İbrahim Rüstəmov İbrahim Rüstəmov

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL...

İbrahim Rüstəmov



Səhərdir. Evimə zəng gəlir. Cavab verirəm. Dəstəyin o biri tərəfindən yaxın dostumun həyəcan dolu səsi eşidilir:

-Sən, bütün bunları hardan bilirdin...

***
Bu barədə üç-dörd gün qabaq danışmışdıq, daha doğrusu, məndən erməni tərəfinin azərbaycanlı diversantlarla bağlı yaydığı davamlı dezinformasiyalara şərh istəmişdi. Öz aramızda, adi dialoqlarla müşahidə olunan söhbət zamanı narahatlığımı ifadə etdim: "Düzdür, ermənilərin məlumatları həqiqətə söykənmir, amma ən qısa müddətdə cəbhədə itkilərimiz olacaq".

Xeyr! Bu öncəgörmə deyildi! Sadə məntiqin, mürəkkəb additiv informasiya qanunun həyatımızdakı real və kədərli inikası idi.

***

Mən bu məqaləmi dostumla söhbətdən həmən sonra, həlak olan hərbi qulluqçularımızın sağlığında yazmışdım. Onları qorumaq üçün...

Təəssüf, gecikdim! Günahkaram!

İndi təsəllimi yalnız bu yazını (ən zəruri redaktələrdən sonra) onların müqəddəs ruhuna ithaf etməkdə tapmıram, həm də günahlarımın bağışlanmasına ümid bağlayıram. Bundan artığına gücüm çatmır...

***

Müasir informasiya texnologiyalarının inkişafı ilə kütləvi intellektual göstəricilər arasındakı qeyri-mütənasiblik "piyada və atlı" anlamına qədər (bəlkə bir az ondan da artıq) - təzadlı və kritik həddədək böyüyüb. Mövqe fərqləri ilə müşahidə olunan ölüm-dirim savaşı leqal qarşılıqlı anlaşma statusunun liberal qarşılıqlı təzadlara məğlubiyyətlə nəticələnib.

İkincinin təmiz qələbəsi özünü çox gözlətməyib: hər hansı fikrin ifadəsi zamanı dünya güclərinin səs tembrində müşahidə olunan qabarıq dəyişiklik artıq təbii qarşılanır.
Əslində isə müxtəlif yüksəklikdə qərarlaşan, amma ən yaxın mövqeləri bölüşən eyni adlı səslər arasındakı interval bir-neçə oktava artıb.
Lakin bu, son deyil...

***

Soyuq müharibə, onsuz da, hələ tam formalaşmayan qanunlarını tez-tez ya dəyişir, ya da ciddi redaktələrlə təqdim edir. İndi o, zərbəni (yaxud əks-zərbəni) ən müasir silahlarla yüklənmiş peşəkar əsgərlərin, düşünən "canlı" texnikaların müşahidəsi ilə endirir.
Fikir verin, Ukrayna cəbhəsində Rusiya özünü analoqu olmayan hərbi texnologiyalarla sığortalayır:

- "Xinqan" - bütün elektrik batareyalarını uzaqdan-uzağa sıradan çıxarır;

- "Altair" - radarların, RLS-lərin istifadəsini mümkünsüzləşdirir;

- "Rtut" - mərmiləri havada idarə edir, hədəfdən yayındırır;

- "Kosuxa", "Avtobaza" sistemləri pilotsuz təyyarələrin kodunu asanlıqla qırır...


Və bu zaman əsas söz sahibinin niyyəti, adətən, birinci şəxsin təkində ifadə olunur; 2-ci, 3-cü, hətta 4-cü... şəxslər tribunaya yalnız epizodik hallarda yaxınlaşır.
İnformasiyanın eyni anda ən müxtəlif, ən ucqar məkan və məntiqi bölüşməsi onun hüdüdsuz təsir radiusunu və imkanlarını stimullaşdırır. Bu, iddiaların açıq şəkildə diktəsi deməkdir: yəni, mən sərhəd tanımıram!..

Dinamiklik – çevik mövqe manevrləri əsl həqiqətə doğru uzanan yolu ya sərtləşdirir, ya da tamamilə keçilməz edir, birdəfəlik qapayır.

Ancaq bu da son deyil...


***
İnformasiya siyasətinin əsas xarakterik xüsusiyyəti yalnız kosmik sürətlə - dinamika ilə məhdudlaşmır. Bu xüsusda o, bərkimiş mövqeyini, həm də elastikliklə, özü də eyni statusda paylaşır:

- informasiya heç vaxt göründüyü kimi olmur;
- informasiya heç vaxt olduğu kimi görünmür;
- informasiya – (enerjidir) heç vaxt "ölmür", yalnız bir şəkildən başqa şəklə düşür.


Və öz missiyasını əsasən birinci variantda - eşidildiyi, qəbul olunduğu və şüuraltında mövqe tutduğu ilk anda daha dolğun şəkildə yerinə yetirir; hətta biz onu unutduğumuz zaman elə ilk fürsətdəcə "dirilir", davranışımızı, ifadə formalarımızı, mövqeyimizi müəyyənləşdirir və ciddi nəzarət altında saxlayır.

Bir sözlə, informasiya bizə əmrlər, göstərişlər verir və hədəflərimizi tanıdır!

Çünki informasiya yalnız idarə olunmur; o, həm də idarə edir...

***

İnformasiya, daha çox "onu dünyaya gətirən", yaxud hamıdan öndə qarşılayan şəxsə - obyektə yenilir və bu zaman birinci və (çox vaxt) sonuncu dəfə xarakterinə "xəyanət" edir: görünməmiş itaətkarlıq sərgiləyir.

Yəni kosmik sürətinə, dinamikasına, sərtliyinə və nəhayət, elastikliyinə baxmayaraq, o, hamıdan və hər şeydən çox ilk qarşılaşdığı şəxsi tanıyır və həmin obyektin ağlına, xarakterinə, çevik düşüncə tərzinə müvafiq şəkildə "formalaşır", inikas edir, müqavimət göstərir, mübarizə aparır.

İnformasiya – öz sahibinin itaətkar qulu, peşəkar döyüşçüsü, sədaqətli sərkərdəsidir...

İnformasiya – öz sahibinin siması və tribunasıdır...


***

Bütün bunlar, informasiya uğrunda mübarizəni daha da qloballaşdırır. Diqqət! Yalan, iftira, ikiüzlülük, şər-böhtan üzərində qurulan informasiya səltənəti özünü artıq doğrultmur.
Maddiyyata söykənən, yaxud maddiyatla alınan "ömür", sığortalanan mövqe, qazanılan şans kulminasiya nöqtəsində bütün maskaların yırtılması, aşılanması ilə tənəzzülə uğrayır:
Yalan, iftira, ikiüzlülük, şər-böhtan üzərində qurulan informasiya səltənəti finişdə elə öz sahibinin üstünə uçur, elə öz sahibinin qatilinə çevrilir. Çünki müqavimətə davam gətirmək zorunda deyil!

Yəni informasiyanı bərkimiş immun sisteminə malik etibarlı silaha çevirmək niyyətində bulunanlar, nələrini istəyirlərsə verə bilərlər, bircə yalana, iftiraya, ikiüzlülüyə, şərə-böhtana meydan verməməlidirlər.

İnformasiya yalnız iki halda yaşamaq hüququ qazanır: o, ya həqiqəti əks etdirməlidir, ya da həqiqətlə "döyüş"də müqavimətə davamlı arqumentlərlə "silahlanmalıdır".

***
Heç bir informasiya havadan yaranmır. O molekula – atomlardan ibarət mikrohissəcikdir, amma özündə materialın bütün xassələrini ifadə edir.

Yəni, formalaşdığı ilk gündən şüurlu şəkildə "düşünən" hüceyrə qısa zaman kəsiyində zəruri təyinatları rüşeymə ötürür: hər bir informasiya bizə, gələcəkdə baş verməsi ehtimal olunan hadisələrin ilk anonsunu çatdırır.

Nəhayət, sonda adi bir misal: sözlər səslərdən ibarətdir, elə deyilmi. Biz onları səs-səs, yəni hərf-hərf yazırıq; sonra səs-səs, hərf-hərf yazdığımız sözləri oxuyuruq və bununla kodları "sındırmış" oluruq. Yəni, informasiya həm səs, həm də rəqəm şəklində deşifrəyə meyllidir.
Bütün bunların arxasına isə, mürəkkəb additiv informasiya qanunu ilə yanaşı, həm də informasiyanın axtarışı və qorunması nəzəriyyəsi, o cümlədən ikili say sistemi kimi nəhəng riyazi bloklar dayanır.

Çəkini, məsafəni, vaxtı, miqdarı rəqəmlərin vasitəsilə ifadə etmək mümkün olduğu kimi, informasiyanın yükünü də rəqəmlərlə müəyyənləşdirmək gerçək həqiqətdir.

***
Ona görə də son vaxtlar guya azərbaycanlı diversantların cəbhə xəttini keçməsi kimi uydurulmuş saxta erməni məlumatları qulaqardına vurulmamalı, adekvat münasibətlə, düşünülmüş güclü əks-təsirlə qarşılanmalıdır. Bu məlumatlara ironiya və sarkazımla yanaşmaq bütün hallarda təhlükəlidir. Çünki onların hər biri məqsədli şəkildə yaranır və gələcəkdə baş verə biləcək hadisələrin əsas bazası rolunu oynayır. 1990-cı illərin əvvəllərində yaşanmış uğursuz təcrübəni və onun acı nəticələrini nə tez unutduq!

Mən başa düşürəm, heç kim bacardığından artığını edə bilməz. Amma söhbət dövlətimizin, xalqımızın milli təhlükəsizliyindən gedəndə güzəştə yer qalmır...


İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
Prezident təqaüdçüsü,
ehtiyatda olan polkovnik-leytenant


P.S. Doğrusu, bu gün də narahatam. Narahatlığımı isə hələlik yalnız ümumi qaydada ifadə edirəm və Müdafiə Nazirliyinin mətbuat xidmətindən sadəcə, özüm üçün kiçik bir arayış istəyirəm: lütfən, məlum hadisələrlə bağlı yaydığınız son rəsmi məlumatda yer alan "eybəcər erməni təxribatı" ifadəsinə aydınlıq gətirin ki, sonradan baş verəcək hər hansı "göyçək erməni təxribatı" ilə bağlı təsəvvürlərimi formalaşdırmaq imkanım olsun.

Bilirəm, elə bunun özü də bəzi bədxahlarımı yenidən "hərəkətə" gətirəcək.
Mənə qarşı əsl varvar kimi davrananlar Müdafiə Nazirliyi ilə aramızda sədd çəkdiklərini düşünməsinlər. Bizim problemimiz yoxdur. Peşəkar hərbçi kimi son nəfəsədək ordumuzun yanında olmaq vətəndaşlıq borcumdursa, müvazinətimi saxlamaq, həmişə formada görünmək həyatımın fəlsəfəsidir.

Dediklərimin və yazdıqlarımın arxasında imzam dayanır: "Mənim Ali Baş Komandanım", "Qraçik Muradyana açıq məktub", "Vurulmuş düşmən helikopteri və biz", "Serj Sarkisyanın heç yerdə görmədiyiniz portreti, yaxud yas yerindən reportaj", "Gvorkyanlar ailəsinin sirri və çağdaş mediamız"...

Bəsdirmi? Sıranı artıra da bilərəm. Bunlar əsgəri olduğum dövlətə və xalqa sonsuz sədaqətimin, inamımın ifadəsidir.

Ancaq bəzi mədəniyyətdən dəm vuranların mədəniyyətdən, əxlaqdan danışanların əxlaqdan, peşəkarlıqdan "dərs" keçənlərin peşəkarlıqdan kənar hərəkətləri, inanın, milli təhlükəsizliyimizə real təhdiddir.

Belələlərinə məsləhətim var: lütfən, abırlı olun və ləyaqətli insanlara çamur atmayın. Hamıya özünüz kimi qiymət verdiyiniz yetər!

Təqdimatınıza ehtiyacımız yoxdur.
Çünki siz heç özünüzü tanımırsınız!..