zərər görən hüceyrələri kişilərə nisbətən daha yaxşı bərpa edir.



Bu tip pozuntular isə siqaret, içki, qeyri-sağlam həyat tərzi nəticəsində formalaşa bilir. Yaşlanma öncədən proqramlaşdırıla bilinməyən bir prosesdir. Çünki hüceyrələri təmir edən genləri dəyişdirmək mümkün deyil. Bundan əlavə, kişilərdə ölümlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən baş verir. Qadınlarda olan estrogen hormonu ürək problemlərindən daha yaxşı qoruyur.

Türkiyəli həkimlər isə bu nəticə ilə bağlı maraqlı araşdırma hazırlayıblar. Nəticələrə diqqət:

1. Qadınlarda ürək-damar problemləri 70-80 yaşlarda özünü göstərdiyi halda, kişilərdə bu yaş 50-60 yaşlardadır. Həkimlər bunun səbəbini araşdıranda ortaya maraqlı nəticələr çıxıb. Məlum oldu ki, buna səbəb qandakı dəmirin fərqliliyidir. Məhz bu səbəbdən kişilərə daha az qırmızı ətdən istifadə etmələri məsləhət görülür. Çox miqdarda qırmızı ət yeyənlərin yeməyənlərlə müqayisədə infarkt riski daha yüksəkdir.

2. Qadınların uzun yaşama səbəblərindən biri onlarda 2 X xromosomunun olmasıdır. Kişilərdə cəmi bir X və 1 Y xromosomu var. Qadınlar yaşlılıq və xəstəliklərdən, gendəki ikinci X xromosomunun dəstəkləyici təsiri səbəbindən qoruna bilirlər. Kişilər isə bu lüksə sahib deyillər və belə bir seçim edə bilmirlər.

3. Bəzən siqaret və ya spirtli içkidən istifadə etməsinə baxmayaraq, 100 yaşına qədər yaşamış kişilərlə qarşılaşa bilərsiz. Amma bu, çox nadir hallarda olur. Nəyin kimə, nə qədər zərər verəcəyi hələ bilinmir. Bədəndəki uzun yaşam genləri həqiqətən də çox özəldir və 80 yaşadək yaşamağı təmin edə bilir. Amma digər xəstəlik genləri uzun yaşam genlərinizə neqativ yöndə təsir edə bilir. Bu xəstəlikli genlər X xromosomu sayəsində bəzi xəstəliklərə səbəb ola bilir. Sözügedən vəziyyətdə qadınlarda iki X xromosomunun olması üstünlük olduğu halda, kişilərin nəyə görəsə belə bir şansları yoxdur.

Qadın haqları müdafiəçiləri isə hesab edir ki, bu məsələdə daha fərqli detallar rol oynayır. Bütün ekstremal vəziyyətlərdə birinci qadınlar və uşaqlar xilas edilir.

Qadın olmağımız bizi kişiləri görüşə çağırıb, hesab ödəməkdən çəkindirir.

Həbsxanalarda azadlıqdan məhrum edilən qadınların sayı kişilərdən üç dəfə azdır.

Qadınlar özlərini xoşbəxt hiss etdirməyi bacarırlar. Bəzən bir şopinq, bəzən saç rənglərinin dəyişməsi onları xoşbəxt edir. Qorxmaq qadınlar üçün ayıb sayılmır. Buna görə də özlərini stressə salıb, hisslərini boğmurlar. Yəni onlar stress və depressiyadan daha rahat çıxa bilirlər.

Daha çox pul qazanmaq kimi bir öhdəlikləri də yoxdur. Qadınların kişilərə nisbətən daha ağıllı düşünüb hərəkət edirlər. Maşın sürərkən qadınlar daha diqqətli sürürlər. Yol qəzalarının törədənlərin 77%-ni kişilər təşkil edir.

Qadınlar pulu hara və nə üçün sərf etdiklərini daha yaxşı bilirlər. Ona görə də pulsuz qalaraq bəzi riskləri etmirlər.

Qadınlar daha mübariz olurlar.

Rusiyanın lenta.ru saytında isə ekspert araşdırmalarından ibarət maraqlı dosye hazırlanıb. Dosyeyə görə, qadınlar sağlamlıqlarına qarşı kişilərdən daha diqqətlidirlər. Fizioloji baxımdan daha gücsüz, əzələləri daha az, sümükləri daha zəif olsa da, bioloji olaraq qadınların kişilərdən daha güclü olması da faktdır. İş qəzaları qadınların başına daha az gəlir. Bundan başqa, həyati risk daşıyan əməllərdən uzaq dayanırlar: kəmər taxmadan maşın sürmür, cinsi münasibətlərdə təhlükəsizlik qaydalarına əməl edirlər. Duyğularını kişilərlə müqayisədə daha yaxşı idarə edə bilirlər, uşaqlarına, qohum-qardaşına, yaxın ətrafına münasibətdə daha həssas və insani davranırlar. Bu da onların mənəvi dünyasına daha da çox rahatlıq qatır.

Siqaret çəkmək alkoqol və həddən artıq qida qəbulu kişilərdə daha çox təsadüf etdiyindən onlar arasında ölüm hallarına daha çox rast gəlinir.



Burada fizioloji amillər də var: kişilər arasında ürək damar xəstəliklərinə daha çox rast gəlinir. Bu hormonal faktorla əlaqələndirilir. Yəni qadınlarda olan estrogen hormonu onları ürək problemlərindən daha yaxşı qoruyur, eləcə də estrogen və progesteron hormonları mikrobları məhv edər. Ancaq kişilərdə olan testosteron hormonu belə təsirə malik deyil. Qadınların daha çox yaşaması, həm də psixoloji amillərlə də bağlıdır. Psixoloqların fikrincə, qadınların həddindən artıq emosional olması və işgüzarlığı onların ömürlərinin uzun olmasına kömək edir. Zərif cinsin nümayəndələrinin çox yaşamasının tez-tez ağlamaları ilə əlaqəli olduğu kimi fərziyyələr də var. Qadınlar paylaşmağı sevirlər. Qadınla kişi mübahisə edir, qadın rəfiqəsinə zəng vurub ürəyini boşaldır. Kişi isə bunu içində saxlayır və bu mənfi enerji yeni konfliktlərə, mübahisələrə yol açır.

Psixoloqlar isə məsələyə fərqli rakursdan baxırlar. Ağlamaq, ev işləri görmək, doğramaq, kəsmək və qida məmulatını bişirmək qadınların stressini azaldır.



Amma kişilər passiv həyat tərzi keçirdikləri və rasional tip olduqları üçün o enerjini içlərindən ata bilmirlər. Onlar sevgilərini, yaşantılarını az paylaşırlar. Müsbət enerjini almaqda belə kompleks keçirirlər. Bu da onların sağlamlığına, həyat tərzinə çox ciddi təsir edir. Amma məyus olmağa dəyməz. Çünki nə qədər yaşayacağımız özümüzdən asılıdır. Yetər ki, orqanizmimizi amansızcasına məhv etməklə məşğul olmayaq.(musavat.com)