Leyla Rəşid Leyla Rəşid

Sən xoşbəxtsən, kor!

Leyla Rəşid




AzNews.az gənc şairə Leyla Rəşidin son şeirlərini təqdim edir:


Darağını axtarıram bu dünyanın

Darağını axtarıram bu dünyanın,
Saçlarının biti yağır.
Bir telində qarışqalar yem daşıyır ,
Min telindən qan sovuran gənə baxır...

Darağını axtarıram bu dünyanın
Təmizləyim, sığal çəkim tellərinə,
Qan qoxuyur, mərhəmətdən, məhəbbətdən
ətir səpim tellərinə.
Çiçək düzüm gülüşlərdən,
Çələng edim öpüşlərdən...

İstədilər tağ atdılar saçlarına,
Neçə yerdən hörük vurub bağ atdılar saçlarına.
istədilər tüstüsü başından çıxsın
Yağ atdılar saçlarına.
Boyadılar həm ağ- qara,
həm al qana,
boyadılar yana-yana...

Darağını axtarıram bu dünyanın
Tanrım, sənin əlindədir?
İçimdəki ilahi səs:
-Daraq onun barmaqları, daraq sənin barmaqların,
onun, sənin əlindədir.


Kor, amma sən...

Həyata küsmə kor!
Hə, dünya nurundan payın yox sənin
Günəşin yox sənin, Ayın yox sənin.
Gözləri deyil, sözləri görürsən,
üzləri deyil, sözləri sevirsən.
Görmürsən təbiətin fırçasında boyasını-
ağ qarını,
yamyaşıl ormanını, sarı qumlu səhrasını...
görmürsən.
Amma sən qar üstundə qan izini,
Yurdu olan yurdsuzların bənizini
Meşələri alovlanan ürəklərin tüstüsünü görmürsən, kor!

Gözəlik nədir aləmində, bilmirəm..
Gözəllərin üzündəki həyasını görmürsən.
Amma sən, qəlbində on "sevgi" yatan,
Ruhunu satan bakirələri,
Vucudunu kapital edən kariyeristləri də görmürsən, kor!

Sənin əxlaqın nurlu, gözlərin kor,
Amma görən gözlər var ki, şor.
Sənin gözlərin tox,
tamahın yox.
Amma acgözlər var ki,
nəfsi çox.
Bəsirəti bağlı,
Fəziləti zığlı...

Sən zəngin sarayları, göyü dələn qüllələri,
Zərzibalı otlləri, otaqları,
Yaraşıqlı yataqları görmürsən.
Amma sən dərdinin odu ilə isinən,
Ümidin işartısı ilə nurlanan daxmaları,
Samanlı döşəkləri, ilanlı çadırları da görmürsən kor!

Sən görmürsən,
Amma sən xoşbəxtsən, kor!
Mənin, onun gördüklərini görmürsən.
Ürəyin mənim, onun kimi acıyırmı?
Haqqın saçları yonulanda,
Ülgüczüz daz ediləndə başı
Tanrının mizanı, tərəzisi pozulanada,
dünya ədalətsizliyə susanda,
üsyan edən "lal" dillərin göz yaşı
içini acıdırmı?

Sən xoşbəxtsən, kor!
Zülmətlər içində saf, aydın dünyan var .
xəyalının öz güzgüsü, təmiz aynan var
bu dünyaya baxmağa.



Sərhədsiz vətən

Hər kəsin dövləti- Yer kürəsi,
milliyyəti- insan,
dili- məhəbbət,
dini- mərhəmət olsa...

Düşünsənə,
əsgərsiz vətən,
səngərsiz vətən,
sərhədsiz vətən.
Tikanlı məftillər,
silahlar, mərmilər,
dənizləri qoruyan gəmilər,
qanadlı, uçan dəmirlər
kimə lazım o zaman?!
Düşünsənə,
Sənin,
mənim,
onun,
bizim
yer kürəsi-vətənimiz.
Nəyi bölüşə bilmirik?
Torpaq, su, hava
Hamıya yetər olsa,
Onun, mənim, sənin
Başın, əlin-ayağın, bədənin
Nəyi bölüşə bilmirik?

Hər kəsin milliyyəti insan olsa,
Nifrət deyil, sevməyi öyrədər analar
Kiçicik ürəklərində kin cücərtməz uşaqlar,
Şəhid deyil, qızlara ər doğular.
Artıq sözlər nəyə gərək
məhəbbətin dili varsa,
Bu qırgınlar, bu savaşlar nəyə gərək?
Hər kəsin oturmaq üşün yeri varsa.
Dünya darısqal olmaz ki,
Bir insanın ürəyində
Min insanın yeri olsa...