Faiq Balabəyli Faiq Balabəyli

Yanında üzüqarayam...

Faiq Balabəyli



Ehmalca ayağa qalxdı. Otağın qapısını açıb çölə çıxdı. Heç bir dəqiqə də keçməmiş qucağında odun parçaları içəri daxil oldu. Təngnəfəsdi. Sinəsi körük kimi qalxıb enirdi:

- Axşam soyuq olacaq, indidən qoyum pıçın yanına.

Bala, niyə belə beinsafsız?

Odun sobasına "pıç" deyir bizim tərəflərin yaşlı qadınları. Yerini rahlayır. Oturmaq istəyir. Kömək edirəm. Qoluna girib ehmalca oturduram. Boyunu yuxarı "dartır". Otura-otura üzümdən öpür. Heç yarım saat deyil gəlməyim, neçənci dəfədir öpür. Kəpənək kimi sifətimə qonan öpüşlərinin qopduğu dodaqları qurudur. Amma istidir. Üzümə toxunan üzünün qanı qaçıb sanki, qırışlı dərisi yum-yumşaqdır. Əlləri isə kotana oxşayır. Ovcumun içinə alıram. Yox, yumşaqdır. Amma arxada qalan illərin yaşatdığı əzabdan hər iki əlinin barmaqları donqarlanmış kimidir. Barmaqlar içəri qatlanıb, daraqlanıb sanki...

Heç olmasa yuxuma, gəlin

- Bala, niyə belə beinsafsız? Heç olmasa yuxuma gəlin. Hər gecə yatanda arzu edirəm ki, yuxuma gələsiz...

Bunları çay süzə-süzə deyir. Maşanı sobanın üstünə qoyur. Süfrəni isə bayaqdan sərib yerə. Oturacağım yerə iki nalçanı üst-üstə qoyub, bir balışı isə divara söykəyib ki, kürəklənə bilim. Səliqə ilə doğranmış təndir çörəyini qızartmaq üçün maşanın üstünə yığır. Yenə də ağır-ağır ayağa qalxır. Yan otağa keçir. Bura onun saxlanc yeridir. Nimçədə motal pendiri gətirir. Süfrənin üstünə qoyur.

- Bardaş qura bilmirsən, dizin üstə otur. Rahat ol. Ya da ayaqlarını uzat. İstəmirəm stulda oturasan. Siz stulda oturmağa başlayandan hər şeydən uzaq olduz, sonra da kənd–kəsəkdən çıxdız...

Qulağımda isə hələ də "Heç olmasa yuxuma, gəlin" sözləri "qıvrılır". Çox illər qabaq mən həbsdə olanda da bu sözü demişdi. Görüş otağında xeyli gözlərimin içinə baxıb, birdən dillənmişdi:

- Bala, yuxuma niyə gəlmirsən?

Şeir yazmışdım:

"Gecələr yuxuna gəlmirəm, anam,
Mən sənin yanında üzüqarayam..."


Çox incitmişik onu, bilirəm. Böyüməyimiz, hər birimizin bir yuva qurmağımız onu sevindirdiyi qədər də qayğılandırıb; üstümüz açıq qalmır ki yatanda? Yeməyimiz necədir, sınıxmamışıq ki? Xəstə deyilik ki?

Qardaşların birdən-birə yoxa çıxdılar

Mən həbs olunduğum gün birdən-birə ürəyi çırpınıb.

- Elə bildim, ürəyim quş kimi "pırr" eləyib uçacaq, tez əlimi sinəmə atdım, yaxamı bərk-bərk sıxdım, gördüm yox, dayanmır, tez keçdim daldaya, yaxama baxdım, yox, sinəm parçalanmamışdı, amma nəsə olmuşdu, bilirdim. Səni güman etməzdim, qardaşlarını fikirləşdim. Voyennidilər axı, dava-dalaşda olurlar, o birisi də daima yollardadır. Helə səni fikirləşdim, kaş burda olaydın, sənə deyəydim narahatlığımı. Sən axı iki dəqiqəyə hamısı ilə danışdıracaqdın məni. Demə, qardaşların bilirmiş... İki gündən sonra gəlinlər dedi mənə. Qardaşların birdən-birə yoxa çıxdılar kənddən, - deyirdi o ərəfədə.

- Gecə niyə gəldin ki? Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, bala. Gecəyə salma özünü. Bilirəm, işin çoxdur... Neyniyəsən...

Sonra da əlimi ovcunun içinə alır. Sığallayır:

- Qardaşlarundan nə xəbər? Gedib dəyirsən? Heç zəng də eləmirlər... - sonra qızdırılmış çörək dilimini qarşıma qoyur. - Ye, yol gəlibsən. Axşamdan yemək qalıb, qızdırım?

Qalxmaq istəyir, imkan vermirəm:

- Toxam, elə bir az isti çörəklə pendir yeyərəm, - deyirəm.

Kənddən danışır. Yaxın qohumlardan başlayır, ta kəndin o başında yaşayan, qohum olmayan, bizə simsar olanlara qədər. Deyə bilmirəm ki, bütün bunları bilirəm. Mobil telefonla, sosial şəbəkə ilə çox adamla əlaqəm olur.

İndiki qızlar televizordakılar kimi yaşamaq istəyirlər

O isə danışır: kim ölüb, kim qalıb, kimin qızı dədəsinin üzünə ağ olub, elçilərə "yox" deyib, guya ki öz istədikləri var...

- Məni gəlib dədənə alanda həyətdə uşaqlarla oynayırdım. Dədən ipək kimi kişi idi, bala. İndiki qızlar televizordakılar kimi yaşamaq istəyirlər. Ərə gedirlər, siçan balası kimi bu boyda uşaq doğub qoyurlar ovuclarına... 9 uşaq doğmuşam e...

Oturduğumuz otaqdan qapısı açıq olan yataq otağına nəzər salıram. Üç çarpayı var. Stolun üstündə televizor, ətrafında dörd stul, gəlin gələndə gətirdiyi şifoner və sonradan alınan mebellər, qab-qacaq yığılan dolab və divarda asılan portretlər. 24 yaşında Böyük Vətən müharibəsində həlak olmuş qayınının - əmim Qurbanın, qardaşlarımın və özünün toyları olanda atamla birgə çəkdirdikləri şəklin böyüdülmüş surəti divara asılmış xalçanın üstündədir. Və ayrı şəkillər...

Məni elə burdan götürərsiz, mərəkəmi də burda qurarsız

Otağa nəzər saldığımı görür:

- Yuxarı çıxa bilmirəm, ayaqlarım ağrıyır. Bura rahatdır mənə, gecə də həyətə zada düşürəm, qapı-bacaya baxıram... Bala, məni elə burdan götürərsiz, mərəkəmi də burda qurarsız. Uşağın tikdiyi təzə evdə göz yaşı axıdılmasın. Burda özümü yaxşı hiss edirəm.

Sifətinə baxıram, dinmirəm, vəsiyyət edir, ürəyim dolub, içimdə qaynayan yaşın qarşısına bənd vurmuşam, imkan vermirəm göz yaşına dönsün.

- İstəyirsən, sənə yuxarıda yer salsınlar, orda yat.

Bilirəm ki, özü də bunu istəmir.

-Yox, - deyirəm, - burda rahat yatıram.

- Bala, niyə yatmırsan gecələr? Hər dəfə gələndə yerində qıvrılırsan, zarıyırsan, bir yerin ağrımır ki?..

Ayağa durur, yenə də yan otağa keçir. Selofon paketlər əlində geri qayıdır.

- Bunları sənin üçün qurutmuşam, de, dəmləsinlər, iç. Özüm də bundan içirəm. Acı olmağına baxma...

Uşaqlarla bir-bir maraqlanır. Qardaşım balalarını soruşur.

- Danışıram, yaxşıdırlar, sənə zəng vururlar ki...

- Get, xəbər tut. Zəng eləmə, get, özün gör.

- Yaxşı, - deyirəm.

Deyirdim ki, səni vətən xaini çıxaracaqlar


- Sən həmişə fağır olubsan. Səndən böyük qardaşın nə edirdisə, atırdı sənin boynuna. Sən də dinmirdin. Hirssdəşirdim, vururdum səni, deyirdim, denən ki, mən eləməmişəm. Sən elə gözünü döyüb baxırdın.

Yadına xatirələrini salır. Gülür:

- Həmişə deyirdim ki, səni vətən xaini çıxaracaqlar....

Gənclik illərinin yaddaşında qalan xof idi. Vətən xaini adı ilə gedənlər geri qayıtmazdı axı. Ağır ittiham idi. Elə bu gün də ağır ittihamdır. Amma onun siyasi baxışları da var.

- Ehtiyatlı ol, bala. Tülkü tülkülüyünü sübut edincə dərisini boynundan çıxarırlar. Dovşana qaç, tazıya tut deyənlər o qədər çoxalıb ki...

Stəkanıma çay süzür. Əli ilə süfrənin qırağını qatlayıb sığallayır:

- Amma ovçunun tazısı varsa, dovşanın da Allahı var, bala. Gördün səni tutanları Allah neynədi? Tarı kişinin ətəyi də böyükdür, qəzəbi də...

Allah onun səsini eşitmişdi

Yadımdan çıxmır, məhkəməmdə "etdiyim cinayət əməli" sübut olunmasa da, prokuror mənim 5 il azadlıqdan məhrum olunmamı istədi. Onda qohum-əqrəbanın uğultulu səsindən onun naləsini, üzünü göyə tutub ah çəkməsini eşitdim təkcə:

- Allah balamı əlimdən alanın, balasını əlindən alsın...

Allah onun səsini eşitmişdi.

Pendiri çörəyin arasına qoyub iştahayla yeyirəm. Elə həvəslə baxır ki...

Dizlərim ağrıyır, ayaqlarımı uzadıram. Əlini aparıb ayaq barmaqlarımı ovur. O qədər xoşbəxt görünür ki...

Xoşuna gələn yeməklərin heç birini bişirmədik

- Bir dəfə Bakıya gedirdim. O xarabaya gələcəkdim, sənə dəyməyə. Bizi aparan maşın Salyanın körpüsündən keçəndən sonra türklərin ayran satdığı yer var ha... orda saxladı. Dedi, ayran içmək istəyənlər düşsün... O qədər ağladım ki... Axı sən hər gedib-gələndə maşını orada kölgədə saxlayıb, bizə ayran alırdın. Çox istəyirdin orda dayanmağı. Maşından düşmədim. Mənə də ayran gətirdilər: "Nənə, götür, iç, niyə ağlayırsan, - soruşdular. Demədim niyə ağladığımı. "Heç bala, ağlamıram", - dedim, yaylığımın ucu ilə gözümün yaşını sildim. Ayranı aldım. Amma içmədim. Sən axı o xaraba yerdə idin, mən necə içə bilərdim sənin xoşladığını? Sən çıxana qədər xoşuna gələn yeməklərin heç birini bişirmədik.

Hər şeydən danışdı. Bilir axı sabah gedəcəm, nə qədər imkan varsa söhbət edir.

- Gedək mənimlə, bir neçə gün qalarsan...

- Qala bilmirəm axı, bala, bura yaxşıdı. Torpağın iyi gəlir, həyət-bacada başımı girləyirəm.

Birdən səhv etdiyini başa düşür:

- Yox, heç bir iş görmürəm. Gəlinlər, uşaqlar imkan verir ki, işləyəm? Təzyiqim də qoymur. Sinəmdə od qalayıblar elə bil. Beş addım qoyuram, yoruluram... elə oturanda da yoruluram. Yorulmuşam, bala.

Övladlar niyə ana qədrini bilmir?

Durub süfrəni yığışdırır. Yenidən çay süzür.

- Xoşqədəmin verilişinə baxıram. Deyirəm, bu övladlar niyə ana qədrini bilmir. Çay-çörək istəmir ki, sizdən; arada zəng edin, səsinizi eşitsin də yazıq analar..

Bilirəm ki, bu sözün bir ucu bizə, şəhərdə yaşayan balalarına aiddir.

- Mən balalarımdan xeyləm razıyam. Zəng edirlər, gəlirlər, xəbər tuturlar, pay-püş yollayırlar...

Səsində inciklik var:

- Mənə heç nə lazım deyil. Pensiyam bəsdi. Kənddəki qardaşlarının da əli üstümdədir. Dolanırıq. Nə olar, gəlib-gedəndə... Gərək elə kənddə hüzur düşə, gələsən? Bir dəfə də dur ayağa, de ki, gedirəm kəndə...

Xoruzun banı gəldi. Divardakı saata baxdı:

- Durum dəstəmaz alım. Namazın vaxtıdı. Heyim də qalmayıb.

Ayağa qalxır, sakit səslə:

- Çaydan vedrə ilə su daşıyırdım. Kürəyimdə də körpə uşaq. Palçıq tuturdum. O boyda evin kərpicini tək kəsirdim. İndi canımda hey qalmayıb, bala. Sən şəkərnən neynirsən? Gözümə sınıxmış dəydin, - deyib çölə çıxır. Bir vaxtlar yazdığım şeiri deyirəm, eşitmir:

Böyütdüyün oğuldan əsər qalmayıb, ana,
Bir quruca nəfəsdir, bir də ki quru əksim.
Nə mən yola gələnəm, nə də yol gəlir mənə,
Nə mən səs eşidənəm, nə sənə çatır səsim...