Dekabrın 20-də Xalq artisti, Dövlət Mükafatı laureatı Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək. Dekabrın 20-də Xalq artisti, Dövlət Mükafatı laureatı Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək.

“Teatr səhnəsindən çıxardılar, institut səhnəsində öldü”

Dekabrın 20-də Xalq artisti, Dövlət Mükafatı laureatı Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək.


Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur mərhum sənətkar haqqında xatirələrini AzNews.az-a bölüşüb.




"Şeyx Nəsrullah" və "Qəmlo"...

"Vaxti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çox tanınmış aktyorları olub. Onlardan biri mərhum sənətkarımız Məlik Dadaşovdur. Bir müddət əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Məlik Dadaşovun 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam verdi. Hazırda həmin yubileyə hazırlıqlar gedir. Məlik Dadaşov Azərbaycan teatrında hamı tərəfindən qəbul olunmuş əfsanəvi aktyor idi. Onun sağlığında çox filmlərdə maraqlı obrazları, teatr səhnəsində uğurlu tamaşaları olub. Buna baxmayaraq o, əsasən bir necə rolları ilə yadda qalıb. Əsasən teatrda "Ölülər" tamaşasında "Şeyx Nəsrullah" və "Axırıncı aşırım" filmində Qəmlo ilə yaddaşlarda iz qoyub".


"Məlik Dadaşova dublyor oldum"

"Onunla mənim tanışlığım 1970-ci illərin axırlarına təsadüf edir. O vaxt Məlik Dadaşovun qardaşı Salman Dadaşov Sumqayıt Teatrının diektoru idi. Həmin illərdə Məlik Dadaşovun ürəyindən keçən silsilə obrazlar vardı ki, onu bəzən Sumqayıt Teatrında oynamaq istəyirdi. Akademik Teatrda tanınmış aktyorlar vardı ki, onlar həm də paralel olaraq Sumqayıt Teatrının səhnəsində obrazlar oynayırdı. Mən Məlik Dadaşovu orada Mərahim Fərzəlibəyovun quruluşunda "Maskara" tamaşasında "Arbine" obrazında gördüm. Həmin tamaşada Məlik Dadaşova dublyor oldum. Biz ikimiz bu tamaşada məşq etdikcə mən ondan çox şey öyrəndim. Hiss edirdim ki, o, istəyir ki, bu rolu ancaq mən oynayım. Həqiqətən də o rolu mən oynadım. Əslində mənim onunla dostluğumuz ordan başladı. Sonra Məlik Dadaşov Nəriman Nərimanovun yüz illiyi ilə bağlı hazırlanan Nəriman Həsənzadənin "Bütün şərq bilsin" tamaşasında Nərimanov rolunda oynadı. Mən onda Məlik Dadaşova dublyor oldum. 1981-ci ildə Moskvada keçirilən Beynəlxalq Teatr Festivalına biz dəvət olunduq. Həmin bu tamaşanı biz orada oynadıq. Həmin vaxtı mən foyedən zala girəndə yaşlı bir qadın qolumdan tutub silkələyərək "Niyə görə siz səhnədə deyilsiniz?" sualını verdi. Mən həmin qadını tanımırdım. Dedim ki, mən necə səhnədə ola bilərəm, Məlik Dadaşova dublyoram. O dedi ki, əgər sən xalq artisinə dublyorsansa, səni bağışlayıram. Sonradan bildim ki, bu qadın SSRİ Teatr Xadimləri İttifaqının tənqidçisi Nina Velfovadır."



Heydər Əliyev: "Yaxşı tamaşalara yaxşı binalarda baxmaq olar"

"Məlik Dadaşov Akademik Milli Dram Teatrında studiya yaratmaq istəyirdi. Orada Şıxəli Qurbanovun "Sənsiz" tamaşası hazırlanırdı. Mən, xalq artisti Valeh Kərimov, Səmayə Sadıqova, Hicran Mehbaliyeva həmin tamaşaya dəvət olunmuşduq. Biz demək olar ki, hər gün Məlik Dadaşovla görüşürdük. Məlik Dadaşovla səhnədə olduğu kimi həyatda da maraqlı insan idi. Həmin vaxtlarda o, Sumqayıt şəhərində keçirilən tədbirlərin hamısında iştirak edirdi. Həmin tədbirlərdə o, "Ölülər" tamaşasından monoloq deyirdi. Bunu tamaşaçılar yüksək səviyyədə qarşılayırdı. Biz Moskvadan qayıdandan sonra 1982-ci ildə Mərkəzi Komitənin rəhbəri Heydər Əliyev həmin tamaşaya baxmaq istədi. 1982-ci ilin martın 22-də biz həmin tamaşanı Akademik Milli Dram Teatrında oynadıq. Sonda Heydər Əliyev səhnəyə çıxdı və tamaşa barəsində uzun-uzadı danışdı. Dedi ki, aizin belə gözəl tamaşanız olduğu halda niyə məni dəvət etmirsiniz? Mən də həmin tamaşada general Şıxlınskini oynayırdım. Dedim ki, yoldaş Əliyev, bizim binamız yoxdur. Heydər Əliyev dedi ki, yaxşı tamaşalara yaxşı binalarda baxmaq olar".



"Məni işdən çıxardılar"

"Məlik Dadaşov həyatda qəribə bir aktyor idi. Biz ona teatrda "dyadya" deyə müraciət edirdik. Hamı ona sənətinə görə hörmət edirdi. Bir misal çəkəcəm. Bir gün Akademik Teatrının bufetinə düşmüşdüm. Baxdım ki, hamı oturub. Məlik Dadaşov isə uzaqda bir küncdə oturub, özü də arxası qapıya sarı. İçəri girib ona salam verdim. Baxdım ki, ilahi bunun gözlərindən yaş sel kimi axır. Dedim ki, "dyadya sənə nə olub? Axı nə üçün ağlayırsan? Əlində də bir "papka" tutub düz gözümün içinə baxaraq dedi: "Məni işdən çıxardılar. Bu gündən etibarən mən teatrdan gedirəm". Mən çox pis vəziyyətə düşdüm. Dedim ki, axı sizi nəyə görə çıxardılar? Sizin kimi aktyor niyə bu teatrdan çıxarılsın ki? Dedi ki, yuxarılar belə lazılığa gəlib. Yuxarıda belə qərar veriblər ki, mən daha burada işləməyim, çıxım gedim. Çox kədərli halda onunla üzbəüz oturdum. İstədim ki, ona az da olsa təskinlik verəm. Amma artıq o da, mən də anlayırdım ki, bu təskinliyin yeri yoxdur. Yəni, olan olmuşdu, artıq təskinlik ona təsir etməyəcəydi. O dedi ki, vaxti ilə Akademik teatrda böyük bir aktyor olub: Kazım Ziya. Onu Azərbaycan, orta Asiya, İran, Türkiyə tanıyır. 6-7 dil bilən Kazım Ziya ilk səhnə danışığı kafedrasının müdiri olub. Məlik Dadaşov həmin anda Kazımzadədən misal çəkdi. Dedi ki, vaxtı ilə Kazım Ziyanı teatrdan çıxardırdılar, onu içəri buraxmırdılar. Kazım Ziya əlində əsa gəlib teatrın qarşısında dayanıb Səməd Mənsurun bir məşhur şeri vardı. "Səni mən sevmiyorom" deyərək teatra müraciət edirdi. Həmin şeri Məlik Dadaşov əzbərdən dedi. Çaşdıq qaldıq. Hamı bir-birinə baxdı ki, bu şer onun yadında necə qalıb? O, bu şeri göz yasının içində dedi. Sonra "papka"sını götürdü və getdi. Mən də onun qoluna girib teatrın qapısına kimi yola saldım".



"Səhnədə yıxıldı və..."

"O teatrdan getsə də biz onu tək buraxmırdıq. Hamımız tez-tez Məlik Dadaşovla görüşə gedirdik. Bizim görüş yerimiz dəniz kənarında çay stolu arxasında olardı. Müəyyən tədbirlər vardı ki, orada bir-birimizi görürdük, görüşürdük. Ondan həqiqətən biz çox şey öyrənirdik. Məlik Dadaşov Akademik Teatrdan sonra Rus Dram Teatrına getdi. Bir müddət orada gözəl obrazlar oynadı, sonra isə teatrın direktoru təyin edildi. O, həm də İncəsənət Universitetinin müəllimi idi. Mən də həmin vaxtı universitetin müəllimlərindən biri idim. Orada dərsdə olanda eşitdim ki, Məlik Dadaşov İncəsənət Universitetinin səhnəsində yıxılıb və onu xəstəxanaya aparıblar. Maraqlananda dedilər ki, Məlik Dadaşov artıq həyatda yoxdur, dünyasını dəyişib. Onun dəfni ilə bağlı vida mərasimi Rəşid Behbudov adına Mahnı teatrında keçirildi. Mənim üçün ağır itki oldu. Məlik Dadaşov kimi əfsanə bir də teatra gəlməyəcək".



"O, prinsipial aktyor idi"

Məlik Dadaşov prinsipial bir aktyor idi. O bütün Zaqafqaziyada sevilirdi. Onu çoxları kinodan tanısalar da qonşu ölkələrdə isə teatr aktyoru kimi daha çox sevilirdi. O, Akademik Teatrın 100 illiyində Moskvada səhnədə Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasında şeyx Nəsrullah obrazında oynayanda teatrsevərlərə qeyri-adi təsir etdi. Bütün mətbuat onun rolundan yazırdı. Buna baxmayaraq, Məlik Dadaşovun həyatında müəyyən hadisələr baş vermişdi. Mən bu baş verənlərə görə, Mərahim Fərzəlibəyovla birlikdə dəfələrlə onlarda olmuşam. Biz heç vaxt gözləməzdik ki, belə bir aktyoru Akademik teatrın səhnəsindən uzaqlaşdırsınlar. Dünyalar qədər sevdiyi teatrın səhnəsindən çıxardılar, institut səhnəsində canını verdi. Bu hadisə insana mistik təsir bağışlayır. Bütün həyatını səhnədə yasayan, səhnəni evi sayan, həyatı bilən aktyor son məqamda mizam göstərəndə yıxılır və orada da həyatına əlvida deyir".



O, 41 filmdə rol alıb...

Qeyd edək ki, Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlib və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.



Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunub. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı olub.
M.Dadaşovun V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda yaratdığı obrazlar bu gün də xatirələrdən silinməyib. Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.

41 filmdə rol alan Məlik Dadaşov 1996-cı il dekabr ayının 3-də vəfat edib.






Bahar RÜSTƏMLİ
AzNews.az