Bu gün Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı gündən 95 il ötür. Həmin gün ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilmişdi. Bu gün Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı gündən 95 il ötür. Həmin gün ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilmişdi.

SSRİ dövründə Azərbaycanın itirdikləri və qazandıqları... – Jurnalistlərin gözü ilə

Bu gün Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı gündən 95 il ötür. Həmin gün ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilmişdi.


Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalını pərdələmək cəhdindən başqa bir şey deyildi.

Bu məqam yalnız rəsmi Moskva tərəfindən Azərbaycana qarşı edilən işğalçılıq siyasətinin bir günlük xronikası idi. Bəs, sonrakı 71 il ərzində Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə o "siyasətin" kölgəsində qazancı və itkiləri nə olub?

AzNews.az bununla bağlı jurnalistlər arasında sorğu keçirib.


Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirir ki, müstəqilliyi əlindən zorla alınan ölkənin qazancı ola bilməz: "Söhbət işğaldan gedirsə, necə, nəyi qazana bilərik? İtkilərimiz barəsində isə ən sadə tarix kitablarında belə, kifayət qədər yazılıb. SSRİ-nin tərkibində yaşayan ölkələr necə olmalıydısa, elə də olduq. İmperiya oxutmalıydı, oxutdu, bir tikə çörək verməliydi, verdi, amma bunların əvəzində kimliyimizi, milli mənliyimizi, adət-ənənələrimizi, dinimizi, əlimizdən almaq, bizi kökümüzdən ayırmaq istəyirdi ki, bunu bacarmadı. 1970-ci ildən sonra Azərbaycana rəhbərlik edən Heydər Əliyev siyasəti, idarəçilik qabiliyyəti, yüksək peşəkarlığı ilə xalqının inamını SSRİ-nin məkirli siyasətinə qurban getməyə imkan vermədi. O dövrdə məhz bu siyasətin köməyi ilə SSRİ-dən qazanc əldə edə bildik. Kənd təsərrüfatı inkişaf etdi, rayonlarımız abadlaşdı, Bakıda tikinti quruculuq işlərinə start verildi, əsasən metro tikintisini misal gətirə bilərik. Bununla yanaşı, Azərbaycanın elm, sənət adamları özlərini, bacarıqlarını nümayiş etdirməyi bacardılar. Bütün SSRİ-yə sübut olundu ki, Azərbaycan müstəqil yaşamağa qadir ölkədir və nəticə də xeyrimizə oldu".


"Axar.az" saytının redaktoru Pərviz Cəbrayılın fikrincə, işğalçının verdiyi hər hansı bir xeyir lənətə gəlsin: "Dövlətimi itirəndən sonra hansı qazancdan danışmaq olar ki?".


"Hocalihaber.com" saytının rəhbəri, Türkiyədə yaşayan azərbaycanlı jurnalist Kəbutər Haqverdiyeva hesab edir ki, Azərbaycan elə bir xalqdır ki, hansı quruluşda və rejimdə yaşasa da, öz mentalitetini önə çıxarır: "Amma bu sovet dövründə daha çox qabarıq göründü. Təhsil isə sovetin özünə lazım idi. Yüksək şüurlu bütün respublika birləşməsini torpağı, vətəni hesab edən bir cəmiyyətin quruculuğu ancaq təhsildən keçə bilərdi. Bunu bacardılar. Düşünürəm ki, sovet sisteminin çox qaydaları var ki, onları dağıtmaq lazım deyildi".


"Modern.az" saytının redaktoru Əfqan Qafarlı vurğulayır ki, keçmiş SSRİ-nin tərkibində Azərbaycanın qazancından danışanda elm və təhsil sahəsini qeyd etmək olar: "O dövrün təhsil sistemindən bəhrələnərək elm sahəsində bir çox qabaqcıl elm xadimləri – alimlər yetişdi. Eləcə də mədəniyyət və incəsənət sahəsində uğurlar əldə olundu, bu gün də maraqla izlədiyimiz ən baxımlı filmlərimiz çəkildi. Sənaye sahəsində Azərbaycana fayda verən zavod və fabriklər tikildi. Amma ümumilikdə itirdiklərimiz qazandıqlarımızdan daha çox olub. Torpaqlarımız zaman-zaman ermənilərə verilib, milli-mənəvi dəyərlərimiz, qabaqcıl ziyalılarımız məhv edilib, insanlarımız soy-kökündən, dinindən uzaqlaşdırılıb, xalqına qənim kəsilən milli manqurtlar yetişdirilib...".


"Avropa-info" saytının redaktoru Rəsul Mirhəşimli qeyd edir ki, bir müstəqil dövlətin başqa bir dövlət tərəfindən işğalı ən ağır hadisədir: "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və İslam dünyasına örnək olan bir dövlət olub. Təəssüf ki, uzun əsrlərlə azərbaycanlıların həsrət çəkdiyi müstəqil dövlətini Rusiya bolşevikləri işğal elədi.
Sovet Azərbaycanı zamanında ölkə əhalisinin uğurları az olmayıb. Amma itirdiklərimizin miqyası o qədər böyük olub ki, bu uğurlar o itkilərin yanında çox kiçik görünür. Repressiyalar Azərbaycanın nə qədər ziyalısını əlindən aldı. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana hədiyyə edildi. Nəhayət, sovetlər Azərbaycana Qarabağ boyda bir problemi miras qoyub dağıldı.
Bir dövlətin işğalı o ölkənin namusuna təcavüzdür. Bu təcavüzün acılarını Azərbaycan 70 il yaşadı. Büdcəsi, iqtisadiyyatı Moskvadan asılı olan bir ölkənin uğurları bir işğalın yanında çox sönük görünür".


Jurnalist Azər Sarıyev deyir ki, bu sualın cavabı çox geniş bir tədqiqat tələb edir və ona görə də ətraflı cavab vermək çox çətindir: "Yalnız onu deyə bilərəm ki, çox ciddi, dağıdıcı ziyanları ilə yanaşı xeyirləri də oldu. Ən azı insanların maariflənməsi, dini cəhalətin zor gücünə də olsa, məhv olunması baş verdi".


"Yeni Müsavat" qəzetinin əməkdaşı Azər Rəşidoğlu o dövrü işğal dövrü kimi xatırladığını bildirir: "Müstəqilliyi olmayan millətin nə şərəfi ola bilər, nə də uğuru".


Jurnalist Xəqani Səfəroğlunun gəldiyi qənaətə görə, SSRİ dövründə yönləndirilən ideologiya və idarəetmə xüsusi olaraq hansısa xalqın və müttəfiq respublikanın maraqları və irəli getməsi üçün nəzərdə tutulmayıb: "Bu dövlət özünün sərhədləri daxilində olan bütün subyektlərdə verdiyi qərarlar üzrə hərəkət edirdi. Azərbaycanın 71 illik SSRİ dönəmində ən böyük uduşu çar imperiyası zamanı pərakəndə olan torpaqların mərkəzləşdirilərək dövlət kimi oradan çıxması idi. Bu, həmçinin vahid Azərbaycan xalqının formalaşdırılması üçün də vacib detaldır. Digər uğurlara gəlincə, Azərbaycanda savadsızlığın ləğvi və sənaye şəbəkəsinin qurulması idi. İndiki müstəqil Azərbaycan SSRİ-nin mövcud olduğu müttəfiq respublikanın iqtisadi-sosial təməli üzərində bərqərar olub".

Bahar RÜSTƏMLİ
AzNews.az