Orxan Ülvi Orxan Ülvi

Şumaherin “Ferrarisi” və bizim avtobuslar – sürücülüyün 12 şərti

Orxan Ülvi



Bakı yollarında avtobusların iştirakıyla baş verən qəzalarının sayın durmadan artır, "məşəqqətli" avtobus sürücüləri can almaqda davam edir. Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar məsələlərələ bağlı müəyyən kampaniyalar aparsalar da, tədbirlər görsələr də, "avtobus terroru" sanki daha böyük vüsət alır. Yəqin bu, ona görədir ki, marşrutlar həmin kampaniyalar aparan, cəza tədbirləri görən rəsmi qurumlara deyil, ayrı-ayrı şirkətlərə məxsusdur. Və o şirkətləri peşəkar, qabiliyyətli, tərbiyəli sürücüdən daha vacib məqam maraqlandırır – Ucuz işçi. Bu səbəbdəndir ki, yollarda avtobus sürücüləri tərəfindən baş verən özbaşınalıq və qəza halları davam edir. Belə tipli sürücülərin seçilmə mexanizmini analiz etməyə çalışacam. Təbii ki, mənim və minlərlə sərnişinlərin hər gün rastlaşdığı nüanslar əsasında. Həmin sürücülərin bizlərdə yaratdığı təəssürat onların məhz bu arqumentlərlə seçildiyini deməyə əsas verir.

1. Görünüşü çox kobud olmalıdı;
2. Üz cizgilərindən qəddarlıq və zalımlıq "yağmalıdır". Sərnişin nəinki söz soruşmağa, heç buna cəhd etməməlidir. Əgər risk edib nəsə soruşarsa, ona elə cavab verilməlidir ki, verdiyi sual həyatında sonuncu olmalıdı;
3. Mütləq şərtdir ki, avtobusu idarə edən zaman siqaret çəkməlidi. Siqaret çəkməyən sürücülər ümumiyyətlə, vakant yerə müraciət edə bilməz;
4. "Külqabını" salonda saxlamalıdı və onun zəhərli qoxusunu sərnişinlər daima hiss etməlidir;
5. Sükan arxasında telefonla nəinki danışmaq, hətta vatçapda yazışmaq, feysbukda şəkilləri "layk" etmək, odnaklassnikdə rus qızlarına ucdantutma "privet, kak dela?" yazmaq, instaqramda getdiyi yolun videyosunu çəkib paylaşmaq, ən əsası öndə və arxada hərəkət edən avtobus sürücüləriylə tez-tez zəngləşib yollardakı sərnişin sıxlığını öyrənməyi bacarmalıdır;
6. Avtoşluq səviyyəsi yüksək olmalıdı. Ki, eyni xətt üzrə hərəkət edən avtobus sürücüləriylə "qonkaya" çıxa bilsin. Nəyin bahasına olur-olsun onu ötməyənə kimi avtobusu saxlamaq olmaz. Hətta düşmək istəyən sərnişin olsa belə. Bu vəziyyətdə sərnişini acılamağa tam ixtiyarı var.
7. Kələ-kötür yollarda istədiyi surətdə getməyə hüququ çatdığını hamıya nümayiş etdirməyi bacarmalıdır. Bu zaman sərnişinlərin avtobusdakı rəqsinə güzgüdən tamaşa edib, əməlindən qürurlanmalı və içində fərəh hissi yaşamalıdı. Qapıya, pəncərəyə, bir-birinə toxunan sərnişinlərin "haqsız" iradlarına ya eşitmirmiş kimi cavab verməməli, ya da siqaret yandırıb tüstüsünü salona üfürməklə reaksiya verməlidir;
8. Hərəkət zamanı digər nəqliyyat vasitələrinin yoluna çıxmağa, soldan-sağdan, fərq etməz hardan bacardı ötməyə, bordyurun üstündən basıb digər yola keçməyə, ürəyi harda istədi sərnişin mindirib-düşürtmək məqamında olduğunu nümayiş etdirməlidir. Hətta yolunu kəsdiyi nəqliyyat vasitəsinin sahibi çaşıb siqnal verərsə onu, sərnişinlərin eşidəcəyi şəkildə qatı açılmamış söyüşlərə "qonaq" etməlidir;
9. Siqnaldan mükəmməl səviyyədə istifadə etməyi bacarmalıdır. Dayanacağa daxil olarkən, qarşısındakı avtobusun yer verməsi üçün "kreslodan" qalxıb siqnalın üstündə oturmalıdır. Ama bu zaman həmin siqnal səsindən narahat olan sərnişinlərin, yolla keçən piyadaların, dayanacaqda duranların, digər nəqliyyat vasitələrinin və hətta yaxınlıqda yaşayan sakinlərin sürücü haqqında verəcəyi "xeyir-duanı" normal şəkildə qəbul etməlidir;
10. Yolu maksimum dərəcədə uzatmalıdı. 30 dəqiqəlik yolu 1 saata gedib, yorğun sərnişinlərin yatıb dincəlmələrinə şərait yaratmalıdır. Bu arada avtobusa o qədər adam yığmalıdır ki, heç iynəni atmağa belə macal olmasın. Nəinki atasan yerə düşməyə;
11.
İşıqforun sarı və qarşıdakı digər avtobusu ötmək şərtdisə, qırmızı işığında da keçməyə icazə verildiyini bəyan etməlidir. Həmin vaxt yaşıl işıqda keçmək istəyən nəqliyyat vasitəsinin sürücüsünün iradına isə başını pəncərədən çıxardıb, əlini sükandan çəkib, həm də ikiəlli, qafiyə tuturmuş kimi ürək sözlərini deməlidir;

12. Və nəhayət, yaş həddi və sürücülük vəsiqəsinin olub-olmaması önəmli deyil. Əsas digər şərtlərə əməl edib, pul qazanmağı bacarasan...


Buyurun, cənablar! Bu qeyd olunanların hansını və kim görməyibsə bircə gün, hətta bir saatlıq şəxsi avtomobilindən istifadə etməsin. Bu yaxınlarda bir-iki saatlıq işlərimi görməkçün şəhərdə bəzi yerlərə getməli oldum. Təsəvvür edin, şəxsi maşınla (tıxac nəzərə alınmasa) iki saata yekunlaşdıra biləcəyim işə düz bir gün vaxtım getdi. Vaxtın qızıl olduğunu deyənlər, vaxtınızı avtobusda öldürürsüzmü, heç?