Aqil Ələsgər Aqil Ələsgər

Baharı görmək arzusu...

Aqil Ələsgər


Sabah Yeni Gündür, yəni Novruz…

Baharın gəlişi…

Yazın nəfəsinin duyulması…

Qışdan qurtuluş…

Baharın gəlişi nədən bayram olsun ki?

Bunu tarixində qışı yaşamayan bir millət anlaya bilməz…

Tarixi boyu qışı yaşayarsa, o zaman Bahara necə ehtiyac duyduğunu anlar və onun gəlişi toy-bayram olar…

Öz kimliyini dərk etdiyi gündən bu günə bu millətə hər zaman qışı yaşatdılar…

Zamanında Kür Şad 40 fədaisi ilə Çin qışından çıxıb bahara qovuşdurmaq istədi bu milləti…

Bəlkə özü baharı görmədi, amma millətinin baharı görməsini təmin etdi…

Sonra xaçlı yürüşlərinin qarşısında gördü özünü…

Sadəcə başqası ona qışı yaşatmadı ki…

Bəzən özündən olanlar belə ona qışı yaşatdı…

Ancaq o, heç vaxt ümidini itirmədi…

Hər zaman bahara qovuşmaq eşqiylə yandı-qovruldu və sonunda hər zaman öz baharını özü qazandı…

Bu gün baharı qeyd edirik, ancaq içimizdəki qış soyuğu dinmək bilmir…

Necə dinsin ki? Doğu Türküstanda, Mosulda, Hələbdə, Hamada, Humusda türkə qarşı qətliamlar bitdimi ki, dinsin…

Sadəcə türklərinmi bahara ehtiyacı var? Bizimlə eyni qədəri yaşayan Arakandakı, Qəzzadakı müsəlmanların da bahara ehtiyacı var. Onlar da baharı görmək istəyir…

Onlar da Ergenekondan çıxmaq üçün çabalayır…

Çünki onlar da bizim qədər ortaqlarımızdır…

Düşmənin gözündə onlar bizdən ayrı deyil…

Biz nədən baharı onlarsız yaşayaq ki?

Bir gün baharı mütləq görəcəyik…

Baharı Türkməneli də görəcək, Arakandakı, Doğu Türküstandakı, Qəzzadakı insanımız da görəcək…

Bir gün Qarabağa da, Zəngəzura da, Göyçəyə də, İrəvana da bahar gələcək…

Türk Qızıl Almasız yaşaya bilməz…

Bahar əslində Turandır!

Bahar əslində millətin və ümmətin birliyidir…

Bahar əslində bizim üçün bir qızıl almadır…

Ancaq biz o baharı mütləq görəcəyik…

Ona görə, bu bayramı "bizim deyil" deyənlərə qulaq asmayın…

Bu bizim vuslatımızdır…

Bu bizim bayram həsrətimizdir…

Adlara fikir verməyin, birisi Novruz deyər, digəri Ergenekon, bəziləri də başqa bir ad qoyar…

Əsas olan Baharı qarşılamaqdır…

Gələn Baharın gözlənilən Bahar olmasını arzulamaqdır əslində bu günü qeyd etmək…

Bayramınız mübarək…