Zülfüqar Hüseynzadə Zülfüqar Hüseynzadə

Kiçik torpaqdan böyük ümidlərlə...

Zülfüqar Hüseynzadə


İnsan oğlu ta doğulandan günahlardan xilas olmaq üçün yollar arayır və təbii ki, bu zaman ilk yada düşən müqəddəs ziyarətgahlar olur. Əlbəttə, ziyarətgahlar təkcə tövbə qapılarının açarı, günahların asanlıqla yuyulduğu məkan və yalnız günahkarların üz tuta biləcəyi ünvan deyil, ümumiyyətlə, Allahı tanıyan, dünyanın fani olduğunu dərk edən hər bir mömin bəndəyə bütün dönəmlərdə "gəl-gəl" deyib...

Dəyərli oxucu, illər uzunu mənim də belə bir niyyətim olub və oxuduqlarımdan-eşitdiklərimdən ovsununa düşdüyüm "Əshabi-Kəhf"i ziyarət etmək istəyi məni Vətənimizin ana torpaqdan didərgin salınmış bir guşəsinə- adı dillər əzbəri olsa da çoxumuzun bu və ya digər səbəbdən ömründə bircə dəfə də baş çəkmədiyimiz Naxçıvana çəkib apardı. Beləcə bunca şəxsi və peşə fəaliyyətmdəki bitib-tükənməz problemlərə və vaxt qıtlığına baxmayaraq günlərin bir günündə Naxçıvanın hava limanında ayağım bu sehrli torpağa dəydi və təsadüfən əslən Naxçıvandan olan həmkarım Nahid Canbaxışlı da təyyarədə yol yoldaşım olduğundan onun təklifiylə "həm ziyarət, həm ticarət" deyib təkcə "Əshabi-Kəhf"i deyil, demək olar ki, Muxtar Respublikanın əksər görməli yerlərini gəzmək, jurnalist müşahidələri apararaq ilk mənbədən dəqiq informasiya almaq qərarına gəldim. Kim bilir, bir də tale yolumuzu bu diyara sala, salamaya...

Amma Nahiddən bir xahişim oldu ki, mənim Naxçıvana gəlməyimdən rəsmilərdən kimsə xəbər tutmamalı və istədiyimiz məkana yalnız bir qonaq kimi baş çəkməliyik, bu zaman jurnalist olduğumuzu da kimsə bilməməlidir. Çünki ehtiyat edirdim ki, jurnalist olduğumu və üstəlik, hər yerdə əmma axtaracağımı bilən rəsmilər bu ziyarətimin həm də bir əyləncə olmasına imkan verməyə bilər...

Beləliklə, 3 gün Naxçıvanın əksər bölgələrinə getdik, az qala 300 illik təəssüratla Bakıya döndük...

Dəyərli oxucu, ziyarətimin epizodlarıyla sizi tanış etməzdən öncə bir məsələdə sizləri əmin etməyi özümə borc bilirəm ki, oxuyacaqlarınız bir jurnalistin müşahidələri və təəssüratlarıdır, üstəlik, nəyəsə and içməyə ehtiyac duymadan məni tanıyan hər bir dəyərli oxucum əmin olsun ki, mən nə Naxçıvanı bu dünyanın cənnəti, nə də Ali Məclisin sədri Vasif Talıbovu peyğəmbər kimi kiməsə sırımaq niyyətindən çox uzaq bir Allah bəndəsiyəm. Təbii ki, dostlarımdan kimlərsə yazdıqlarımla razılaşmaya, əks arqumentlə çıxış edə bilər, mübahisə etmədən qəbul edirəm. Amma lütfən kimsə günaha batıb hər şeyi qara rəngdə təqdim etməyə çaslışan bəzi ağzıgöyçəklərə, üzdəniraqlara dəstəvuz verməsin. Bir sözlə, məndən düşüncələrimi paylaşmaqdı, inanan da sağ olsun, inanmayan da...

Bəri başdan onu qeyd edim ki, Naxçıvanla bağlı onilliklərə söykənən qənaətim 3-cə günün içində tamamilə dəyişdi və bir daha "yüz eşitməkdənsə bircə dəfə görmək" məntiqinin nə qədər doğru olduğuna əmin oldum. Üstəlik, Naxçıvanı heç cür bəyənə bilməyən dostlar inciməsin, tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, vaxtilə xalq şairi Süleyman Rüstəmin fəxrlə "Cənnət görmək istəyən Azərbaycana gəlsin" çağırışını bu gün Naxçıvana aid etmək olar. Özü də nəinki olar, bu gün Naxçıvan öz inkişafıyla buna Azərbaycanın Bakısı qarşıq digər bölgələrindən daha çox haqq edir.

Təbii ki, oteldə yerləşdikdən sonra gəzintiyə çıxanda ilk olaraq məscidlərlə və yas mərasim zallarıyla tanışlıqdan başlamaq qərarına gəldim. Bu da təsadüfi deyildi. Naxçıvanı Bakıda elə şəkildə təqdim ediblər, hərdən adama elə gəlir ki, görəsən Muxtar Respublikada nəinki məscid və ziyarətgahlar, ümumiyyətlə Allah evi adına hanısa bir tikili varmı? Amma gördüklərimdən yaxşı mənada şoka düşdüm və zaman-zaman mətbuatda Muxtar Respublikadakı antiislam təşəbbüsləri barədəki yazılan cızmaqaraları oxuduğuma görə vaxtıma heyfim, özümə yazığım gəldi. Çünki adlarını çəkməyə gərək duymuram, demək olar ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində, kəndlərdə Naxçıvan əslli bütün iriçaplı məmurların lap haram puluyla da olsa tikilən ən modern mərasim zallarına, yenicə tikilmiş və ya köhnələrin restavrasiya olunmuş onlarla məscidə baş çəkdim, kimsədən nəsə soruşmadan (çünki eşitmişdim ki, camaat kənar adamlarla söhbətlərində ürəklərini açmağa ehtiyat edir və bəzən həqiqəti də deməkdən çəkinirlər) illərə dayanan mikroskopik müşahidələrimlə hər detalı nəzərdən keçirdim, insanların davranışlarını, ibadətlərini oğrun-oğrun izlədim.

Naxçıvandakı bütün mərasim zallarında sadəcə 20 manat kommunal xərclərə görə pul alınır, vəssalam. Bakıdakı mərasim zallarının od tutan qiymətlərinə görə bir çox şadlıq saraylarını kölgədə qoymasını nəzərə alsaq bu müqayisə nəticə çıxarmaq üçün yetərli olar.

"Əshabi Kəhf"...

Adı dillər əzbəri olan və "Qurani –Kərim"də belə barəsində də özündən söz etdirən bu ziyarətgaha qədəm qoyarkən Naxçıvanın ucqar dağ kəndindən tutmuş rayon və şəhər mərkəzlərindək diqqəti cəlb edən təmizlik burada da zəvvarların canına yağ kimi yayılır. Yerli daşlardan yüzlərlə pilləkənləri yuxarı qalxarkən adam sanki ilahi bir qüvvənin sehrinə düşür və bir daha Rəbbinə şükürlər etməkdən özünü saxlaya bilmirsən. Az qala göyün yeddinci qatında olan kiçik məsciddə namaz qılmağınsa ayrı ləzzəti var. Adama elə gəlir ki, sanki bura yer üzündəki Allaha ən yaxın yerdir və Allah sənin burada nə etdiyini daha yaxşı görür. Ziyarətgahın yüksək zövqlə təmir edilməsini və quraqlıq bir iqlimdə, əlverişsiz çoğrafi məkanda xan çinarların artıq zəvvarlara "xoşgəldin" edəcək qədər qol-budaq açmasını da vurğulamamaq diqqətsizlik olardı...

Ziyarəti başa vurub qayıdarkən elə girişdəcə səni kəklikotulu çaya qonaq edirlər və bəh-bəhlə içdikdən sonra əlini cibinə atanda etiraz edərək bunun ehsan olduğu bildirilir. Zorla stolun üstünə bir manat qoymağa razı salmaq ola, olmaya. Yeri gəlmişkən, Bakıda Heydər Əliyev hava limanında bir çaynik çaya 5 manat, bir ədəd "Dirol" saqqızına bir manat verməyim məni necə təbdən çıxarmışdısa Naxçıvan hava limanında bir stəkan çaya 20 qəpik ödəməyim pozitiv səfər təəssüratlarımın formalaşmasında az rol oynamadı. Üstəlik, 3 gün ərzində Naxçıvanda onlarla çay evlərinə baş çəkmək imkanım oldu və hamısında da Bakıdakı qiymətlərlə, adamı "kontuziya" edəcək səs-küylə müqayisə edilməyəcək ortamla rastlaşdım.

Qeyd etməyi özümə borc bildiyim bir neçə məqam var ki, ömründə bir dəfə də olsun Naxçıvanda olmayan oxucuların bilmək haqqı olduğu düşüncəsindəyəm. Naxçıvan şəhərinin qiyafəsini elə dəyişdiriblər ki, nəinki Bakı və Gəncə, Avropanın özündən deyən meqapolislərinin də paxıllığı tutar. Bakıdakı binaların fasadlarının ucdantutma yöndəmsiz təmir edilməsindən fərqli olaraq Naxçıvanda eyni xarici görünüşdə və dizaynda iki bina tapmaq mümkün deyil. Binalar köhnə və yeni olmasından asılı olmayaraq olduqca cəlbedici, göz oxşayan, şərq memarlıq üslubuna aid üzlüklərlə üzlənib. Üstəlik, Bakının eyiblərini örtən "Gülbax" üzlük daşlarını Naxçıvanda yerli travertin daşı əvəzləyir. Demək olar ki, Naxçıvan şəhərinin və rayon mərkəzlərindəki bütün inzibati binaların fasadları, daxili döşəmələri travertin daşıyla və yüksək zövqlə işlənib. Bu üslub Naxçıvan şəhərində də belədir, erməni səngərindən 100 metr aralıdakı Sədərək rayonunun Heydərabad qəsəbəsində də. Bir anlıq illər öncə mətbuatda Naxçıvanda Vasif Talıbov tərəfindən mənzillərin eyvanından paltar asılmasının yasaqlanması xəbərlərini xatırladım. Öyrəndim ki, vətəndaşdan bir qəpik alınmadan nəinki bütün mənzillərin xarici pəncərələri və eyvanları, hətta giriş qapıları da seyf qapıları ilə əvəzlənib.

Naxçıvandakı tarixi abidələrin çoxluğu və hamısının da yüksək səviyyədə təmirdən çıxması da bu diyarın vazkeçilməz özəlliklərindən sayıla bilər. Hətta adama elə gəlir ki, təkcə Naxçıvanda olan tarixi abidələr Bakıdakı anoloqlarını kölgədə qoyacaq qədərdir. Üstəlik, bu abidələr Naxçıvanın qədimliyinin, əsrlərin sınağına sinə gərərək istilalara boyun əymədiyinin daşlaşmış sübutları da hesab oluna bilər.

Naxçıvanda ASAN XİDMƏT mərkəzlərinin harada olmasıyla maraqlandım. Bəlli oldu ki, ümumiyyətlə, Muxtar Respublikada bu xidmət sahəsinə ehtiyac duyulmayıb. Bilirsiniz niyə? Çünki elə ASAN XİDMƏT-siz Naxçıvanda bütün dövlət strukturları illər öncədən əhaliyə bütün xidmət növlərini asanlaşdırıblar. Üstəlik, Muxtar Respublikada Gənclər siyasəti barədə də ağızdolusu danılşçılacaq nümunələr varmış. Muxtar Respublikadakı əksər dövlət qurumlarının rəhbərləri 25-40 yaş arasında olan gənclərdir. Yəni Bakıdakı ahıllar klubundan fərqli olaraq bu ilin dekabrında Ali Məsclisin sədri postuna gəlməsinin 20 illik yubileyini qeyd edəcək 55 yaşlı Vasif Talıbovun rəhbərlik etdiyi Muxtar Respublikada çoxdan döyüşə qocaları göndərməyi ayıb hesab ediblər...

***

Qonaq-qara bolluğuna düşmüş diyar...

Naxçıvanın qonaq-qaralı olub-olmamasıyla da maraqlandım. Düşündüm ki, özünü millətçi və vətənpərvər hesab edən bir media kapitanı 44 illik ömründə bircə dəfə də Naxçıvana gəlməyə macal tapmayıbsa, o zaman çətin ki, əcnəbi turistlərin, eyni zamanda Azərbaycana təşrif buyurmuş diplomatların, çeşidli tədbir və konfrans iştirakçılarının baş çəkə biləcəyi bir məkan ola. Xoşbəxtlikdən bu qənaətimdə də yanıldım. Öyrəndim ki, son illər qonaq-qara sarıdan nəinki korluq çəkməyiblər, əksinə, bolluğuna düşüblər. Turistlərin artan statistikası bir yana, son zamanlar Azərbaycana gəlmiş əcnəbilərin Naxçıvana da yönləndirilməsinin dövlət protokoluna salınması məncə alqışlanmalıdır. Azərbaycanda akkreditə olunmuş bütün səfirlər, keçirilən beynəlxalq miqyaslı forumların əksər iştirakçıları vaxtaşırı Naxçıvanda olur və Muxtar Respublikanın görməli yerlərini ziyarət edirlər. Öz şəxsimdə min dəfə eşitməkdən-oxumaqdansa bircə dəfə görməyin daha əhəmiyyətli olduğunu yuxarıda vurğulamışdım, bu baxımdan etiraf edək ki, sərhədlərimizin o tayında yalnız petrol və doğal qaz ehtiyatlarının bolluğuyla tanınan bənzərsiz Azərbaycanımızın dünya mədəniyyətinə, elminə, tarixinə verdiyi töhfələrlə də tanınması üçün əcnəbilərin bura ayaq basması, unikal özəlliklərə sahib olmamızı, aşırı qonaqpərvərliyimizi öz gözləriylə görmələri heç şübhəsiz olduqca vacib məqamdır və əminəm ki, bu istiqamətdə çəkilən cəfa və xərclər hədər getməyəcək...

Cavidsiz Cavidli Naxçıvan...

Təbii ki, Naxçıvana gəlib bu torpağın gəlib-getmiş ən sanballı övladlarından olan, Azərbaycan dövləti və milləti mövcud olduqca qürurla xatırlanası Hüseyn Cavidi anmamaq, onun məzarını və ev muzeyini ziyarət etməmək Hindistana gedib "Tacmahal"ı ziyarət etməmək qədər qəbahət olardı. Açığı, 20 il öncə inşa edilmiş məqbərə bu günün dəbdəbəli tikililəri fonunda mənə sovetlərin xoş olmayan xatirəsi təsiri bağışladı. Könül istərdi ki, günlərin bir günü Cavidin məqbərəsi də yeni memarlıq üslubunda və Naxçıvanın travertin daşıyla üzlənmiş şəkildə qarşımıza çıxaydı...
Amma Cavidin ev muzeyində keçirdiyim hisləri ifadə etməkdə qələm də aciz, klaviatura da. Xüsusən İrkutskdakı qəbirin üstündəki 59 nömrəli taxta parçası, həyat yoldaşı Mişkinaz xanımın "Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş" sözləri damarlardakı qanı dondurcaq qədər adama zor gəlir. Yeganə təsəlli odur ki, Hüseyn Cavid təkcə Naxçıvanın deyil, Azərbaycanın dünya miqyasında öyünüləcək sərvətidir. Petrol da tükənəcək, doğal qaz da, amma Cavid dühasından bəşəriyyətə işıq saçan mənəvi qida Günəş enerjisitək tükənməzdir...

Yeraltı dünyanın cənnəti...

Hələ sovetlər dönəmindən Naxçıvanla bağlı xəyallarımda canlandırdığım məkanlardan biri də Muxtar Respublikadakı duz dağlarıdır. Ta qədimdən Naxçıvan sal duzlarıyla məhşur olub və karvanlar əsrlərlə Şərqdən Qərbə bu məmləkətin daha bir müqəddəs nemətini daşıyıblar. Duzdağ Fizoterpaiya Mərkəzinə baş çəkməyim və orada yaradılan heyrətamiz şərait də səfər təəssüratımda xüsusu yer tutub. Dünyanın səkkizinci möcüzəsi adına haqq edən bir müalicə və tarixi abidə, duzdan tikilmiş füsunkar muzey... Etiraf edim ki, orda gördüklərimi oxucuya olduğu kimi çatdırmaqda acizəm, yalnız bu yeraltı dünyanın cənnətində olmaqla insanda dolğun fikir formalaşa bilər. Qısaca onu qeyd edim ki, dünyada anoloqu olmayan bu mərkəzi yetərincə təbliğ edə bilmədiyimiz qənaətindəyəm. Amma qəm yeməyə dəyməz və mərkəzin baş həkimi ilə söhbətimizdə bəlli oldu ki, artıq sadəcə buranı görmək istəyən əcnəbi ziyarətçilərin və astmadan əziyyət çəkən xəstələrin sayında ciddi artım müşahidə olunur.
Səfərin sonuncu günü Sədərəyə yollandıq və Azərbaycanımızın bütün coğrafiyası üzrə erməni səngərlərinin yaşayış məntəqəsinə bu qədər yaxın olduğu ikinci yerin olmadığından heyrələndim. Təbii ki, bu gün erməni səngərinin yaxınlığında və birbaş atəş xətti altında olan onlarla yaşayış məntəqəmiz var ki, mülki əhali də evini tərk etməyi düşünmədən gündəlik qayğılarıyla baş-başadır. Amma söhbət ondan gedir ki, Sədərək rayonunun vaxtilə Heydər Əliyevlə Robert Köçəryanın çadır qurub münaqişəni həll etməyə çalışdıqları məkan-Heydərabad qəsəbəsi erməni səngərlərinə o qədər yaxındır ki, diqqətlə fikir verdikdə dığaları adi gözlə də görmək mümkündür. Üstəlik, söhbət Qarabağ münaqişəsindən çox-çox əvvəllər salınmış hansısa kənddən deyil, məhz atəşkəsdən sonra Muxtar Respublika rəhbərliyinin təşəbbüsü ilə siması tamam dəyişmiş və bəlkə də ermənilərə acıq gəlsin deyə o cür yüksək zövqlə abadlaşdırılmış bir şəhərdən gedir. O şəhərdən ki, ermənilər nəinki avtomatla, hətta "Babək" filmindəki kimi dağdan daş diyirləməklə mülki əhaliyə problemlər yaşada bilərlər. Amma camaat öz işindədir. İnsanlardan bu arxayınçılığın səbəbini soruşuram. Deyirlər ermənilər vaxtilə əlimizin duzunu görüblər, indi də anlayırlar ki, atəşkəsi pozsalar Azərbaycan tərəfində 10-15 min civarında mülki əhali birbaşa atəş zolağı altında qalacağı halda ermənilər sərhəddən 60 kilometr aralıda olan paytaxt İrəvanı da tərk etmək zorunda qalacaqlarından ehtiyatlanırlar. Yəni Azərbaycanın müasir zenit-raket kompleksləri 5-7 dəqiqə ərzində ötən əsrin əvvəllərində nankor qonşularımıza peşkəş etdiyimiz İrəvanı xəritədən silmək iqtidarındadırlar. Yerli gəlmişkən, Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərindəki yeni qərargah binasını gördüm, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissə ilə kənardan da olsa tanışlığım çox xoş oldu, təfərrüatlar barədə yazmağa ehtiyac duymuram, sadəcə oxucularımız bilsin ki, Naxçıvanın coğrafiyası etibarlı əllərdədir.

Naxçıvandan ayrılmağımıza bir neçə saat qalanda qərara aldım ki, bəlkə Dini Qurumlarla iş üzrə idarəyə baş çəkim, mümkün olsa özümü təqdim edərək Naxçıvanda dindarlara qarşı sərt cəza tədbirləri görülməsi barədə həmin günlər mətbuatda tirajlanmış informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənməyə çalışım. Alınar yaxşı, alınmaz da, bilərəm ki, danışmağa üzləri yoxdur...Burada da gözləmədiyim davranışla üzləşdim. Köməkçiyə "Bakıdan gələn bir qonaq sizinlə görüşmək istəyir" deməsini söylədim, dərhal Vüqar Babayev qəbul etdi, aramızda bir saata yaxın çox maraqlı söhbət oldu. Oxucularımı səmimiyyətimə inanmağa dəvət edirəm, mən bu günədək o cür yüksək səviyyəli ilahiyyatçı alimlə, peşəkar gənc məmurla nə rastlaşmışdım, nə ünsiyyətdə olmuşdum. Doğrusu, millətimiz və dövlətçiliyimiz adına xeyli qürurlandım ki, bəlalardan yeganə xilasımız kadrların düzgün seçilməsindədir və nə qədər qaba anologiya olsa da Stalinin "hər şeyi kadrlar həll edir" fikirləri yadıma düşdü. Söhbət əsnasında mediadan xeyli giley elədi və həqiqəti təhrif etməyin qanunla cəzasını bir kənara qoyub Allah dərgahında böyük günah olduğunu ahəstəcə əsaslandırdı. Sən demə, ilk dəfə Muxtar Respublika üzrə 250 molla üçün xüsusi uniforma tikilərək tam təmənnasız verilməsi də ilk dəfə məhz Muxtar Respublika rəhbərliyinin təşəbbüsü olub, sonradan Qafqaz Müsəlmanları İdarəsi bu novator ideyanı bütün ölkə üzrə tətbiq edib. Vüqar müəllim Muxtar Respublikadakı dini qurumlarla və dindarlarla bağlı mövcud durumu da ətraflı izah elədi, bəzən İslama dəxli olmayan yabançı cərəyanların dağıdıcılıq, mənəviyyatsızlıq təbliğ edən emissarlarına qarşı qanunların sərt üzünün göstərilməsinin Bakıda təhrif olunmuş şəkildə anlaşılmasından narahatçılığını dilə gətirdi. Yeri gəlmişkən, bir ay öncə Bakının Binəqədi rayonunda prezident İlham Əliyev tərəfindən açılışı olan Qafqazın ən böyük məscidinin-Heydər məscidinin idarəçiliyinin məhz Naxçıvan Dini Qurumlarla iş üzrə İdarəyə həvalə edilməsi də çox mətləblərdən xəbər verir. Görünür, Muxtar Respublikada BDU-nun ilahiyyat fakultəsinin məzunu və Türkiyədə əlavə ilahiyyat dərsi almış yeganə şəxs olan Vüqar Babayevə o cür böyük etimadı göstərənlər ağı qaradan seçməyi bacarıblar və obrazlı desək, çörəyi nəhayət çörəkçiyə verməyin vaxtının çatdığını qəbul ediblər...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliklərinin Naxçıvanda vüsət almağa başlayan bir humanitar təşəbbüsləri barədə də oxucuları məlumatlandırmağı özümə borc bilirəm. Naxçıvanda əhalinin məşğulluğunu artırmaq üçün xalça toxunmasına start verilib. Təsəvvür edin ki, hər bir hana toxuyan şəxsə ayda 220-250 manat maaş verilir, 2-3 aya başa gələn həmin xalçanı da təkrar nazilriklər bazar qiymətinə həmin xanımlardan alıb Naxçıvana təşrif buyuran yüksək çinli xarici qonaqlara hədiyyə edirlər, yaxud onların satışını təşkil edirlər. Özü də hananı və toxuculuq üçün bütün xammalı nazirlik də pulsuz verir. Nəticədə toxucular ikiqat qazanır. Burada dövlət nəinki hər hansı qazanc gözləmir, əksinə, ikiqat xərcə düşür, amma əvəzində vətəndaşın məşğulluğu və dolanışığı təmin olunur. Bundan əlavə vaxtaşırı əlil insanların əl işlərindən ibarət yarmarkalar keçirilir. Yarmarkaya çıxarılan bütün əl işləri Muxtrar Respublika rəhbərliyinin göstərişi ilə elə təklif edilən qiymətə alınır.

Bu gün ölkə əhalisinin bankların əlindən sinədağlı olduğu heç kimə sirr deyil. Amma Naxçıvanda fəaliyyət göstərən "Naxçıvanbank" əhaliyə, xüsusən də sahibkarlıqla məşğul olan, olmaq istəyən şəxslərə Bakıdakından ikiqat aşağı faizlə kredit verir. "Şapka"ya gəldikdə isə nəinki kimdənsə bunu istəmək, hətta adını çəkmək Naxçıvanda ümumiyyətlə yasaqdır. Hamı "Şapka" həvəsinə düşənlərin necə deyərlər, papağının necə boş qalacağını bildiyindəın nəfsinə hakim kəsilib.

Bu gün dünyanın az qala bir nömrəli probleminə çevrilmiş ərzaq təhlükəsizliyi məsələsi də Naxçıvan üçün prioritet deyil. Bu sətirlərin müəllifi həmin istehsal müəssisələrini bir-bir gəzib və bundan əlavə Naxçıvanda istehsal olunan məhsulların təqdim edildiyi Naxçıvan Biznes Mərkəzinə da baş çəkərək gördüklərindən heyrətlənib. Artıq Muxtar Respublika əhalisinin istehlak etdiyi ərzaq səbətinin az qala 80 faizi daxili imkanlar hesabına təmin edilir. Bir sözlə, qeyri-neft sektorunun inkişafını öz gözləriylə görmək istəyənlər də Naxçıvana getməli olacaqlar...

Xudahafizləşmək zamanı gəldi. Naxçıvana baş çəkib rəsmi dövlət qəzeti olmuş olsa belə "Şərq Qapısı"na baş çəkməmək orada çalışan həmkarlarımıza qarşı hörmətsizlik olardı. Burada da məni qonaqpərvərliklə qarşıladılar. Amma Vüqar Babayevdən fərqli olaraq ortada hər hansı-giley güzar da olmadı. Qəzetin baş redaktoru da 30 yaşlı cavan kadr olsa da köhnə işçidir, əvvəllər Muxtar Respublika televiziyasında və Ali Məslisin mətbuat xidmətində çalışıb. Naxçıvanla bağlı Bakıda neqativ rəy formalaşmasında müəyyən qədər bu qəzet rəhbərliyinin də günahı olması replikamı qəbul etmir. Deyir ki, biz bacardığımıəz qədər belə deyək ki, Naxçıvanın informasiya blokadasını da yarmaq üçün əlləşirik, amma bəzən hər şeyi yalnız qara rəngdə görmək və təqdim etmək istəyənlərə meydan verilməsi bu cəhdlərimizi heçə endirir. Baş redaktor Naxçıvanda söz və mətbuat azadlığının boğulmasıyla bağlı Bakıda tez-tez səsləndirlən iddiaları da qəbul etmədiklərini xüsusi vurğuladı və qəzetin bir neçə nüsxəsini göstərərək "baxın görün Bakıdakı rəsmi dövlət qəzetlərində bu qədər tənqidi materialla rastlaşmısınızmı? Axı biz az qala hər nömrədə ən yüksək posta oturan məmurları faktlarla qınayırıq və məzəmmət edirik, onlar da dərhal yazdıqlarımızdan nəticə çıxarırlar" deyir. Baş redaktorun sinəsi dolu olduğunu görüb əməkdaşlıq təklif edirəm ki, blokadanın yarılmasında bizim də dəstəyimizə ümid edə bilərlər, amma bir şərtlə ki, təqdimat həqiqəti əks etdirsin...

Dəyərli oxucu, artıq burada səfər təəssüratlarıma nöqtə qoymağa hazırlaşıram. Ümid edirəm ki, səmimiyyətimə şübhə etməyəcəksən və oxuduqlarının hamısının həqiqət olduğuna inanacaqsan. İnanmamaq və şübhələnmək də haqqındır və nəzərə alın ki, mən bu 3 günlük ziyarət çərçivəsində Vüqar Babayev xaric nə bir məmur gördüm, nə də Muxtar Respublikadakı ictimai-siyasi durumu analiz etməık imkanım oldu. Sadəcə bu qeydlərimi Naxçıvanla ilk tanışlığıma bağışlayın və əmin olun ki, hər şey elə oxuduqlarınız kimidir...