Seyfəddin Rzasoy Seyfəddin Rzasoy

Vəkilov - haqq dostu!

Seyfəddin Rzasoy





Bu gün tanınımış vəkil Səməd Vəkilovun 40 yaşı tamam olur. Bu gün münasibətlə AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmlər doktoru
Seyfəddin Rzasoyun ona həsr etdiyi və AzNews.az-ın redaksiyasına göndərdiyi yazını təqdim edirik:



Hər bir xalqın keçmişi milli şəxsiyyətlərlə müəyyənləşdiyi kimi, onun bugünü və sabahı da eyni varlıqlara müncər olunur. Azərbaycan tarixi bu mənada, əslində, şəxsiyyətlərin tarixidir- tarix bütün hallarda teokosmik iradənin daşıyıcıları olan şəxsiyyətlər tərəfindən yaradılır.

Şəxsiyyət mənim üçün həmişə milli yöndən maraqlı olub və belələri haqqında kitablardan çox oxumuşam. İlk dəfə mərhum akademik Yaşar Qarayevin simasında alim-vətəndaş şəxsiyyətini kəşf etdim, daha sonra institutumuzun əməkdaşı ağsaçlı ana – Sənubər xanım Kərimovanın simasında vüqarlı və müqəddəs Azərbaycan anasının şəxsiyyət bütövlüyünün nə demək olduğunu başa düşdüm. Sonra anladım ki, belə milli şəxsiyyətlər, heç də bizdən uzaqlarda – kitab səhifələrində, tarixi rəvayətlərdə yox, yaxında, elə bizimlə bir yerdədirlər. Bu şəxsiyyətlərdən biri də Səməd Mustafa oğlu Vəkilovdur.

Səməd olduğu yerdə dərhal bilinən şəxsiyyətdir. Onun xasiyyətinə özünü gizlətmək, fürsət gözləmək, qınına çəkilmək kimi keyfiyyətlər yaddır. O – meydanı, açıq mübarizəni sevən, məsələlərin həllində xalqımızın minillərin təcrübəsində təsdiq olunmuş "bu meydan – bu sən" əxlaqi formulunu öz davranış düsturuna çevirmiş insandır. Bu da onu bir çox hallarda əks-prinsiplərlə yaşayan adamlara gözlənilməz, qeyri-standart gedişlərin daşıyıcısı kimi tanıtmışdır.

Səmədlə illər ərzində ünsiyyətim Azərbaycan xalqını mənə, sözün həqiqi mənasında, bilmədiyim, çox vaxt isə bilib qəbul etmək istəmədiyim tərəflərindən tanıtdı. Mən hər dəfə onun Azərbaycan xalqının psixologiyası, qrup (bölgə, məhəllə, tayfa) xarakterləri haqqında söhbətlərinə, sözün gerçək anlamında – etnopsixoloji təhlillərinə qulaq asıb heyrətlənəndə çox vaxt öz-özümə düşünürdüm ki, axı Səməd bunları haradan bilir? Niyə o, məndən yaşca bu qədər kiçik ola-ola bunları bilir, mənsə bilmirəm. Sonradan mən bu həqiqəti anladım...

O, dünyaya Vəkilov kimi gəlib. Əvvəlcə onun Vəkilovlar şəcərəsi haqqında söhbətləri mənə qəribə görünürdü. Sonralar Vəkilovluğun nə demək olduğunu başa düşdüm; anladım ki, Vəkilovlar Azərbaycanın bədənində or-qanizmi başdan-başa bağlayan, onu bütövləşdirən ana qan damarlarındandır. Bəlkə, kimlərsə məni bu yanaşmamda qınaya bilər və bəlkə, həmin insanlar öz "Vəkilov həqiqəti"ndə haqlı da görünə bilərlər. Ancaq mənim də bildiyim həqiqətlər az deyil...

Bu həqiqət mənim üçün uşaqlıqda millətə, xalqa vurğunluğun, sevginin Səməd Vurğun əfsanəsi idi. Böyüdüm, nağıl-əfsanə dünyam, demək olar ki, dağıldı. Ancaq Səməd Vurğun əfsanəm yox olmadı; onu mənim üçün Vaqif Səmədoğlu və Səməd Mustafa oğlu Vəkilov ölməyə qoymadılar...

Səməd bu xalqı sevir. Onun bütün nöqsanlarını görə-görə, bu qüsur və eybəcərliklərdən əziyyət çəkə-çəkə yenə də sevir. Səmədin bu sevgisi mənə "millətdən iyrənmək asandır, onu sevmək çətindir" – deyən Mirzə Cəlilin sevgisinin nə demək olduğunu başa düşməkdə kömək elədi.

Səməd mənə insanın içərisində yaşayan, genindən gələn ədəbiyyat sevgisinin də nə olduğunu anlatdı. O – hüquqşünasdır. Ancaq ədəbiyyat onun genindədir. Və bu gen "üzə çıxanda" Səməd tamamilə başqa bir insana çevrilir. Ədəbiyyatdan danışmaq lazım gələndə onu gərək natiq kimi, ədəbiyyata qulaq asmaq lazım gələndə onu gərək dinləyici kimi, ədəbiyyat sevgisini ortaya qoymaq lazım gələndə onu gərək, bədii söz aşiqi kimi öz gözlərinlə görəsən...

Lakin mənim üçün bütün bu dediklərimin fövqündə bir Səməd də var: dost. Son illərdə mənim düşüncəmə hakim olan, məni həyatın eybəcərliklərinin içərisindən keçirən bir ilahi kəlam var: "Dost istərsən, təkcə Mən sənə yetərəm". Və mən başa düşdüm ki, Cənab Allah öz bəndələrini tək qoymaq istəməyəndə bəndələrindən kimi isə "dostluqla yükləndirib" sənin ünvanına yollayır.

Səməd Azərbaycanda nakişiliyinin ayaq açıb yeridiyi bir zamanda, "dost" deyib süfrəsində, qapısında, kabinetində yalmandığı insan hələ yıxılmamış özünə dərhal təzə səlahiyyətli dost axtaran, dünənə qədər nifrət etdiyi adamın sifətinə onun gözlərinin içinə baxa-baxa eşqnamələr deməyi bacaran, paxırları açılanda içində müqəddəslikdən əsər-əlamət olmasa da, öz "sədaqət"i haqqında bütün müqəddəslərə and içən, nəfəsi hətta öz ailəsi və uşaqlarının yanında da yalanla gedib-gələn, illərlə mənəvi enerjisini zəli kimi sorduğu insanlar barəsində söylədiyi yalan və iftiralarla hətta Şeytanın özünü heyrətə salan, bir fərasətli şagird kimi ondan aldığı "əhsən"in enerjisi hesabına yaşayan adamcıq-şeytancıqlardan iyrəndiyim bir zamanda insanlara olan inamımı qırılmağa qoymadı.



Şəxsiyyətini, işini, mənafeyini təhlükəyə atdı, ancaq meydandan çəkilmədi. Sonradan mən başa düşdüm ki, Səməd "şeytanlarla meydanda açıq mübarizə" alnına – taleyinə yazılmış insanlardandır. O, əslində, səni yox, sənin simanda haqq hesab etdiyini müdafiə edir. Və onun şəxsiyyətinin bütün cazibəsi də elə bunda – haqqa və haqq daşıycılarına olan sevgisindədir.

Bu mənada insan onun özünə də, Səristan, Qurban, Elşən, Rövşən kimi dostlarına da qibtə edir. Ancaq Səmədin Allahdan gələn bir uca keyfiyyəti də var: o, bütün dostlarının arasında bir körpüdür. Heç kəsə qibtə hissləri keçirməyə imkan vermir - bir də gözünü açıb özünü "Səmədin dostları" adlanan mənəvi mühitdə – ocağın başında görürsən.

Mən təbiətən meydan adamı deyiləm, sakit bir küncü, məni öz dünyasına götürüb apara bilən kitabları, bir də yazı maşınımı sevirəm. Səməd meydan adamıdır. O, həmişə insanların içərisindədir. Onların problemlərini, dərd-sərlərini böyük diqqətlə dinləyir və bu müşkülləri həll etməyi həyatının mənası və zövqü sayır. Səmədin şəxsiyyətini mənalandıran da elə budur: daim insanlara, onların köməyinə can atması və bütün bunların içərisində insanlığını yaşatması...

Səməd haqqında danışıb, onun ailəsindən danışmamaq olmaz. Bu ailəni mən Qarabağ savaşında tanıdım. Özünü bu xalqın övladı sayan hər bir kəsin ürəyində bu döyüşdə iştirak etmək, ən azı bir dəfə də olsa, arzu kimi kök salıb. Ancaq nəyəsə qalib gəlib bu arzusunu gerçəkləşdirmək hər kəsə müəyyəssər olmayıb.
Səmədin qardaşları və özü bu savaşda iştirak etmədən vətən torpağında yaşamağı özlərinə, sadəcə, ayıb sayıblar. Böyük qardaşları Əhməd və Mobil könüllü olaraq özlərini od-alovun içinə atıb, bütün qiyməti mənəvi dəyərə müncər olunan Qarabağ savaşçısı kimi müqəddəs titula yiyələniblər. Səməd özü hərbi xidmətini düşmənlə burun-buruna – döyüş bölgəsində, snayperlərin atəşi altında keçirib.

Səməd haqqında çox yaza bilərəm. Bu mənada yazmaq istədiklərimin bir çoxu qaldı. Fikrimi bitirə bilmədim. Bunun səbəbi mənim bitmiş bir fikir yaza bilməməyimdə yox, Cənab Allahın yazdığı "Səməd Mustafa oğlu Vəkilov" adlanan ömrün öz sözünü hələ bundan sonra deyəcək hadisə olmasındadır. Səməd adlanan şəxsiyyətdən indi yalnız dostları, kollektivi, işgüzar münasibətdə olduğu adamlar faydalanırlar. Lakin Allah bu sərvəti xalq üçün yaradıb və inanıram ki, Cənab Allah öz yaratdığına xalqın sözünü deməyi də qismət edəcək.