Bizi bizdən ayrı salan hasarlar


Mənim "Hasar" adlı bir şeirim var. Neçə il bundan əvvəl yazmışam. "525-ci qəzet"də dərc olunmuşdu. Məmləkəti başına götürən, mənası-məzmunu heç bir tutarlı arqumentə, fərli-başlı izaha söykənməyən hasarların tənqidinə yönəlik bir şeir... Yadımdadır ki, o vaxt pis qarşılanmadı. Sərlövhədən göründüyü kimi bu yazı da hasarla bağlıdır. Beləliklə, birinci dəfə deyil, qələmimə bu "hasar" adlanan "inşaat nümunəsi" barədə əziyyət verməli oluram. Əvvələn deyim ki, xeyli yaşımda xeyli yer də gəzib dolanmışam.
Heç yerdə də bizdəki həcmdə, bizdəki boy-buxunda, bizdəki dəbdəbədə hasar görməmişəm. Güman ki, soydaşlarımızın da çoxu mənim kimi... Elə "Hasar" şeirində deyildiyi kimi:

Avropanı dolan, Asiyanı gəz
Hasar görəmməzsən dərədə, düzdə.
Yüz hambal yığışa qaldıra bilməz Məşədi İbadı bu hasar üstə.


Xülasə, hasar məsələsi xeyli mürəkkəb və qəliz məsələdir. Nədən ötrü çəkilir, kimdən ötrü çəkilir, nə məna daşıyır, bu qalaların sosial-iqtisadi, səhiyyə-sağlamlıq əhəmiyyəti nədən ibarətdir? Memarlıq məsələlərində, abadlıq-quruculuq işlərində, yaraşıq-gözəllik anlamında nə rol oynayır? Suallar çoxdur və təbii ki, onların hər biri mükəmməl izahat tələb edir. Dağlıq ərazilərdə birtəhər ötüşmək olar, aran yerlərində küçələrin hasara salınması yüngül desək, başadüşülən deyil. Yayın qızmar istisində bu qalalar cənubdan-şimaldan, şərqdən-qərbdən əsən küləklərin qabağını kəsir, adamlar havasızlıqdan boğulur. Sıradan bir sürücü olaraq onu deyim ki, hər iki tərəfi hasar olan yol həm də adamı darıxdırır, cana yorğunluq, gözə yuxu gətirir. Bunlar hamının bildiyi şeyləridir və onları təkrar etmək istəmirəm. Məsələ bundadır ki, tutarlı arqument, ağıllı izahat, şəffaf-demokratik anlam olmayanda şayiələr, dedi-qodular yaranır, hərənin ağzından bir avaz gəlir, hansı ki, bu barədə bir-iki kəlmə söz deməyə ehtiyac duyuram. Açıq danışaq. Rayona yeni rəhbər təyinat alanda bu adam fəaliyyətinə ilk olaraq hasardan başlayır. Özü də bu əzablı, çətin, kalan pul aparan, zəhlətökən iş rayonun idarə-müəssisə rəhbərlərinə tapşırılır. Təşkilatın sambalından asılı olaraq kiminə yüz, yüz əlli metr, kiminə hətta bir kilometr hasar payı düşür. Hasardan söz düşəndə çoxunun ağlına ilkin gələn maliyyə maxinasiyaları olur. Guya, bu işin arxasında iri pul əldə etmək, pul yumaq, pul qazanmaq kimi kölgəli niyyətlər dayanır. Bir qisim belə düşünür. Başqa qisim isə hasarlara ətrafda görünən, ən çox da məmləkətə gələn qonaqların tənqidi nəzər-diqqətini özünə cəlb edə bilən əyər-əskiklərimizi gizlətmək. gözdən yayındırmaq anlamı verirlər. Bu və ya digər mülahizələr fakta söykənmədiyindən və hər halda maliyyə məsələsi mənə məlum olmadığından birincilər barədə bir söz deyə bilmərəm. İkinci qismin dedikləri isə xeyli maraqlıdır. Əcəba, biz nəyi kimdən gizlədirik və ümumiyyətlə, niyə gizlətməliyik?

Məmləkətin hansı istiqamətinə gedirsən-get, hər yerdə tikinti, abadlıq, quruculuq... Şəhərlər, kəndlər adamın üzünə gülür. Amma hardasa tör-töküntü, əyər-əskik də ola bilər. Qoy olsun, bunlar harada yoxdur ki? Burada yenə də "Hasar" şeirim yadıma düşür və görünür bu dünyada həqiqətən elə şeylər var ki, onu ancaq şeirlə demək mümkündür:

Hasardan o üzdə nə var, mənimdir
Bu dövlət mənimdir, bu var mənimdir.
Villa tikilibsə, tikən sağ olsun,
Körpü çəkilibsə, çəkən sağ olsun.
Bu yurdun yaxşısı-pisi mənimdir,
Bu yurdun tüstüsü-hisi mənimdir.
Mən niyə görməyim mənim olanı,
Torpaq becərəni, dəryaz çalanı,
Quzu otaranı niyə görməyim,
Naxır qaytaranı niyə görməyim
Gözün gördüyünə yasaq nə lazım,
Bu yurda bu qədər hasar nə lazım.

Burası belə. Hasar söhbətinə bəlkə də qayıtmazdım. Allah şahiddir ki, təkrarçılığı xoşlamıram. Bu yaxınlarda dostlarımla Altıağaca, "Cənnət bağı"na gedirdim. Neçə illər bundan əvvəl də getmişdim. Bakı-Quba yolundan Xızıya dönən yerdə, aran hissədə abad, yaraşıqlı bir kənd var. Bu kənd bəlkə də dağlıq ərazidə yerləşən, lap düzünü desək, iqtisadiyyatı bir o qədər güclü olmayan Xızı rayonunda qarşımıza çıxan digər kəndlərlə müqayisədə ən gözəgəlimli, abad kənddir. Təəssüf ki, Xızı ərazisinə dönən yerdə ovqatımız korlandı. Düzün tən ortasında yolun hər iki tərəfinə hündür qala yapılmışdı. Qalanın bir tərəfində mənim bəyəndiyim kənd var idi ki, tamam-kamal görünməz olmuşdu. Bunu başa düşdük. Qalanın digər tərəfində qupquru düzənlk idi, uzanıb gedirdi. Dostlardan kimsə yaxşı dedi: "Görünür, bu boş yerə nəsə yaxşı tikintilər düşəcək, indidən qala yapırlar ki, görən olmasın".
Niyə görən olmasın? Həqiqətən maraqlı sualdır.

TOFİQ HUSEYN, Əməkdar jurnalist