Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əlibala Nuriyevin AzNews.az-a müsahibəsi Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əlibala Nuriyevin AzNews.az-a müsahibəsi

“Nazir İlyas Əfəndiyevin ruhuna çox böyük hörmətsizlik etdi” - Əməkdar artistdən kəskin ittihamlar

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əlibala Nuriyevin AzNews.az-a müsahibəsi





- Noyabrın 21-də Azərbaycan teatrının ən böyük simalarından biri İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilib. Yubiley mərasimindən razı qaldınızmı?

-Yubiley Heydər Əliyev Sarayında baş tutdu. İlyas Əfəndiyev yaradıcılığından və onun teatrla əlaqəsindən nəhəng-nəhəng kitablar yazmaq olar. Azərbaycan dramaturgiyasında çox böyük şəxsiyyətlər olub. Onlardan Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və başqalarını göstərmək olar. Bu adı çəkilən şəxslərin hər birinin teatrın yaranmasında böyük xidmətləri olub. 20-ci əsrin ikinci yarısından sonra teatr əsasən İlyas Əfəndiyev adına və yaradıcılığına söykəndi. O, teatra 1948-ci ildə "Bahar suları" əsəri ilə gəlib.

- İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında neçə əsəri səhnəyə qoyulub?

- 20-dən yuxarı əsəri Akademik Milli Dram Teatrında qoyulub və böyük aktyor nəsli yetişdirib. Aktyorun yetişməsində dramaturgiyanın böyük rolu var. İlyas Əfəndiyev Azərbaycan teatrına lirik-psixoloji bir məktəb, qeyri-adi plastika gətirdi. İlyas Əfəndiyev Azərbaycan teatrında elə bir dramaturgiyanın bünövrəsini qoydu ki, onun qabağında bəzi dramaturqlar öz zəifliyini, cahilliyini hiss edib geri çəkildilər. Və meydan İlyas Əfəndiyevə verildi. O vaxtı tamam başqa idi, teatr indiki kimi bazar deyildi. Tələbat vardı. Teatrda səhnəyə qoyulan hər əsəri nazir, Mərkəzi Komitənin katibi qəbul edirdi. Bütün Azərbaycanın akademikləri, qabaqcıl ziyalıları, vəzifəli şəxslər, xüsusən də bu sahəyə məsul adamlar hamısı tamaşaların ictimai baxışında iştirak edirdilər. Baxış bəzən 6 saat davam edirdi. Hamı öz fikrini deyirdi. İndi isə hər bir direktor teatrı şəxsi əmlakına çevirib. Bütün teatrlar bu gündədir.

- Bildiyimə görə İlyas Əfəndiyevlə çox yaxşı münasibətləriniz olub. Onunla tanışlığınız haradan başladı?

- Orta məktəbdə. 9-cu sinifdə oxuyurdum. Məktəbdə böyük və etibar olunası şagirdlərə mövzu verilirdi. Mən İlyas Əfəndiyevin "Söyüdlü arx" romanını 9-cu sinifdə aylarla qiraət etmişəm. Onun "Söyüdlü arx"ı bir aktirisanın taleyindən bəhs edir. Tələbəlik illərində isə "Bahar sular"ını oynadıq. 1986-cı ildə Akademik teatrın səhnəsində bir neçə aktyorun- Məlik Dadaşov, Səməndər Rzayev, Hamlet Xanızadə və Əliabbas Qədirovun yaratdığı obrazı mənə verdilər. Rəhmətlik Əliabbas Qədirov xəstələnmişdi. Dedilər ki, səni İlyas Əfəndiyev çağırır. Getdim, o, məni süzdü, dedi ki, "ayağa dur, bir sənə baxım. Danış səsini eşidim". Mən də danışdım. Dedi ki "Bax ha, bu əsas rollardan biridir, sənə etibar etmək olar. Özü də faciə ilə qurtarır". Tamaşada 40-ə qədər aktyor vardı. Tanınan aktyorların hər biri bu tamaşada rol almışdı. İlyas Əfəndiyevin bir xarakteri vardı.

O, teatrda rolların bölgüsünə özü nəzarət edirdi. Hətta onun ikinci dərəcəli rollarına teatrın tanınmış aktyorları düşə bilməzdi. O, tələb edirdi ki, səhnədə rol sənət baxımından yüksək səviyyəli aktyora verilməlidi. Hələ mən onun birinci deyil, ikinci, üçüncü dərəcəli obrazlarını deyirəm. Əsəri oynadıq. 1986-cı il dekabrın 26-sı..."Şeyx Xiyaban"ı oynanıldı. Bütün aktyorlar hamımız baş əyirik, alqış səsindən qulaq tutulur. İlyas Əfəndiyev əlində bir dəstə gül səhnəyə çıxıb o başdan bu başa aktyorları təbrik edə-edə gəldi. Mən də düşündüm ki, o gülü ya Həsənağa Turabova, ya Amaliya xanıma, ya da Fuad Poladova verəcək. Əsas da Həsənağa Turabovu nəzərdə tutmuşam, çünki Şeyx Xiyabanını o, oynayırdı. İlyas müəllim gülü bunların heç birinə vermədi.

-Bəs kimə verdi?

- Mən də yetim kimi kənarda dayanmışam. O, gəldi mənə çatanda əlimi sıxıb gülü verdi. Dedi ki, "təşəkür edirəm".

- Niyə məhz Sizə?

- Mən bunu belə qiymətləndirdim. Orada rol alan aktyorlar 5-6 aydır ki, həmin tamaşada məşq edirdi, mənsə bir ay. Dedim ki, yəqin bunun xidmətidir. Mən gec başladım və başqa teatrdan gəldiyim üçün İlyas Əfəndiyevin məni qiymətləndirdi.
Bir dəfə teatrın foyesində dayanmışdım. İlyas Əfəndiyev içəri girdi. Görüşdüm. Dedi ki, "Firəngiz Mütəllibova hardadır". Dedim bu saat taparam. Səslədim, Firəngiz xanım gəldi, ondan soruşdu ki, "bu necə aktyordur". Firəngiz xanım dedi ki, yaxşı aktyordur. Dedi ki, "Mən buna bir əsər həsr etmişəm. Sən də orda baş rolda oynayacaqsan n - "Tənha iydə ağacı". Amma bu əsərdə oynamaq mənə nəsib olmadı.

-Niyə, rolu vermədilər, yoxsa...

-Bunun səbəbləri var. Teatrda bu gün hökm sürən müəyyən həqiqətlər onda da vardı. Oturmuşdum teatrın truppa müdiri Şahin Cəbrayılovun otağında. Qəflətən İlyas Əfəndiyev girdi içəri. Biz ayağa qalxdıq. O, ucadan qışqıraraq, yapışdı yaxamdan, silkələdi və məni divara vurdu. Dedi ki, ""Sevgililərin cəhənnəmdə vüsalı"nda rolu sən oynamalısan. Sənə görə yuxarıda qırğındayam". Yuxarıda direktorun otağında mübahisə gedir ki, bu rolu kimə verək.

- Həmin vaxtı teatrın direktoru kim idi?

- Mərhum sənətkar Həsənağa Turabov. İlyas əfəndiyev elə bir şəxsiyyət idi ki, bildiyini atasına vermirdi. Onun aktyorla qarşı öz mövqeyi vardı. Truppa müdirinin üstünə qışqırdı ki, pyesi mənə ver. İlyas müəllim pyesi ondan alıb mənə verdi. Dedi "bunu al, bir həftədən sonra məşqə gəlirsən". Dedim ki, İlyas müəllim, əmr vurulmalıdı, həmin siyahı divardan asılmalıdır. Ondan sonra oynayaram. Dedi "ə, mən bilmirəm". Onun qəribə Qarabağ ləhcəsi vardı. "Götür bir həftədən sonra məşqdə ol" - dedi və hisli otaqdan çıxdı. Mən də pyesi truppa müdirinin stolunun üstünə qoydum. Dedim ki, əgər əmr vurularsa oynayaram. İlyas Əfəndiyev ən yüksək səviyyədə Akademik Milli Dram Teatrı həm qoruyub, həm də aktyorlarını sevib. Amma İlyas Əfəndiyev kimi bir şəxsiyyətin 100 illiyində onun əziyyəti və zəhməti olan Akademik Milli Dram Teatrı təhqir olundu.

- Necə yəni, təhqir olundu?

- Bəli. Səbəbini deyim. Əvvəla gecənin hazırlanması bu boyda Akademik milli Dram Teatr dura-dura Gənc Tamaşaçılar Teatrının rejissoru Cənnət Səlimovaya həvalə edilmişdi. Niyə? Hara baxır teatr rəhbərliyi? Bəyəm o, bunu bilməyib? Cənnət xanım rus rejissorudur. İlyas Əfəndiyevin sağlığında onun 22 pyesi Akademik Milli Dram Teatrında oynanılıb. Onun sağlığında nə Gənc Tamaşaçılar Teatrında, nə Rus Dram Teatrında, nə Sumqayıt Teatrında, nə də Şəki Teatrında İlyas Əfəndiyevin bir əsəri tamaşaya qoyulmayıb. Çünki o, bunu qoymazdı. O, ancaq Akademik Milli Dram Teatr üçün yazırdı.

-Maraqlıdır, İlyas Əfəndiyevin yubileyi niyə Cənnət Səlimovaya həvalə edilib? 22 əsəri səhnəsində qoyulan Akademik Milli Dram Teatrının rəhbərliyi də buna niyə göz yumdu?

- Bilmirəm. Bunu ondan soruşun. Akademik teatrın bütün aktyorları oturub, susur, əyalət teatrının tanınmayan aktyorları isə İlyas Əfəndiyevin yubileyində meydan sulayır. Ayıb deyil?! Akademik teatrın bir aktyoru ora dəvət olunmadı. Niyə? Akademik Milli Dram Teatrının yaradıcı kollektivinə bundan böyük təhqir olardı?

-Bəs, belə böyük bir şəxsiyyətin yubileyinə kimlər dəvət olunmuşdu, səhnədə kimlər vardı?

- Tamam başqa aktyorlar... Şəki, Sumqayıt, Gənc Tamaşaçılar və Rus Dram Teatrının aktyorları... Azərbaycanın bütün məmurları hamılıqla həmin gecədə idi. Onlar fikirləşdi ki, gör Azərbaycan teatrı nə gündədir.

- Səbəbkarın oğlu, Baş nazirin müavini Elçin Əfəndiyev də orda idi?

- Bəli, yəqin ki Elçin Əfəndiyev bunu oxuyacaq. Məni tanıyır, onun 1990-cı ildə rəsmi vəkili olmuşam. Deməli, gecədə Gənc Tamaşaçılar Teatrının aktyoru İlyas Əfəndiyevin iki hekayəsini dedi. Biri "Apardı sellər Saranı", ikincisi "Qoca tarzən". Həmin hekayəni mərhum sənətkar Mikayıl Mirzə deyib. Mikayıl Mirzə bu gün ölüb. İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev, sizə deyirəm, Nurədin Mehdixanlı, Əli Nur, Füzuli Hüseynov da ölüb? Adamın əti tökülürdü, o nə hekayə idi, onlar deyirdi. Bəyəm bilmirsiz ki, qızı qucağına alan səhnəsində "Apardı sellər saranı" göz yaşları içində deyilməlidir? Bu, İlyas Əfəndiyevə böyük hörmətsizlik idi. İlyas Əfəndiyevin adı gələndə bugünkü nəsil ayağa qalxır. Amaliya Pənahova İlyas Əfəndiyevin 22 pyesində baş rolda oynayıb. Belə bir aktrisa nə həmin tədbirdə vardı, nə də səhnədə. Buna nə ad verək? Amaliya xanım İlyas Əfəndiyevin ən sevimli aktrisası idi. Hanı o gecədə Amaliya Pənahova? Mən o gecədən çıxanda əsəbimdən əlim əsirdi. Nazirlik bu bərbad yubiley ilə İlyas Əfəndiyevin ruhuna çox böyük hörmətsizlik etdi.

-Gecədə Elçin Əfəndiyev çıxış etdi?

- Yox. Tədbiri Mədəniyyət və Turizm naziri açdı, sonra tamaşa, konsert... beləcə bitdi.

-Bəs Amaliya xanım bu məsələyə necə reaksiya verdi?

-Neynəməlidir? Mənən öldürdülər. Vəssalam. Bu gecə fakt idi.

- Elçin Əfəndiyevin gecəyə təsir gücü yox idi?

-Cənnət Səlimova o gecə sübut elədi ki, ayğır atı çapmaq əvəzinə qarğı atı minib səhnədə firlanmaq lazımdır. Görünür, Azərbaycan teatrına qarğı atı minən aktyorlar lazımdır.

Bahar RÜSTƏMLİ
AzNews.az