Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

“Onların məqsədi türk dövlətlərinə qarşı çıxmaqdır”

Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.


QAT-ın sədri Akif Nağı AzNews.az-a deyib ki, Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı çıxartdığı qərar ayrı-ayrı təşkilatların ikiüzlü siyasətinin nümunəsidir:
"Buna təəccüblənmək olmaz. Avropa Parlamentinin bu qərarı birinci dəfə deyil. 2005-ci ildə və bu ilin mart ayında Avropa Parlamenti bu quruma daxil olan ölkələrə qondarma "soyqırımı"nın tanınması haqda müraciət göndərdi. Dünən də bu siyasətin davamı həyata keçirildi. Bu, erməni lobbisinin ayrı-ayrı beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətlərin rəhbərlərini ələ almasının praktiki nəticəsidir. Birmənalı şəkildə bu layihəni dəstəkləyənlər Ermənistanın nahaq işinə don geyindirməyə çalışır və erməninin yalanlarına şərik olurlar".

A.Nağı əlavə edib ki, bu qərara səs verən həmin beynəlxalq təşkilatların özləri də bilir ki, 1915 -ci ildə ermənilər heç bir qırğına məruz qalmayıb: "Bu addımı atmaqla onlar həm erməniləri müdafiə edirlər, həm də həmin yalanlardan istifadə edərək türk dövlətlərinə qarşı çıxırlar. Hesab edirəm ki, bu, türk dövlət rəhbərlərinin siyasətlərinin müəyyənləşdirməsi üçün bir əsas olmalıdır. Biz o qurumlara inanmamalıyıq, öz gücümüzə və Türkiyə ilə olan əlaqələrimizə güvənməliyik".

Bahar RÜSTƏMLİ
AzNews.az