Elşad PAŞASOY Elşad PAŞASOY

Depodakı cinayət

Elşad PAŞASOY



"Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!"

Bu kəlmələr Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. Şərqdə ilk demokratik cümhuriyyətin, Azərbaycan dövlətinin qurucusuna, lap elə qoy hakim düşərgədəkilərin təbirincə deyək, cümhuriyyət qurucularından birinə...

Ömrünü Azərbaycan uğrunda şam kimi əridən, cəlayi-vətən olan, ailə-uşağını bayrağını daim yüksəklərə ucaltmaq uğrunda mücadilə aparan ölkəsinə qurban verən bu insanın hər sözü, hər kəlməsində Azərbaycan yanğısı var.

Elə isə ucaltdığı və "bir kərə enməyəcək" deyibən dalğalanmasına fəxarətlə baxdığı üçrəngli bayrağının kölgəsində oturub, bu millətə bəxş etdiyi cümhuriyyətdə səlahiyyət sahibi olub dövranını sürən bir para məmurlar nə istəyir o kişidən? Onun ruhunu hər dəfə narahat etməkdən nədən belə zövq alırlar?

Sonuncu "qəhrəmanlığı" Bakı metrosunun rəhbərliyi edib. Yayılan məlumata görə, "Bakmil" metrostansiyası ərazisində Məmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü dağıdılıb. Rəsulzadənin depo ərazisindəki büstü 1992-93-cü illərdə - ?bülfəz Elçibəyin prezidentliyi dövründə qoyulubmuş.

İddialara görə, bir neçə gün öncə metropolitenin yeni rəisi Zaur Hüseynov həmin büstün sökülməsinə göstəriş verib. Görəsən, metronun rəhbəri bilirmi ki, mərhum prezident Heydər Əliyev hələ 90-cı illərdə Mütəllibov hakimiyyətini Rəsulzadəyə ögey münasibətə görə tənqid etmişdi. O, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə qoyulması barədə də sərəncam vermişdi, daha olan-qalan abidələrin sökülməsini tövsiyə etməmişdi.

Z.Hüseynov üçün bunlar uzaq keçmişdirsə, heç olmasa prezident İlham Əliyevin M.Ə.Rəsulzadə ilə bağlı il yarım öncəki sərəncamını yada salaydı. 22 noyabr 2013-cü ildə dövlət başçısı Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sənəddə Rəsulzadə "milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim" kimi təqdim olunub. Məntiqlə metropoliten rəhbəri ölkə başçısının kursuna sadiq olmalı idi...

Əslində metro rəisi YAP-çıların sözü olmasın, bu sərəncamı əldə rəhbər tutaraq Rəsulzadənin yubiley tədbirlərinə öz töhfəsini verməliydi. Daha o, sələfi Tağı Əhmədovun səhvini təkrarlamamalıydı. Unutmamısınız yəqin, prezident sərəncamından az sonra Tağı müəllim Məhəmməd Əminin "28 May" stansiyasındakı abidə-şəklini dağıtdırdı.

Yeri gəlmişkən, o zaman Bakı Metropilteni demişdi ki, Rəsulzadənin şəklinə toxunmayacaqlar, "üstü tozlanmasın deyə, üstü örtülüb, təmirdən sonra portret də yerində qalacaq"-demişdilər...

Kimin işi düz gətirmir, əsəbiləşir, gedir acığını Rəsulzadən çıxmağa çalışır. Az qala hər il ya Rəsulzadənin adını daşıyan ünvanda nəsə olur, ya büstü dağıdılır, ya da...
Kukla Teatrının qarşısında bir daş lövhə var idi, Rəsulzadəyə abidə qoyulacağı yazılmışdı, indi yerində fəvvarə var.

Bir müddət öncə Rəsulzadənin Sabirabad rayonundakı büstü də götürülmüşdü. Hara aparıldığını indiyədək bilən yoxdur.

Gəncədə Dəmiryolçular parkında Rəsulzadənin büstü 3 ildir ki, bez parçasına bükülmüş vəziyyətdədir. Təsəvvür edin, adamlar Ankaraya gedib Əsri məzarlığında Rəsulzadəni ziyarət edə bilir, ancaq Gəncədə büstü mələfəyə büküb insanlardan qoruyurlar.

Heç olmasa normal qaydada götürüb bir yerə təhvil verəydilər. Axı, bu şəkillər, büstlər həm də zəhmət hesabına başa gəlib, sənət əsəridirlər, onları götürüb zibilliyə atmaq həm də cinayətdir.

Adam düşünür ki, görəsən, Rəsulzadəyə nə veriblər, ala bilmirlər? Axı Məhəmməd Əminin nəsil yadigarları da heç nəyə iddialı deyil. Nəvəsi Rəis bəy babasının ocağını istədi, onu da vermədilər, adına bir muzey də yoxdur. Gözəl rəssam olan bu insan əsərlərini yığmağa yer tapmır babasının qurduğu məmləkətdə.

Fəxri Xiyabanda "Müsavat cəlladları tərəfindən güllələnmiş"lərin məzarlarını, başdaşlarını göz bəbəyi kimi qoruyanlar yoxdan bir bayraq ucaltmış kişiyə büstü də çox görürlər. Hətta depoda da.

Rəsulzadənin bizə yox, bizim ona ehtiyacımız var. Yolunu davam etdirmək, bayrağımızı qorumaq üçün onun ideyalarına sahiblənməliyik, daha inkar etməməliyik. Avropa Oyunlarına baxmaq üçün gələcək turistlər birdən Rəsulzadənin büstünü soruşdu. Depodakı hadisəni eşitsələr ayıb olmazmı? Axı hara gediriksə, Şərqdə ilk demokratik cümhuriyyət bizim olub deyirik. Cümhuriyyət memarının büstünümü dağıdarlar, cənablar?

(musavat.com)