3 dekabr 3 dekabr

Naşirin gündəliyi - Şahbaz Xuduoğlunun yazısı

3 dekabr



Fəvvarələr bağında 1 aylıq yarmarkaya başladıq. Bu gün çox soyuq oldu. Günortadan sonra bütün işçilər yarmarkadan küsüb getmişdilər. "Biz maaşı alıb xəstəliyə xərcləmək istəmirik".
İsitmə sobası, çaydan, su, çay aldım. İşçilərdən ikisini geri qaytara bildim. Kitabları yığmağa başladıq.
Axşam yağış və çox soyuq olsa da işlədik.
Xüsusi qeyd:
Nərgiz nəşriyyat evinin təşkilatçılığı ilə Fəvvarələr meydanında "İsti ürək, soyuq əllər" adlı Yeni il bazarı keçirilir. Balaca bir evcik də biz götürmüşük.

4 dekabr

Bu gün hava pis olmadı. Amma adam azdır. Ümumi kitablara 20 faiz endirim etsək də satış zəifdir. İki günə yığılmış məbləği Sabir Sadıqova göndərdik. "Səhra", "Qızıl gərdan", "David" və "Qollaf" kitablarını tərcümə edib. Hələ bir ay öncə bu gün qonorar ödəməyi söz vermişdim. Onun da bu günə öncədən planladığı vacib bir işi olmalıydı...

5 Dekabr

Hava yaxşı oldu, amma satış bir o qədər də yox. Həmişə daha çox kitab satılacağını düşünürəm, amma adətən əksinə olur.
Bu gün əlavə iki tərcüməçiyə qonorar ödəməliyik. Bir də yarmarkaya stend düzəldən mebel ustasına. Asəf usta bir stendə 200 manat istəyib, ikisini düzəldib. Bu bir günün kitab satışı deməkdir.
Ustadan xahiş etdim ki, onun zəhmət haqqını 2 günə ödəyərik. Bu gün Nadir bəyə, Fərhad bəyə qonorar ödəməliyik. Fərhad dünən gəlmişdi, dedim, mütləq sabah ödəyərik. Saat 4 radələrində Nadir bəy gəldi, ona 300 manat verməliyik. Kassada 6 manat qaldı, qalan hamısını ona ödədik. Xeyli yüngülləşdim.
Hər dəfə özümdən "birdən düzəldə bilmədik" qorxusunu uzaqlaşdıranda içim azadlıq eşqiylə dolur. Uzaqdan Fərhadı görürəm. Əl edirəm, amma kassada pul yoxdur. Uşaqlara deyirəm, onunla söhbət edin, amma qoymayın uzaqlaşsın. Çay da verin, elə edin, inciyib getməsin, görüm mən nə edirəm...
Kitab satmağa davam edirəm. Stendimizə yaşı 60-ı adlamış ziyalı bir kişi yaxınlaşır. "Sizi tapmaq elə çətindir ki, heç olmasa belə tədbirləri geniş elan edin". "Haqlısız", - deyirəm. "Eşitdim "Qafqazın 12 sirri" çıxıb" dedi. "Əsəd bəyin digər kitablarını da istəyirəm". "Təəssüf hələ nəşr prosesi yekunlaşmayıb, amma uzağı bir aya hazır olacaq", dedim.
Necəsə Çərkəz Qurbanlıdan söz düşdü, "onunla danış, qoy bütün tərcümələrini versin sizə" -dedi. "Bilmirsiz, o rəhmətə gedib", dedim.
O diqqətlə mənə baxıb iki əlini başına çırpdı, uca səslə dedi: "vay dədə, o da ölüb!" Ətrafdakılar diksindi.
Mən onu elə yaxşı anlayıram. Çünki onun ölümünü eşidəndə mən də belə demişdim "Vay!". Belə bir insanın yetişməsinə az vaxt lazım gəlmir, onu yetişdirən mühit, o dövrün insanları, qətrə-qətrə üst-ütə calanan peşəkarıq... gedibsə, onları bərpa etmək olmur. İnsan bina deyil, vallah.
"Mən kitab satıram, bunu heç zaman unutmaq olmaz",- düşünürəm. Qonorarına görə soyuqda bura gəlib və kənardan bir gözü ilə mənim çağırışımı gözləyən tərcüməçini gərək unutmayam. İş başında ünsiyyətim, kədərim, sevincim də çox qısa olmalıdır.
"Mənə yaxşı kitablar ver oxuyum", dedi. "Qafqazın 12 sirri", "Səmərqənd", "Leon Afrikalı", "1984" kitablarını təqdim etdim. Hamısını aldı, Hadidən bir şeir deyib getdi.
Bu arada gənc oxuculardan biri istədi aldığı kitabların üstünü yazım. "Qagqazın 12 sirri"ni götürüb üstünə bu sözləri yazdım.
"Əziz Röyal, Oxu, yaz və paylaş! Xoş arzularla, Şahbaz (05.12.14)"
Uzaqdan bir xanım əl elədi. Hündür boyu və çiyninə dağılmış sarışın saçları onu ətrafdan ayırırdı. Əl verib görüşəndən sonra tanıdım. Niderland səfirinin xanımıydı. Səfirin qonağı olanda kitab haqqında danışmışdıq. "Mənim müxtəlif ölkələrdə yaşayan 5 rəfiqəm və bir azərbaycanlı ailə dostuma, söhbətimizdən sonra düşündüm ki, mütləq bu il kitab hədiyyə edim". İngilis dilində 5 ədəd "Əli və Nino" kitabı aldı. Azərbaycanlı dostuna isə "Qagqazın 12 sirri"ni. Biz 73 manat düzəltdik. Fərhadı çağırdım: "A bəy, görürəm, tələsirsən, çox gözləsən, gərək sənin qonorarın da çox olsun".
"Hə, a bəy, elə 100 olsa yetər bu günlük".
"O düzələr, narahat olma", - dedim.
Olan pulu və yeni "Qanun/ roman" seriyasından çıxan kitabların pulunu da hesablamaq şərti ilə Fərhada verdik.
Bu gün yaxşı gündür, 2 tərcüməçinin xəcalətindən çıxdıq. Sabahkı günümüz çox ağır olacaq, Elşadın qonorarını üçüncü həftədir təxirə salırıq, üstəlik, Yaşar Əsədov neçə dəfə küssə də son görüşdə yalvar-yaxarla yola gətirdim. Bu iki tərcüməçiyə bir az ödəyə bilsəydik, redaktor, korrektor və xaricdə yaşayan tərcüməçilərə keçərdik...

Musavat.com