“Məşhurluğundan asılı olmayaraq vergidən yayınanlar gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşəcəklər”. “Məşhurluğundan asılı olmayaraq vergidən yayınanlar gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşəcəklər”.

Vergidən yayınan müğənnilər məsuliyyətə cəlb ediləcək

“Məşhurluğundan asılı olmayaraq vergidən yayınanlar gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşəcəklər”.

AzNews.az-xəbər verir ki, bunu Vergilər Nazirliyi millət vəkili Rəfael Cəbrayılovun iki gün öncə Milli Məclisdə vergidən yayınanlarla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.



Nazirlik istər müğənnilər, istərsə də şou-biznes fəaliyyəti ilə məşğul olan digər sәnət adamları ilə bağlı müntəzəm olaraq maarifləndirmə və nәzarət tədbirləri keçirildiyini, onlarla müvafiq izahat işlәri aparıldığını, vergidәn yayınanlara xəbərdarlıqlar göndərildiyini deyib: "Lakin həqiqətən də, bu fəaliyyət sahiblərinin vergi öhdəliklərinə tam və könüllü əməletmə səviyyәsi qənaətbəxş hesab oluna bilməz. Büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq belələrinə qarşı müvafiq inzibati tədbirlər görülür. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşəcəklər".

Daşınan və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlərə də nazirlik Vergi Məcəlləsinə əsasən, ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulduğunu vurğulayıb: "Bu sahəyə vergi nəzarətinin artırılması nəticəsində 2014-cü ilin 10 ayında daşınan və daşınmaz əmlakın icarəyə verilməsi üzrə əlaqədar aparılan kameral vergi yoxlamaları nəticəsində əlavə hesablamaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfədən çox, bu vergi ödəyiciləri tərəfindən ödəmə mənbəyində tutulan vergi daxilolmaları isə 46,0 faiz artıb".

Şadlıq evləri ilə bağlı məsələyə gəlincə, bu sahə də daim vergi nəzarətində saxlanıldığı, cari ilin 10 ayı ərzində belə obyektlər tərəfindən dövlət büdcəsinə daxilolamaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artdığı bildirilib:
"Təkcə 2014-cü ilin ötən 10 ayı ərzində aparılan vergi nəzarəti tədbirləri nəticəsində vergidən yayınma hallarına yol vermiş 3786 vergi ödəyicisinin əmlakı siyahıya alınıb, 39 nəfərin ölkədən getmə hüququ məhdudlaşdırılıb. Həmin dövr ərzində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 713 cinayət işi başlanılıb, istintaqı tamamlanmış 93 cinayət işi ilə bağlı 100 nəfər barəsində ittiham aktı aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, 16 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 2014-cü ilin 10 ayı ərzində cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 10 milyon 876,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib".

Qeyd edək ki, iki gün öncə Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rafael Cəbrayılov restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələrinin vergi vermədiklərini və onların gəlirləri ilə ödədikləri vergi arasında fərqin çox olduğunu qeyd edib. R.Cəbrayılov həmçinin Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtının da çatdığını da deyib.

Gültəkin ƏLƏSGƏR
AzNews.az