“ABŞ SANKSİYALARDAN, RUSİYA İSƏ KRIMDAN ƏL ÇƏKMƏYƏCƏK” “ABŞ SANKSİYALARDAN, RUSİYA İSƏ KRIMDAN ƏL ÇƏKMƏYƏCƏK”

“ABŞ ən böyük səhvini Qarabağla bağlı etdi” – İkili standart

“ABŞ SANKSİYALARDAN, RUSİYA İSƏ KRIMDAN ƏL ÇƏKMƏYƏCƏK”


"ABŞ-ın siyasətində ikili standartlar özünü göstərir. Düzdür, bir çox siyasətçilər bunu orda yaşayan qaradərililərin günahsız yerə öldürülməsilə bağlayırlar. Ancaq ikili standartlara ən bariz nümunə bu günlərdə ABŞ Konqresində Dağlıq Qarabağ separatçıları qəbul edilməsiydi. Bunun özü anlaşılmazdır. Hesab edirəm ki, bununla ABŞ ən böyük səhvlərindən birini etdi".



Bu sözləri AzNews.az-a açıqlmasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, özünə strateji tərəfdaş sayır, digər tərəfdən isə Azərbaycan torpağını işğal edənləri Konqresdə qəbul edir.

"Ancaq bilirik ki, ABŞ Konqresi və konqresmenləri Dağlıq Qarabağdakı separatçılara qarşı qətiyyətlə çıxış ediblər. Kimin ağlına gələ bilər ki, ABŞ Konqresi Donbas separatçılarını Amerikaya dəvət etsinlər. Bu, mümkün olan şey deyil. Bu faktların özü ikili standartdır. ABŞ Rusiyaya deyir ki, Donbas separatçılarına kömək etməsin, özü isə onları Amerikaya dəvət edir. ABŞ-ın məhz belə addımları onun xarici siyasətinə mənfi təsir edir. O cümlədən, qaradərilərə qarşı münasibət də heç də ürəkaçan deyil. ABŞ insan haqları və demokratiya məsələlərində ön planda olmalıdır. Onlar bu istiqamətə addım atmayan ölkələri tənqid edirlər. Ancaq özləri öz dövlətlərində belə hadisələrin qarşısını ala bilmirlər. Adicə siqaret çəkən bir şəxsi polis boğub öldürürsə və həmin polis sonradan azadlığa buraxılırsa, bunun özü hansı demokratiyadır, - başa düşülmür. Barak Obamanın 6 illik hakimiyyəti dövründə daxili və xarici siyasətində elə bir uğur qazandığını sanmıram. 50 ildən sonra ABŞ Kuba ilə münasibətləri düzəltməyə çalışır. Obama da etiraf etdi ki, Kubaya 50 ildir ki, tətbiq edilən sanksiyalar işə yaramadı. Əslində bu səhvi daha əvvəl düzəltmək olardı. Yəni bütün bunlardan çıxış edərək demək olar ki, ABŞ-ın dünyadakı bu hegemonluğu da getdikcə azala bilər, çünki dünyanın bütün məsələlərilə ilə məşğul olmağa onun enerjisi çatmır", - deyə Elxan Şahinoğlu əlavə edib.


Politoloq ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı Senat tərəfindən qəbul edilən qanun layihəsini imzalamasına da öz münasibətini bildirib:
"Rusiyanın Ukraynaya qarşı siyasəti dəyişməyincə, aydındır ki, ABŞ və Avropa Birliyinə daxil olan ölkələr Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəklər. Fikir verin, Rusiyada iqtisadi vəziyyət getdikcə ağırlaşır, rubl dəyərdən düşür, inflyasiya artır, insanların alıcılıq qabiliyyəti azalır. ABŞ və onun müttəfiqləri də bu nəticəni görərək sanksiyaları daha da sərtləşdirirlər. Ancaq Rusiyada baş verənlərin hamısı bu sanksiyalarla bağlı deyil, çünki neftin qiymətinin aşağı düşməsinin də öz təsiri olub. Rusiya ekspertləri də Rusiyadan iqtisadi böhranın 20-25 faizinin məhz sanksiyalarla bağlı olduğunu deyir. Bunu görən Qərbin də geri addım atmaq fikri yoxdur. Onlar çalışacaqlar ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı siyasətində bir dəyişiklik etsin. Etməyəcəksə, Rusiyada iqtisadi vəziyyət ağırlaşıb ölkə ictimaiyyətini Putinə qarşı qoymağa çalışacaqlar. Putin dünən keçirdiyi mətbuat konfransında maraqlı bir rəqəm səsləndirdi ki, "Rusiyanın hərbi büdcəsi 50 milyarddırsa, ABŞ-ın hərbi büdcəsi bundan 10 dəfə çoxdur". ABŞ-ın artıq gücü çatmır: İraq rejimini devirdilər. Bu ölkədə 100 minlərlə insan həlak oldu. İraq terror yuvasına döndü. Bəlkə də Barak Obamadan sonra ABŞ öz siyasətinə göz gəzdirməli olacaq.
Obama son çıxışlarında maraqlı bir fakt da dedi ki, gələcəkdə ABŞ gərək. öz quru qoşunlarını heç bir ölkəyə göndərməsin. Bu da bir etirafdır ki, ABŞ dünyanın bütün problemlərilə məşğul ola bilmir. Ukrayna məsələsində isə ABŞ və Avropa eyni mövqedən çıxış edir və Krımın işğalını pisləyir və istəmir ki, Rusiya Donbas separatçılarına dəstək versin".


Elxan Şahinoğlu ABŞ-Rusiya münasibətlərinin yaxın vaxtlarda düzələcəyinə inanmadığını vurğulayıb:
"Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Putin Ukrayna məsələsində geri addım atmayacaq. Hətta, onlar Donbas separatçılarına dəstəkdən vaz keçsə də, Krımdan heç vaxt vaz keçməyəcək. Bunu isə Qərb yaxşı bilir. Ona görə də Qərbin sanksiyaları davam edəcək. Bütün bunlara baxmayaraq, istər Qərbin, istərsə də ABŞ-ın Rusiya ilə bir sıra sahələrdə əməkdaşlıqları olub və gələcəkdə də olacaq".


Babək Göyüş
AzNews.az