Fazil Mustafa Fazil Mustafa

Soyqırım formatı dəyişməlidir

Fazil Mustafa


Xocalı soyqırımının ildönümü ənənəvi olaraq həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində müxtəlif formalarda qeyd olunur. Təbliğat işi müəyyən natamamlıqlar olsa da ümumilikdə yaxşı gedir. Müəyyən müsbət nəticələrin də olduğu şübhəsizdir.

Bu gün Milli Məclisdə də mövzuya toxunarkən vurğuladım ki, ildən-ilə təbliğat formalarını təkmilləşdirmək lazımdır. Kiçik salonlarda 50-60 adam üçün konfranslar keçirmək dövrü artıq geridə qalıb. Daha çox texnoloji təbliğata üstünlük verilməlidir. İki-üç dəqiqəlik tanıtım kliplərin çəkilməsi, müxtəlif dillərdə hazırlanması və xarici ölkələrin televiziyalarında bir həftə ərzində əlverişli vaxtları pulla alıb bu tanıtım kliplərinin verilməsi daha məqsədəuyğun olardı.

Eyni işi internet məkanında populyar saytlarda, portallarda da görmək olar. Bir də daha çox xarici ölkələrin parlamentlərində dinləmələrin keçirilməsinə çalışılmalıdır. Hər bir işin nəticəvi hissəsi düşünülməlidir. Bu işdə Azərbaycana ən çox dəstək verən ölkə təbii ki, Türkiyədir. Ancaq bu qardaş ölkədə müəyyən səbəblərdən bu hadisə israrla Xocalı Qətliamı olaraq qeyd edilir. Demək ki, ən yaxın qardaş ölkədə belə istədiyimiz nəticəni ortaya qoya bilməmişik. Heç daxildə də yanaşmamız bir o qədər effektli sayıla bilməz. O qədər də geniş olmayan bir küçədə kiçik bir abidə qoymaq əvəzinə, yaxşı olar ki, birbaşa Şəhidlər Xiyabanında Xocalı soyqırımı memorialı ucaldılsın və xarixi qonaqlar üçün dövlət protokoluna salınsın.

Ən azı ermənilərin etdiyinin kopyasını etsək kifayətdir. Baxın, soyqırımın tanıdılması bizim üçün prioritet siyasi hədəf olsa da, mahiyyətcə 20 yanvaq hadisələrini arxa planında qalır. Halbuki, 20 yanvarla bağlı tədbirlər daha çox günahsız qətlə yetirilən insanların xatirəsini anma tədbiridir, Xocalı soyqırımı isə bu anmadan da o tərəfə, həm də Soyqırım faktını dünyaya tanıtma tədbiridir. Məncə hadisələrin qeyd olunma məqsədinə uyğun davranmadığımız ortadadır.