Tofiq Hüseyn Tofiq Hüseyn

Üzünüzdə təbəssüm görüm

Tofiq Hüseyn



İnsan öz keçmişini unuda bilmir. Düşünüb-daşınıb, nə billah eləsən yenə də ötüb keçənləri yada salır, bu gün gördüklərinlə keçmiş arasında paralellər aparırsan.

Onda necə idi, indi necədir? Məsələn, indi "Müştəri xidmətləri" deyilən xidmətlər onda da var idi. Əmanət banklarında, poçt filiallarında, danışıq məntədələrində, digər yerlərdə əsasən rus, azərbaycanlı qadınlardan ibarət xidmətçilər müştəriləri qəbul edib yola salırdılar. Onları tərifləmək niyyətində deyiləm. Yuxarı-aşağı səviyyəliləri şübhəsiz ki, var idi. Yadımda qalan nədir? Yadımda qalan onların hamısının üzündə olan təbəssümdür. Müştəriləri təbəssümlə qarşılayır, səbrlə-təmkinlə dinləyir, xoş-mehriban münasibət göstərirdilər. Xətrə dəyib ürək sındıranlara nadir hallarda rast gəlmək olurdu.

Bu gün bizə müştəri xidməti göstərənlərin əksəriyyəti gənc oğlanlar, qızlardır. Öz millətimizin balalarıdır. Son dərəcə səliqəli geyinirlər. Boyunlarından asdıqları tanıtım kartı, əyinlərindəki qara kostyum, ağ köynək, qara qalstuk görkəmlərinə xüsusi yaraşıq verir. Çox yəqin ki, əksəriyyəti xaricdə təhsil alıb, dövlət qulluğuna test üsulu ilə qəbul olunub. Bir neçə xarici dil bilirlər. Kompüterin "WORD" "EXZEL"ofis proqramlarından əlavə"FOCUS PHATO EDİTOR","WINDOWS 7 CODEC", "POWER DVD", "PARAGON FACY" kimi ən yeni proqramlarından da xəbərləri var. Bunlar yaxşıdır. Yaxşı olmayan nədir-əksəriyyəti tərəfindən müştərilərə soyuq, quru, bəzən sərt, hətta aşağılayıcı münasibət. Dəfələrlə şahidi olmuşam. Müştəri nəsə soruşur, xidmətçi qısa, konkret cavab verir. Müştəri cavabdan bir şey anlamayıb yenə də nəsə soruşur, xidmətçi bu dəfə hirslənir və heç cavab da vermir. Müştəri əsəbiləşir və onların arasında deyişmə başlayır.

Deyişmə hədə-qorxuya, hədə-qorxu təhqirə çevrilir. Müştəri redaksiyalara yazacağını, inzibati orqanlara şikayət edəcəyini deyir. Xidmətçi bütün sahələri yaxşı bildiyi kimi qanunları da yaxşı bilir. Haqsız şikayət edib şərəf və ləyaqətini alçaltsa,müştərini məhkəməyə verəcəyini bildirir. Belıliklə, bir neçə dəqiqə ərzində xidmət məkanında qanıqaraçılıq, əsəbi şərait peyda olur. Ətrafdakılar narahat olur, təəssüf hissi keçirir və əksəriyyət günahı xidmətçidə görür. Çünki belə bir hadisə nə vaxtsa digər müştərilərin də başına gəlib və bundan sonra da gələ bilər.

Kimə lazım idi bu. Bir xoş qılıq, ətraflı izahat, mehriban münasibət hər şeyi yoluna qoya bilərdi. Belə olan halda xidmətçi onu vətəndaşdan niyə əsirgədi. Bizə xaricdə elm-savad öyrədə bilərlər. Öz millətimizin xarakterini özümüz öyrənməli və savadımızı, qabiliyyətimizi o xarakterə kökləməliyik. Bunu bacarmasaq yenə də eyib eləməz. Biz aza qane olan insanlarıq. Bizi elə bir xoş təbəssümlə də yola vermək olar.