Xalid Kazımlı Xalid Kazımlı

Dönməz və işıqlı mübarizin qətli

Xalid Kazımlı



O, 24 ildən bəri tanıdığımız siyasətçi idi. Biz onu hələ çox gənc ikən, 32 yaşında Novqorodun qubernatoru işlədiyi vaxtdan izləyirdik. Sonradan o, yanacaq naziri, daha sonra baş nazirin birinci müavini oldu. Bu gün-sabah Nemtsovun baş nazir təyin ediləcəyi gözlənilirdi, ancaq hərbi-sənaye kompleksi, təhlükəsizlik-kəşfiyyat qruplaşması gənc siyasətçinin karyerasını baltaladı və o, hakimiyyət komandasından müxalifət düşərgəsinə keçdi.
Uzun illərdir ki, Rusiyada haqq-ədalətin keşiyində dayanan, daima doğru danışan, ölkəsinin qonşulara və dünyaya münasibətdə dürüst davranmasını, aqressiyadan əl çəkməsini israrla bildirən 3-5 şəxsdən biri məhz Boris Nemtsov idi. Bu adam həmişə haqlının, məzlumun yanındaydı və heç vaxt Rusiyanın təcavüzkar siyasətçilərinin yanında olmurdu.
Nemtsovla bağlı bir neçə epizodu xatırlayıram. Onlardan biri də belədir. 2001-ci ilin sentyabrında ABŞ-ın Nyu-York şəhərində əkiz göydələnlərin və Vaşinqtonda Pentaqon binasının qaçırılmış təyyarələrlə taran edilməsindən sonra bütün dünyada anti-müsəlman kampaniyası başlanmışdı. Rusiyada da mücahid çeçenlərə görə müsəlmanlara qarşı növbəti nifrət kampaniyası körüklənirdi. ORT telekanalı ilə bu mövzuda aparılan tok-şouda Boris Nemtsov bu hadisənin müsəlmanlara qarşı kampaniyaya çevrilməsinə etiraz edərək bildirdi: "Mənim həyat yoldaşım tatar qızıdır, müsəlmandır. Mən hər gün müsəlman qadınla nəfəs-nəfəsə yatıram və heç bir təhlükə hiss etmirəm". Onun bu sözü zalda gülüş dalğasına səbəb oldu, ancaq hər kəs razılaşdı ki, gerçəkdən də dinc müsəlmanlarla terrorçu qrupları bir-birinə qatmaq olmaz.
Boris Nemtsov demokrat idi, azad seçki tələb edirdi, qatıldığı seçkilərdə saxtakarlığa məruz qalırdı, bəzən onun və partiyadaşlarının qazandığı mandat qəsb edilirdi, ancaq o sınmırdı, mübarizədən uzanmırdı.
Boris Yefimoviç vətənpərvər idi, ancaq şovinist deyildi. O, postsovet məkanındakı ölkələrin demokratik müxalifəti ilə əlaqələrə malik idi və Rusiyanın bu ölkələrlə dinc, yanaşı yaşamasının, onların daxil işlərinə burun soxmadan siyasət yeritməsinin tərəfdarı idi.
Rusiya 2008-ci ildə Gürcüstana hücum edəndə Nemtsov bu hərbi kampaniyaya etiraz edənlərin ön cərgəsindəydi. Moskva Krımı Ukrayndan qoparıb özününkü elan edəndə də Nemtsov buna qarşı çıxdı, ömrünün son gününə qədər Ukraynanın məruz qaldığı təcavüzü pislədi, qardaş ölkənin haqq işini müdafiə etdi.
Onu, əlbəttə ki, məhz bu cür siyasi fəaliyyətinə görə öldürdülər.
Tarixi siyasi qətllərlə zəngin olan Rusiyada bu qətl o qədər də böyük təəccüb doğurmamalıdır. Zatən, bu ölkədə çılğın siyasətçilər korpusu ekstremal situasiya yaranan həmişə qaba, patavalı siyasət yeridir, zora, sui-qəsdə, terror əl atır, isterik qərarlar verirlər. (Çeçenistan liderlərin BƏƏ-də, Türkiyədə, Avropa ölkələrində qətlə yetirilmələrini xatırlayın).
Nemtsovdan qabaq da Rusiyanın yaxın tarixində hakimiyyətə müxalif şəxslərin qətli olub. Keçmiş təhlükəsizlik zabiti Aleksandr Litvinenkonun, jurnalist Anna Politkoskayanın qətlləri kifayət qədər qalmaqal doğurmuşdu.
Bu dəfə məsələni qəlizləşdirən ən böyük detal Boris Nemtsovun siyasi çəkisi, statusudur. O, post-Putin dövründə ölkəni idarə etməyə iddialı üç-beş nəfərdən biriydi, üstəlik, Putinin adını çəkərək onun tərəfindən öldürülə biləcəyindən qorxduğunu ölkənin ən oxunaqlı qəzetlərindən birinə verdiyi müsahibədə demişdi.
Budur, Nemtsovun öz aqibətinə dair verdiyi qara proqnoz doğrulub. O öldürülüb. Əsas şübhəli də onun adını çəkdiyi şəxsdir. Nə qədər o yan-bu yana dartılsa da, qətlin sifarişçi və icraçıları, eləcə də hadisənin motivi yüzdəyüz aydınlaşmayana qədər əsas şübhə ünvanı Kreml olacaq.
İndi bəziləri deyirlər, yəni Putin reallıq hissini bu qədərmi itirib ki, belə bir avantürist sifariş versin.
Məgər Putin və digər rus siyasətçiləri son dövrlərdəki hərəkət və qərarlarında çoxmu ciddi ağıl-kamal, təmkin, müdriklik nümayiş etdirirlər? Krımın ilhaqı, sərnişin təyyarəsinin vurulması, Donbasda gedən qanlı müharibə, Rusiyanın dünyaya meydan oxuması və sovet dövründəkindən də pis sanksiyalara məruz qalması reallıq hissinin çoxdan itirilmiş olmasına dəlalət etmirmi?
Putinin 2000-ci ildən başlayan hakimiyyəti dövründə Rusiya bir neçə yüz min insanın qətlinə baiskar olub, bir nəfər nədir ki…