Çingiz Özgür Çingiz Özgür

20 qəpiklik problem

Çingiz Özgür



"Gənclik" metrosunun çıxışındakı eyni adlı mehmanxana var idi ha…. Hə, bax, o olmayan mehmanxananın qarşısındakı dayanacaqda adam sayı, işdən sonrakı çıxışı vaxtı, "Məhsul" stadionunda, məlum günlərdəki adam sayından çox olar ki, az olmaz. Bizim avtobus, dayanacağa yaxınlaşanda isə, deyirsən bəlkə yenə də o məlum stadionda kimsə "İŞİD"-in bayrağını qaldırıb. Bir qaçaqaç başlayır ki, gəl görəsən. Yox əşi, sözümü yozmayın. Mən siyasətə qarışmıram.

Axşamlar avtobus yolçuluğum oradan başlayır, elə oralarda da qurtarır. Yəni ki, çox da uzağa getmirəm. Amma indi deyəcəklərim o kiçicik yolda gördüyüm hadisələrin az bir hissəsidi. Göstərməyə çalışdığım problemlə bağlı hissəsi.

Keçən gün, bizim avtobus yaxınlaşmaq istədi dayanacağa. Bəli, məhz yaxınlaşmaq istədi. Kimdi imkan verən?! Doluşduq e, nəyi var. Əllicə metr sonra, o boyda nəhəng avtobusun bir tərəfi əyildi. Əyilmək yaxşı sözdü, getdi yapışdı asfalta. Asfaltın da ki, analoqu yoxdu ha, başladı sökülməyə. Sürücünün ta bilmirəm avtobusa, yoxsa asfalta yazığı gəldi, maşını saxladı. Sakit səslə elan elədi ki, "qapılar tərəfdən bir az tökülüşün, amma hamınız düşməyin. Qorxmayın, düzələcək".

"Niyə bir belə adam yığırsan" sualını vermək əbəs idi. Birincisi, o yığmamışdı, biz minnət çəkib doluşmuşduq. İkincisi də, sərnişini 20 qəpik formatında görmək, bizim sürücülərin çoxdankı şakəridi. Bu qardaş isə deyəsən elə bilmişdi biz kütləcə də 20 qəpik ağırlığındayıq. Neyləsinlər e, plan verirlər. Pulu nə qədər az qazansalar da, qoyulan planı verməlidirlər. Demək ki, evə gedən pul azalacaq. Bu halda da, işdəki müdir yalan olacaq, evdəki doğru…

Yenə də keçən dəfələrdən birində, sərnişinlərdən biri düşəndə əvvəl salondakı yol yoldaşına 2-3 dəfə elan elədi ki, yol haqqını verəcək. Sonra da sürücüyə dedi. Düşəndən sonra pəncərədən tanışına boylanıb, müvafiq işarə ilə prosesin baş tutduğunu təsdiqlədi də. Di gəl ki, yol pulu çatan qardaş pul vermədən düşəndə, sürücü pulu tələb etdi. Bir az da qeyri-mədəni formada. Qardaş gözünə döndüyüm, sürücünü çəkib saldı həmən o analoqu olmayan asfalta. Sürücü üst-başını silib təmizləyib özünə gələnə kimi, xeyli vaxt keçdi. Avtobusun yarıdan çoxu boşaldı. Vaxt itkisi, əsəb, stress…

Dəfələrdən birində, orta yaşlı bir qadın arxadan camaatı yara-yara sürücüyə yaxınlaşdı. Mən bu qadını elə avtobusdan tanıyırdım. Gündəlik yol yoldaşı olduğumuzdan bilirdim ki, hələ düşəcəyi yerə xeyli var. Sən demə, yazıq qadının dərdi başqaymış. Çantasından 20 manatlıq çıxarıb sürücüyə uzatdı ki, zəhmət olmasa, pulunuzu çıxın. Sürücümüz başladı, nə başladı…
"Siz elə hamınız beləsiz. Bilərəkdən edirsiz. Pul verməyə canınız çıxır..." və nələr, nələr… Qadın sakitliklə izah etməyə çalışdı ki, olanı odu, di gəl, nə izah, heç tabaşir götürüb lövhədə isbat etsən də sürücü dediyindən qalmırdı. Qalmışdım belə ki, görəsən yol pulunu mən ödəsəm, qadın razı olarmı? Amma ta razılıq gözləmək yeri deyildi. Əlimdəki qəpiyi görən kimi sürücünün "no" düyməsi basıldı. Qadın çarəsiz bir minnətdarlıqla üzümə baxdı. Gözlərimi qaçırmağa çalışdım ki, getdiyi yolun pulunu ödəmək istərkən təhqir edilmiş bir insanın gözlərindəki ifadəni görməyim. Avtobusun pilləkənlərindən enəndə sakit, amma adamın içini titrədən bir səslə beləcə də dedi: "Ondan başqa pulu olan, heç xərcləməsin…"

O gün bir dostumuz yazmışdı. Xırda pulu olmadığından, sürücünün danlağına tuş gəlməsin deyə, evlərinin yanındakı üç dükandan müxtəlif şeylər alıb. Əslində, heç biri lazım deyilmiş ona, məqsəd sadəcə pulu xırdalamaq imiş. Dükanların heç birində xırda olmayıb, əvəzində dostumuz 3 dükana da borclu qalıb. Axırda dərdini açıb danışıb, bu dəfə ona xırda pul veriblər. Borca…

Cəmi 20 qəpiyin yaratdığı problemlərdi bunlar. Dediyim kimi, az bir hissəsini yazıram. Hamınız hər gün rastlaşırsınız. Həlli çox sadədi. Sadədən də sadə. İctimai nəqliyyatda ödənişlər kart sisteminə keçməlidi, vəssalam.

Hərdən evdə nəsə axtaranda gözüm "İstanbul kart"a sataşır. Mənim İstanbul sevgim evdə bu kartda gizlənib sanki. Gözüm sataşan kimi, xəyal məni dünya gözəli o şəhərə aparır. Əlimlə toxunanda sanki boğazın havasını uduram. Xatirə kimi saxlamışam. O boyda meqapolisin, bütün sərnişindaşımalarında ödəmə etməyə bu bircə kart yetir. Şəhər arası qatar da, boğaz gəzintilərindəki gəmilər də, metrobus da, avtobus da qapılarını bu balaca kartla açırdı üzümə. Nəyisə, qayıdaq Bakıya…

Sürücünün plan naminə daha çox adam yığmaq istəyi də, " pulunu verdim düşərsən" davaları da, qəpiyinin yoxluğunun yaratdığı dava-dalaş da bitəcək. Daha nələr, nələr bitəcək, bunları təsəvvür etmək çətin deyil. Avtobus qapılarından sallananda yıxılıb şil-küt olmalar, qarşıdakı sərnişini götürmək üçün, şəhərin ortasında "rally" yarışlarına bənzəyən avtobus idarə etmələri, ötmələr… Çox dərd bitəcək. 20 qəpiklikdən asılı olan, çox böyük problemləri bitirmək bircə qərarla mümkündü. Axı biz çox şey istəmirik…

Lütfən, kiçik problemlərimizi həll edin. Bilirəm, başınız daha böyük problemlərə, hətta ən böyük problemimizə - Qarabağ probleminə qarışıb. Belə xırdaca dərdlər üçün, adam heç işinizdən ayırmaq istəmir sizi. Vəziyyət ciddi olmasa, narahat eləmək istəməzdim. Görüşlər, səfərlər, konfranslar vaxtınızı alır, enerjiniz gedir, bilirəm. Di gəl, bu tərəfdə də bıçaq sümüyə dayanıb axı. Həm də dost var, düşmən var. Ağzıgöyçəklər orda burda danışır ki, belə xırda "20 qəpiklik" problemləri illərdir həll edə bilməyənlər, böyük problemləri necə həll edəcək?


(lent.az)