“Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb. “Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb.

Murad Köhnəqalanın “Yuxularım” əsəri artıq satışdadır

“Qanun” nəşrlər evi yeni tərcümə kitablarını satışa çıxarıb.



Nəşrlər evindən AzNews.az-a verilən məlumata görə, satışa çıxan kitablardan biri Patrik Modianonun "Sənin məhəllədə itməməyin üçün" əsəridir. Kitabın tərcüməsi Sabir Sadıqova məxsusdur.



Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı Gill ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona "Dosye"nin fotosurətini verirlər. Onu oxuyarkən Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…

Mümin Sekmanın "Davamlı öyrən" kitabını türkcədən tərcümə edən isə Həcər Abbaslıdır.



Kitabda həyatda uğur qazanmağın yollarından, karyeradan və uğur düsturlarından danışılır.

Kitabın müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir. İlk olaraq "Fərdi inkişaf mütəxəssisi" titulunu qazanan müəllif bütün kitablarını insanların həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.

Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.


"Qanun" nəşrlər evinin satışa çıxardığı kitablar arasında Murad Köhnəqalanın "Yuxularım" əsəri də var.



Yazıçı kitabı haqqında qısa məlumat verərək, hekayələrin heç birini yuxuda görmədiyini deyib:
"Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı. Hekayələri oxuyarkən real və mistik dünyanın qorxunc hədəfində insan iradəsinin necə aciz olduğunu görəcəksiniz"– deyə, Murad Köhnəqala əlavə edib.