Vüsalə Süleymanlı Vüsalə Süleymanlı

QHT- lər, otaqlardan bayıra çıxın

Vüsalə Süleymanlı



Yazıma Ümummilli lider Heydər Əliyevin fikirləri ilə başlamaq istəyirəm: "Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Özünəməxsus adət-ənənələrin, mədəniyyət, ədəbiyyat, ana dili və tarixinin olması hər bir xalqın, millətin ən böyük sərvəti sayılır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib.

Azərbaycan xalqı da bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu qoruyub saxlaya bilib. Bu baxımdan, milli dövlətin formalaşması və onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə uzlaşmasından asılıdır.

Mənəvi dəyər sayılan milli irsimiz əsas qanunumuz olan Konstitusiyamız tərəfindən də mühafizə olunur. Bir çox digər məsələlərlə yanaşı, milli - mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daim diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli - mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib.
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda dünya mədəniyyətinə də öz töhfəsini verməkdədir. Təbii ki bu məsələdə adıçəkilən sahəyə dövlət qayğısının günü-gündən artması da başlıca istiqamətlərdəndir. Adət-ənənələrimizi, milli kulinariyamızı və milli musiqimizi beynəlxalq miqyasda tanıtmaq üçün dövlətimiz bir çox tədbirlər təşkil edir.

Qeyd etmək yerinə düşərdi ki, gənclərimizin milli - mənəvi dəyərlərə bağlılığı təkcə rəsmi sənədlərlə məhdudlaşmır. Burada ictimai qurumların, o cümlədən QHT-lərin də böyük rolu var. Bu baxımdan 2008-ci ildən bəri Şuranın həyata keçirdiyi tədbirlər ictimai qurumlar üçün çox faydalı olmuşdur.

Şurada 2008-ci ildən bu ilə kimi milli - mənəvi dəyərlərimizin təbliği və onların qorunub saxlanması, gələcək nəslə ötürülməsi üçün bir çox təşkilatların layihələrinə maliyyə yardımı ayrılmışdır. Qeyd etmək yerinə düşərdi ki, məhz bu il milli-mənəvi dəyərlərimiz mövzusunda 46 layihə maliyyələşdirilmişdir. Bu layihələr çərçivəsində həm ölkə ərazisində, həm də xarici ölkələrdə böyük tədbirlər təşkil olunmuş, milli - mənəvi dəyərlərimiz haqqında kitablar, bukletlər və s.-lər çap edilmişdir. Həmin nəşrlər təşkil olunan tədbirlərdə iştirakçılara paylanmışdır.

Uzun illərdir ki, QHT-lər tədbirlərini qapalı məkanlarda həyata keçirirlər. Artıq QHT-lər milli - mənəvi dəyərlərimizin gənclər arasında təbliğini orta məktəblərdə yox, ictimaiyyət qarşısında etməlidir. Bu istiqamət üzrə yeni metodlardan istifadə edilməli və qısametrajlı filmlər, TV-lərdə müxtəlif proqramlar hazırlanıb ictimaiyyətə çatdırılmalıdır. Beləliklə də layihələrin davamlılığı, əldə edilən nəticə və nailiyyətlər daha uğurlu olacaqdır. Şura bu il və bundan sonrakı illərdə də məhz bu istiqamət üzrə daha uğurlu layihələrin maliyyələşdirilməsinə üstünlük verəcəkdir. Güman edirəm ki, gələcək illərdə QHT-lər yeni metodlardan istifadə edərək daha maraqlı layihələr həyata keçirəcəklər.

Vüsalə Süleymanlı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi