Arzu Abdulla Arzu Abdulla

Nemət Pənahlının Xocalısı

Arzu Abdulla




"Bir dəqiqə, çəkirəm, ciddi, ciddi, hazırdı, durun gedin". Aha, bitdi, çəklişi deyirəm, dağılışa bilərsiz cənablar və bəylər, siz ey "vətənpərvərlər" və "türkçülər", "xalqsevərlər", xalq yolunda canını "fəda edənlər", dağılışın, lütfən, dağılışın!
Bax beləcə, daha bir Xocalı günü yaşandı. Nənələr demiş, haya-huya bir də getdi on iki aya.

Amma insafən bu ilki Xocalı günü o biri ilkilərdən daha maraqlı, dostum Sübhan demiş, daha kreativ oldu. Sanki gənclər, qocalar, hətta modellər yarışa girmişdilər. Görək kimin daha çox fotosu yayılacaq facebookda, görək kim daha çox soxacaq özünü o telekanallara, görək kim daha çox adamın anasını ağladan, gözlərini dolduran, pafosla dolu status yazacaq? Qocaman işbazlar isə (onlar artıq özlərini xalqa türkçü və qatı vətənpərvər kimi sırıya biliblər) büdcədən Xocalını dünyaya tanıtmaq üçün ayrılan pullarla ailəsini də götürüb xaricə üz tutdu, yaxşıca istirahət etdi bircə həftə. Bəs nə, bu işbazlar öz dilləri ilə desək, Xocalının dünyaya hayqıran səsidir.

Amma nə qədər istəsələr də içlərini gizlədə bilmədilər. Gülə-gülə onun-bunun qoluna girib, hansısa məşhurun qoltuğuna başını soxub, hansısa deputatın çiynindən sallanıb şəkil çəkdirənlərin dərdinin Xocalı deyil başqa zad olduğu çox açıq sezilir. Xocalı faciəsi bu adamlar üçün deputatlığa, məmur kürsüsünə, üzü yuxarı gedən yoldur. Məmurluğa yol Xocalı faciəsindən keçir desək, yanılmalırıq.
Hələ biri var gəncdir, amma gənc olsa da perespektivli gəncdir. Yəni ömründə bir dəfə bir Xocalı qaçqınının qapısını açmayan bu gənc bütün dünyaya Xocalını təkbaşına "tanıdır". Sən demə, ömüründə əlinə bir kitab almayan bu gədə hətta alim imiş. Adam çalışır-vuruşur, gecəsini gündüzünə qatıb gah ermənilərə şıllaq atanda, gah Kolizeyin qarşısında "Xocalım mənim, çörək ağacım" mənim şeirini hayqıranda, gah da ingilis demokratlarına əsl Xocalı həqiqətlərini çatdıranda şəkil çəkdirir, facebookda paylaşır, sonra burda acından ölən sayt redaktorlarının hərəsinə bir konyak alacağına söz verir və bu şəkilləri durmadan xəbər saytlrı manşet edir.
Azərbaycanda çox məşhur bir türkçü var. Milli mənşəyi türk olmasa da, tükçülükdən xeyli pul qazanıb, kişi özünə əməlli-başlı biznes qurub. Xarici ölkələrdə türkçülüklə bağlı nə qədər tədbir olsa hamısına ailəvi qatılır. Həm ailəsi ilə xarici ölkələrdə yaxşıca onun-bunun hesabına kef edir, yeyib-içib dincəlir, həm də məşhurlaşır. Yerli telekanalların cibəgirən müxbirlərinin cibinə beş on manat basıb fısıldaya fısıldaya çıxışlar edir, barmağını əcaib hala salıb göyə qaldırır və "haray, haray mən türkəm" deyir. Qardaş, türksən ol da türk, day niyə haray salmısan? İngilis, yəhudi bütün dünyaya sahibləndi bir dəfə qışqırdımı "haray haray mən yəhudiyəm", "haray hray mən ingilisəm" dedimi?

Hə biri qaldı axı. Biri də var, uzun, şeşəbığları var, özü də partiya sədridir. . Bığları da, ağlı da, qəhrəmanlığı da eləcənə Koroğlu babasına bənzəyir. Deməli, özü deputatdır və ayda dövlət büdcəsindən partiya sədri kimi on min manat, deputata kimi 1575 manat pul alır. İl ərzində ancaq tarixi günlərdə üzə çıxır və bığlarını hənalayıb, yaxşıcana burub, "Qaynana" filmindəki Cənnət xalanın əri Kərbəlayi Məşədi Kazım kimi qaşlarını göyə qaldırıb özünə guya dahiyanə görkəm verib şəkil çəkdirir. Şəklini facebookda çox dəhşətli statuslarla paylaşır. Məsələn, "Türkün türkdən başqa dostu yoxdur", "Türk oğluyam at belində doğulmuşam". Evin tikilmişə bir başa salan da yoxdur ki, indi sən nolsun ki, hələ də fikirin atın-eşşəyin yanında qalıb, camaat Marsda torpaq alır, villa tikir.
Adamı da yandıran odur ki, bu ölkədə türkçülük biznesinə girişib pul qazananların heç birinin babası-nənəsi türk deyil.
Deyirəm, ey xocalısevər vətən aşiqləri o ezamiyyət pulunuzu bir il toplayın və bir normal kino və ya sənədli film çəkdirin. Sonra həmin filmi bu ərəfələrdə dünyanın müxtəlif ölkələrində nümayiş etdirin.

Amma bilmirəm nədənsə hər dəfə bu Xocalı günü başlayandan bitənə qədər mən Azadlıq hərəkatı zamanı meydan dolu adamı bir barmağı ilə oturdub qaldıran Nemət Pənahlını xatırlayıram. Deyirəm, hardasan ey Azərbaycanın Mandelası gəl, gəl yerin görünür. Bu qədər manısa bir dirijor, bir çubuq, bir barmaq da lazımdır axı. Eybi yox, hələ ki təzə drijor yetişdirilənə qədər Nemət bəy öz keçmiş missiyasını yerinə yetirə bilər. Məncə Nemət Pənahlı dəmir barmaqlılqar arasından da barmağını uzada bilər.

Aha, budur, əziz xocalısevərlər, Nemət bəy ordan nəsə sizlərə barmaq edir. Əziz xocalsevərlər barmaq üzüaşağı əyildi yəni otrun Xocalı tamaşası başa çatdı. Oturun deyidli axı. Əşşşi, oturun da, aaa, elə bilirlər ki, elə Xocalı haray deyən kimi bunlara vəzifə verilməlidir. Veriləcək də nolubun, 23 ildir qışqıranlar o tərəfdə qalıb, bunlar bu il tumanlarını çəkib düşüblər ortalığa vəzifə davası edirlər, oturun! Bax, oturun deyildi sizə yoxsa Nemət bəy qışqırar haaaa, "oturmayan ermənidi!".