Həbsdə ana olan məhbus qadın Lamiyə Quliyeva olayı hələ də gündəmdədir. Həbsdə ana olan məhbus qadın Lamiyə Quliyeva olayı hələ də gündəmdədir.

“Lamiyənin uşağının atasının kimliyi haqda dedikləri inandırıcı deyil...”

Həbsdə ana olan məhbus qadın Lamiyə Quliyeva olayı hələ də gündəmdədir.

Son olaraq məhbus qadın necə ana olması barədə vəkili vasitəsilə mediaya müraciət edib. L.Quliyeva bildirib ki, Apelyasiya Məhkəməsi ilə bağlı Bakı İstintaq Təcridxanasında saxlanılarkən orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyilə görüşüb. Məhbus qadın həmin şəxsin uşağının atası olduğunu bildirib:

"Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNT test nümunələrini də təqdim etmişəm. İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleyi uşaqla yaşamalıyam. Xahiş edirəm, bütün bunlara görə məni qınamayın və mühakimə etməyin".

Açıqlama yayılan gündən isə şübhələr azalmaq əvəzinə daha da artıb. Çünki verilən açıqlama ilə türmə reallıqları üst-üstə düşmür. Amma bu məqamda ölkə ictimaiyyətinin, xüsusən də qadın hüquq müdafiəçiləri, deputatların məsələyə reaksiyası arzu edilən səviyyədə deyil. Belə ki, hələ də onların səviyyəsində L.Quliyeva ziyarət olunmayıb, bu məsələnin araşdırılması aparılmayıb. Bu yaxınlarda türmədən azad edilmiş "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı da bizə müsahibəsində ölkə ictimaiyyətini bu məsələyə həssaslıq göstərməyə çalışmış, "Lamiyə Quliyeva məsələsinə diqqət ayırmalıyıq" demişdi.



Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, onlar da L.Quliyevanın vəziyyəti ilə maraqlanırlar: "Hara lazımdırsa demişik. Özümüz də Lamiyə ilə görüşə hazırlaşırıq. Bu xanım etiraf edir ki, öz istəyi ilə münasibətdə olub, sonra da uşaq dünyaya gətirib. Özü deyir ki, mənə heç kim zorakılıq etməyib. Amma buna baxmayaraq biz bu məsələ ilə bağlı müvafiq qurumlara məktub yazmışıq ki, qorunan müəssisədə bir qadına necə təcavüz oluna bilər və ya o, istədiyi şəxslə bu cür münasibətə girə bilər. Bu da hüquq çərçivəsində araşdırılacaq".

Müsahibimizin sözlərinə görə, L.Quliyevanın öz dilindən ərizə olmasa bunun əksini iddia etmək olmaz. N.Cəfəroğlu indiki halda ancaq L.Quliyevanın hüquqlarını müdafiə edə biləcəklərini dedi: "Amma məhbus həyatında belə hal ola bilməz, çünki qanun buna icazə vermir. Biz gələn həftə Lamiyənin yanına getməyi düşünürük".



Hüquqşünas Müzəffər Baxış da hesab edir ki, L.Quliyevanın uşağının atası ilə bağlı dedikləri inandırıcı deyil. Onun sözlərinə görə, əgər qadın məhbusun dedikləri həqiqətdirsə, bu halda onun dediyi hadisə istintaq təcridxanasında çalışan işçilərin səhlənkarlığı ya da qəsdən şərait yaratması ucbatından baş verib: "O da bir ehtimaldır ki, hər hansı bir işçini ya rüşvət, ya da hansısa yolla ələ alıblar. Onlar eyni otaqda saxlanılmırlar ki, aralarında əlaqə mümkün olsun. Kənarda oturmaqla bunu araşdırmaq imkanımız yoxdur. Bu hadisənin baş verəsi zamanı orda çalışan vəzifəli şəxslər qanun qarşısında cavab verməlidir".

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən isə bu mövzu ilə bağlı ünvanladığımız sualara "məhkum Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi ilə bağlı Penitensiar xidmətin rəsmi açıqlaması olub. Bir daha nəzərinizə çatdırırıq ki, bununla bağlı müvafiq araşdırma aparılır" cavabı verildi.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.