Nifrət saxtakarlığı - Elçin Zahiroğlu


Dünən ölkədə bir manatın söhbətini etdilər. "Xəzər"dəki müğənni-aparıcı bacıların yersiz "hissə qapılma"ları hamının "dövlətçi damarı"na toxundu - yekə-yekə kişilər işə qarışdı, millət vəkilləri coşdu...
Axırda da düşük müğənni bacılar cəzalandı, TV üzr istədi.


Televiziyalarla bağlı istənilən tənqid, tənbeh və cəza tədbirləri adamın ürəyindən tikan çıxarsa da, dünənki həngamə elə kanallarda hazırlanan proqramlar kimi bəsit, əttökən və bayağı idi.


Əlbəttə, aparıcıların cırdığı milli valyutamızdır, atributumuzdur... Hətta istəsək, onu qeyrətimiz, namusumuz, yaşam qarantımız, papağımız da adlandıra və bunu isbatlaya bilərik... Amma bu sadaladığımız "əşhədü varlığımız" təkcə o gənc qızların cırdığı pul deyil, həm də məlum nazirlərimizin, məşum oliqarxlarımızın doğmalarının toylarında "paçka-paçka" tikələdiyi, yerə səpələdiyi "dövlət simvolu"muzdur... O həm də, yollarda, körpülərdə, binaların üzlüyündə, kasıblardan "çırpışdırılan" yerlərdə ucaldılan, yalnız gözətçilərin yaşadığı saraylarda, bəhsə-bəhs tikilən restoranlarda faciəvi israfçılıqla göyə sovrulan "atribut"umuzdur.
O həm də namus üstündə cəza çəkən xanımı həbsxanada zorlatdıran, sonra doğuzduran, daha sonra da mətbuatda fahişə olduğunu yazdıran "dəyərimiz"dir...


Bəli, pul həm də bu işlər üçün istifadə edilə bilirsə, onun cırılmasına görə təşvişə düşməyimiz artıq deyilmi? Yox əgər, məsələyə faktaloji yanaşırıqsa, yəni pulun məhz cırılması milli heysiyyət sayılırsa, onda nazir arvadlarının uzun dikdabanları altında cırılan, sonra da süpürgəylə kisələrə yığılan pullara görə də kimsə üzür istəməli, cəzalanmalı, qamçılanmalıdır.

Problemi başqa rakursdan araşdırsaq, əlbəttə, belə bir əcaib hadisənin MAVİ ekranlarda baş verməsinə də etiraz etməyə bilmərəm. Amma burda başqa ƏMMA var. Guya bu ekranlarda dəyər hesab olunan nələr cırılmayıb ki? Bu televiziyalar elə bir "zon"du ki, hələm-hələm DƏYƏR oradan salamat çıxmır. Baxın, patriotların əsas kişi "qəhrəmanı" – "MİLLİ DƏYƏR", "ADƏT-ƏNƏNƏ", "TARİXİ ŞƏXSİYYƏTLƏR" bu TRİBUNAdan alçaldılıbmi? - Alçaldılıb. Manıslar, cinsi bilinməyən məxluqlar, axmaq-axmaq danışan, savadı, əxlaqı, heç bir müsbət cəhəti olmayan "ulduzları" nümunəvi şəxslər kimi təqdim etməklə köhnə kişiləri infarkt ediblərmi? – Ediblər. Analoqu olmayan şou, beyni deşən zövqsüz musiqi, məzmunsuz verilişlərlə təhsil, səhiyə, vətənpərvər ruhlu proqramların intizarında olanların ürəyinə dağ çəkməyiblərmi? – Çəkiblər. Bəs onda birdən - birə niyə həyəcanlanmışıq? Hər şeyin cırıq-cırıq olduğu vaxtda biz nəyin peşindəyik? Sevginin saxtası olur, bilirəm. Nifrətindəmi saxtasını qondardıq. Bəli, 1 manat cıran əkizlərə nifrətimiz saxta görünür. Hər yerdən, hər gözdən baxanda belə.