Günel Natiq Günel Natiq

Yaraşıqlı cırtdanım – Hekayə

Günel Natiq




Ailə qədər mürəkkəb bir şey yoxdur. Köhnə vərdişlərinlə halallaşıb təzə "sistemə" uyğunlaşmalısan. Günortaya qədər yatmaq, sonra durub tənbəl-tənbəl televizor izləmək, evdəki ərzaqlarla kifayətlənib "sabah üçün bir şey fikirləşirik" demək, rəfiqələrlə əslində, boş söhbətlərə vaxt sərf etmək, bir sözlə rahat yaşamaq yox.

Bütün qüvvələri səfərbər edib 10 ballıq sistem üzrə mübarizə planı hazırlamalısan. Artıq hər şey plan üzrə getməlidir.

Evliliyimizin ilk günlərində təcrübəsizdim. Kitablarda oxuduğum romantika, gözəl sözlər, incə duyğular, zərif gülümsəmələr, əl-ələ tutub sonsuzluq boyunca yol getmək, güldən-gülə qonmaq... Tfu! Bu arı deyil, balam, adamdı, adam! Şair demiş, "adam balası"! Adam balası nə arıya oxşayır, nə gülə-çiçəyə. Ona qarşı gərək, xüsusi mübarizə metodun ola... Dedim axı, təcrübəsizdim, güldən-gülə qonurdum hələ. Dedim bu ailə görən necə bir şeydi, əvvəl-əvvəl bunun haqqında oxuyum, biliyimi artırım. İnternet çıxardanın atasına rəhmət, görəsən, nənələrimiz, analarımız bu yazıları oxumadan necə arvad olublar, çox maraqlıdır... Bəh! Dünyanın bütün alim-oxuyanları iş-güclərini kənara atıb bu məsələni araşdırıblar ki... "Ailə qadının özünə inamından başlayır". Özünəinamı necə yaratmaq olar? Aha. Yenə qadın gözünə döndüyümün məharətiylə. Qadın baxımlı, gözəl, ağıllı-kamallı, ədəbli, əxlaqlı, evdar, ailəcanlı, uşaqcanlı, qohumcanlı, qonşucanlı, qabiliyyətli, mədəniyyətli, cazibədar, bir sözlə, türklər demiş, dörd dördlük olmalıdır. Hər ehtimala qarşı "kişi necə olmalıdır" bölümünə də bir göz gəzdirdim. Belə bir bölüm heç yoxdur ki... Aha. Kişi elə dörd dördlük yaranıbmış sən demə. Elə Allahın onu yaratdığı kimi qalsa kifayətdir. Rəfiqəm demiş, elə bir nəfəsi getsin-gəlsin, bəs elər. Qadın isə əldən zirək olmalı, dondan- dona girib kişinin həyatını maraqlı və rəngarəng etməyə çalışmalıdır.

Aha. Gözəllik salonlarından başlayırıq. Salona daxil olanda "Antonio ilə Antoniyanın məhəbbəti" serialının son müzakirələri gedirdi. Qadınlar sevimli düşmənlərin məhəbbətinə yanıb-yaxılır, ahıldayıb-ufuldayırdılar, deyəsən, evdəki Antonilər yaddan çıxmışdı. Mən bu arada özümünkünü yada salıb köks ötürdüm. Yox, bu gün bütün Antoniyaları qısqandıracaq qədər gözəl olmalıyam.
-Siz necə bir saç düzümü istəyirsiniz?
-Siz nə məsləhət görürsünüz? Mənim öz istəyim mümkün olduğu qədər gözəl görünməkdir.
Aha. Saç ustasının gözləri işıldayır. Öz bildiyi kimi saçlarımı kəsib düzəldir. Sonra da özünün əl qabiliyyətindən məmnun halda fotokamerasını çıxarıb arxadan və öndən şəklimi çəkir.
Bir az da kosmetika. Aha. Bu gözəlliyi ancaq ləziz bir süfrəylə tamamlamaq olar. Tez evə gəlib son hazırlıq işlərini də edirəm. Ev işlərində ən xırda detal da hünər tələb eləyir. Və son. Mən və masa hazırıq.
...Qapı döyülür. Qaçmaq yox! Nazlı yerişlə qapıya gedib "Əzizim, sənsənmi"?- deyirəm.
-Əşşi mənəm, tez ol görüm! - qapının o tayından "əzizimin" qəzəbli səsi gəlir.
Qapını açıb bir az gözəlliyimin dadını çıxarmaq üçün ona baxıb incə-incə gülümsəyirəm.
-Nə var heykəl kimi durmusan! Çəkilsənə qapıdan!
Ərimin məşhur öldürücü nəzərlərindən birini öz üzərimdə hiss edirəm.
-Hara hazırlaşmısan yenə belə?! Bəri başdan deyirəm, halım-zadım yoxdu, heç yerə gedən deyiləm!
-Əzizim, bu sənin üçündür. Xoşuna gəlmədi?
-Niyə gəlmədi, gəldi. Kəndimizdə bir dəli Dilbər vardı, özüm ölüm ona oxşamısan.
Bir az səbir. Və mən hələ də dalı-dadlı gülümsəyirəm.
-Əynini dəyiş, keçək süfrə başına.
-Az, acından öldük! Bu şamlar nədi belə?
-Romantik axşam üçün!
-Romantikanı o yana çək. Yeməkləri bəri elə. Nə bişirmisən?
- Dolma, toyuq salatı... Nə ürəyin istəyir?
-Mədəmin ağrımayacağı bir şey. Ogünkü romantik yeməyindən sonra səhərə kimi qarın ağrısından yuxuya gedə bilməmişəm.

Son 10 dəqiqəni də belə yola verdik. Ərim laqeydcəsinə dolmaları bir-bir içəri ötürür, hərdən də fısıldayırdı. Nəzərlərini tutmaq istəsəm də, hər dəfə cəhdim uğursuz alınırdı, beləliklə səy göstərməkdən vaz keçib mən də özümü boşluğun ixtiyarına buraxdım.

Ümidlərimin puç olduğu haqqında düşünmək istəmədən xatırlamağa çalışıram. Növbədə nədir? Aha. Romantik film.
-Əzizim romantik film izləyəkmi bir yerdə?
-Bu gün futbol var. Belə maraqlıdırsa, qonşuya keçib Nisə arvadla bax.
Nisə arvadla romantika! Tfu!
-Yaxşı, aç görüm nə var orda-deyə ərim yumşalır.
-Ah necə də gözəl və incə! - mən filmdəki görüntülərdən vəcdə gəlirəm.
-Gözəl olan nədir ki. Başa düşmədim.
-Bax, sevdiyi qadın üçün sürpriz edir, çiçək göndərir...
-Az bu gül-çiçək nə vaxtdan sürpriz oldu?!
-Gözlənilməzdir axı!
-Gözlənilən ya gözlənilməz. Nəticə eynidi. O gül- çiçəyə verəcəyim pula peyin alıb bağçaya tökərəm.
-Nə alarsan?
-Az peyin də. Kartoflar belə getsə məhv olub gedəcək.

Peyin söhbəti planlarımı alt-üst edir. Söhbətin belə məcraya yönələcəyi həmin o gül-çiçək kimi sürpriz oldu lap! Hər şeyə dözmək olar, amma bu peyin söhbəti...

Yox, bu ailə çox mürəkkəb bir şeydi. Təcili strategiya düşünüb tapmalıyam. Aman allah! Ən böyük sevgilər nifrətdən doğur. Görəsən, nifrətimin sevgiyə çevrilməsini gözləmək üçün nə qədər vaxt lazım olacaq?!
Aha, ideya var artıq. Bundan sonra özümü yarımmüdafiəçi kimi hiss etməliyəm. Müdafiədədir, amma hər an hücuma hazır vəziyyətdə.
Eksperimentə səhər yeməyindən başlayıram.
Hər şey hazırdı. Süd yarması, buterbrod, qızarmış çörəklər... Bir ərim əksikdi. Aha, o da gəldi!
Mənə adəti üzrə ötəri nəzər salıb:
-Saçlarını daramamısan? Lap nağıllardakı şirin ifritələrə oxşayırsan!
Aha. Mübarizə planı.
-Sağ ol yaraşıqlı cırtdanım!
Ərim dönüb mənə elə baxdı ki, az qala tövbə edib mövqeyimdən geri çəkiləcəkdim. Amma ailəmi qorumaq üçün hər şeyə hazıram artıq.
-Bu sabah sən məndən tez durub sevimli Çarli Çaplin yerişinlə qapıya sarı gedəndə, arxadan sənin çəlimsiz, cılız bədəninə baxıb dünyanın heç bir yaraşıqlı kişisi mənim ərimin əlinə su tökə bilməz deyə düşünürdüm! Mənim əziz cırtdanım!
Ərim boğazını arıtladı və öldürücü nəzərlərini üzümdən çəkib qənşərindəki boşqaba tuşladı:
-Bu yarmanın şəkəri çox olub, bir az diqqətli ola bilərdin.
-Əzizim, yarma bişirəndə sənin haqqında düşünürdüm və hislərimin üstünə o qədər şəkər tökdüm, tökdüm ki, belə oldu…- deyib elə mannı şəkəri qədər şirin bir təbəssümlə gülümsündüm.
Ərim nə deyəcəyini bilmədən:
-Gələn dəfə şəkər tökməsən də olar, -deyə mızıldanıb qapıya yönəldi.
Yarımmüdafiəçi mövqeyimi unudub hücumçu kimi irəli atılıram. Sevimli düşmənin qapısını sona kimi fəth etmək lazımdır! Qələbə topunu əlimdən artıq kimsə ala bilməz!
-Bir bilsən, mən hər gün bizim üçün necə dua edirəm. Nə yaxşı ki, mən sənə rast gəlmişəm! Axı hər şey daha dəhşətli ola bilərdi! Daha böyük fəlakətlər ola bilərdi! Məsələn, zəlzələ ola bilərdi, ya Allah qorusun, sunami. Ya qəzaya uğraya bilərdim. Ah əzizim, yaxşı ki, mən məhz sənə rast gəlmişəm!..

Bəli, ailə mürəkkəb bir şeydi. Adi yalın əllərlə heç nə etmək olmaz. Bir taktikan, strategiyan, sursatın olmalıdır. Və hücumçu da olmasa, ən azından yarımmüdafiəçi mövqeyi.
Onun öldürücü baxışlarının altında "hər şey daha da pis ola bilərdi" deyə düşünüb, şirin-şirin gülümsəməlisən. İşdir, telefonuna sevgi, mesajları gələndə və o, bunu ört-basdır etmək üçün min cür yalan uyduranda, sən onun gözlərinin içinə baxıb: "Ah əzizim, sən necə də gözəl yalançısan! Təkcə mən deyil, ətrafındakı bütün qadınlar səni sevdiyimiz üçün necə də şanslıyıq! Və sən təkcə məni deyil, bütün bu qadınları sevə bildiyin və hər birinə vaxt ayıra bildiyin üçün səninlə qürur duyuram! Sənin evə gec gəlmək üçün gətirdiyin bəhanələrin, uydurmaların necə də dahiyanə düşünülüb! Mənim nifrətim belə necə də gözəldir!
Sənə nifrət etmək belə xoşdur"! Və s. və i.

Ailə mürəkkəb bir şeydi. Mütləq öz taktikan, strategiyan, sursatın olmalıdı...
Və hər şey plan üzrə getməlidir.