Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günüdür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.


Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

AZNEWS.AZ xəbər verir ki, ibtidai icma dövrü adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoyub. Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlayıb. Bunun da təbii fəlakətlər, müharibələr, "bərpa" adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəbləri var.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Zəngin müşahidə qabiliyyəti və mütəxəssisin gözü isə bu abidələrdən çox şirləri oxuyur. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Xalqın mənəvi xəzinəsinin, "mən"inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.

Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların tarixən keçdikləri kəşməkəşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətlərinin yaranması ilə bağlı şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk".
Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.

Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" isə bundan sonra görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Bu il aprelin 18-i həm də İCOMOS-un yaradılmasının 50 illik yubileyidir. UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. Xatırladaq ki, ötən il aprelin 18-də paytaxtımızda İCOMOS-un prezidenti Qustava Araozun iştirakı ilə Azərbaycan Milli Komitəsinin təsis edilməsi ilə bağlı təşkilatın təşəbbüs toplantısı keçirilib.

Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.