Niyaz NİFTİYEV Niyaz NİFTİYEV

Oyundan kənar “Qarabağ”

Niyaz NİFTİYEV



Bu günlər Azərbaycanı "Qarabağ" adı altında daha da irəliyə aparacaq növbəti oyunun "heç-heçə"sinin məyusluğunu yaşayırıq. Hamı narahat, narazı, sanki ikili standartların siyasətdən idmana – futbola da sirayət olunmasının acı təcrübəsini yaşayırıq. Dünyanın tanınmış idman mütəxəssisləri "Qarabağ"ın qələbəsini qəbul edərkən, oyunun mütləq - HAKİMİnin qərarına tabe olmaq məcburiyyətindədirlər. Bu qərar nə qədər ədalətsiz olsa belə...

"Qarabağ"ın hər oyununda futbol şəxsən mənim üçün ikinci dərəcə anlamı daşıyır. Bəndəniz də daxil olmaqla "Qarabağ"a dəstək üçün gələn insanların bəlkə də yarıdan çoxu, coğrafi və siyasi Qarabağı dəstəkləyirdi. Olsun, bəlkə də bu dəstəklə biz özümüzdə futbol – azarkeşlik mədəniyyətini formalaşdıra, insanların üzünü meydançalara sarı çevirə bildik. "Qarabağ" FK həm də bu missiyanı – maarifçiliyi yerinə yetirdi.

Bir gün əvvəl bəzi dostlarla Tofiq Bəhramov adına stadionda olduq, komandanın təlim-məşq toplanışını izlədik, klubun vitse-prezidenti Tahir Gözəllə 5 dəqiqəlik söhbət etdik. Narahat idi, bütün Azərbaycandan dəstək istəyirdi. Bu narahatçılığın təkcə futbolla bağlı olmadığını düşündüm, Tahir bəy bizim kimi Qarabağ üçün - bu adı daha da irəliyə apara bilməməkdən ehtiyat edirdi. Amma yenə ümidli idi, məsuliyyətini dərk edirdi.

Əlbəttə narahatçılığının əsası var idi, "İnter" kimi bir komanda ilə üz-üzə gələcəkdilər. Gəldilər də. Gərgin oyunun şahidi olduq. Futbolçularımız gözəl oyun nümayiş etdirdi, əla hücum, möhtəşəm müdafiə taktikası ilə hərəkət etdilər. Bir-neçə dəfə "İnter"in qapısı ağzında gərgin vəziyyət yaratdılar, qapımızın dibində yaranan ağır situasiyadan üzü-ağ çıxdılar, sonda nəticəyə nail oldular, amma hesaba alınmayan nəticəyə...

Bu NƏTİCƏni UEFA qəbul etməsə də, biz xalq olaraq "Qarabağ"ın tarixinə yaza bildik. Mən mütəxəssis deyiləm, oyundan kənar vəziyyətin olub-olmadığını iddia edə bilmərəm, amma insan gördüyünə və qəbul etmək istədiyinə inanar. Biz də gördüyümüzə inandıq və qəbul etdik.