Aydın QULİYEV Aydın QULİYEV

Avropa Oyunları və Qarabağ məsələsi...

Aydın QULİYEV


2015-ci il 6 may - "Bakı-Xəbər" qəzetinin kiçik tarixində bir element kimi qalacaq. Həmin gün ilk dəfə olaraq qəzetimizin əzəli şüarı olan "Demokratiya, güclü iqtisadiyyat - Dağlıq Qarabağın açarıdır" şüarını dəyişdik, qəzetin üz səhifəsinin lap yuxarısında onun yerini "Avropa Oyunlarına dünyəvi marağın yeni forması" adlı xəbər başlığı tutdu. Sabah həmin yerdə Avropa Oyunlarına aid ən maraqlı saydığımız başqa bir xəbər olacaq, proses beləcə məlum bir vaxtadək davam edəcək.

İllərdən bəri baş redaktor olaraq mənim fikirlərimi səmimi bölüşən, qəzetimizin kursunu izləyən, hər zaman sadiq oxucularımıza təşəkkür edirəm ki, mənə qəzet vasitəsilə onlara bir daha "sağ olun" demək üçün əsas yaratdılar. "Bakı-Xəbər"in 6 may tarixli sayındakı zahirən texniki, ancaq mahiyyətcə prinsipial olan dəyişikliyə sadiq oxucularımız dərhal maraq göstərdilər. Dünən redaksiya və mobil telefonlarımıza dostlardan - oxuculardan zənglər gəldi. Həmişəki kimi həssaslıq etdilər, fərqinə vardılar ki, bütün zamanlarda dövlətçilik və azərbaycançılıq prinsiplərini öndə görən "Bakı-Xəbər"in tərtibatında yenilik var.

Səbəbini soruşdular, Dağlıq Qarabağ kimi sızlar milli yaramızın sağalmamış unudulmasına imkan verməyən şüarın Avropa Oyunlarına aid ən aktual xəbər başlığı ilə əvəz olunması bəzilərinə çox düşündürücü görünmüşdü. Hətta bir dostumuzun yanaşması daha sərt idi: "Qarabağı Avropa Oyunlarınamı dəyişdiniz?" Açığını deyim ki, məhz bu yanaşma məni baş redaktor olaraq etdiyimiz dəyişikliyə geniş izah, hesabat verməyə sövq etdi. Axı söhbət, bircə nəfər olmuş olsa da, oxucu istəyindən, deməli, ictimai rəyin bir hissəsindən gedir.

Həm də oxucularımızın çox hissəsi bu gün Avropa Oyunlarını dövlətimiz, xalqımız üçün şərəf məsələsi kimi qəbul etsə də, başqa cür düşünən oxucumuz, hətta bir-iki nəfər olsa belə, onlara izah verməyi özümə borc bildim...

Səhv və ziyanlı orasıdır ki, Dağlıq Qarabağ problemi və bu gün Azərbaycanın üstünə götürdüyü İlk Avropa Oyunlarının yükünün bir-biri ilə böyük əlaqəsini görməyəsən, onları bir-birinə qarşı qoyasan, qoyanlara dəstək verəsən. "Bakı-Xəbər"in öz ənənəvi vətənpərvərlik və dövlətçilik şüarını müvəqqəti yeniləməsinin yeganə səbəbi məhz budur:

Dağlıq Qarabağ probleminin haqq-halal maraqlarımıza uyğun həlli ilə İlk Avropa Oyunlarının uğurlu keçirilməsi arasında birbaşa bağlılıq var. Bu bağlılığı bizim qədər aydın görə bilən xaricdəki düşmənlərin Avropa Oyunlarını qaralamaq yolu tutması Avropa Oyunlarına aid gündəlik bir aktual xəbəri Qarabağ şüarından formal olaraq önə çıxarmağımızın tək səbəbidir. Dağlıq Qarabağ problemi olmasaydı, bu gün Azərbaycanın bir yox, bir neçə belə irimiqyaslı idman yarışlarını, dünya futbol çempionatlarını, olimpiya oyunlarını hər il tərəddüdsüz keçirə bilmək gücündə olacağını yəqin hamı qəbul edir.

Eynilə də Azərbaycanın real gücünü və potensialını dosta-düşmənə göstərən İlk Avropa Oyunları kimi beynəlxalq tədbirlərin uğurla keçirilməsi Dağlıq Qarabağa gedən yollarımızı qısaltmağın ən dəqiq üsuludur. Qarabağa ən qısa yol İlk Avropa Oyunlarından keçir.

Hələ bəlli deyil ki, Azərbaycan sonda Dağlıq Qarabağ problemini hansı yolla həll edəcək-müharibə, ya danışıqlar yolu ilə... Hər ikisində işimizi yüngülləşdirən ən tutarlı faktor dünyada Azərbaycanın dostlarının, müttəfiqlərinin sayca mümkün qədər çox olmasıdır. Avropa Oyunları bizə saysız dostlar, müttəfiqlər qazandırmağın müstəsna əhəmiyyətli məqamıdır. İndi bildinizmi ki, Avropa Oyunlarında Azərbaycanın hər hansı formada uğursuzluğa düçar olması naminə milyardlıq layihə-planlar cızanların hədəfi nədir? Hələ onu demirəm ki, erməni lobbisinin pulu ilə ərsəyə gələn belə planların təsiri altına düşən bəzi soydaşlarımızın tarix və Azərbaycan qarşısında günahı, mənəvi cinayəti necə ölçüləcək...

Əslində Dağlıq Qarabağ problemi də illər öncə başımıza açılmış bir beynəlxalq oyundur. Ancaq İlk Avropa Oyunlarından fərqli oyundur. İlk Avropa Oyunları bəzilərinin qərəz və düşmənçiliklə onu siyasiləşdirmək cəhdinə baxmayaraq, mahiyyətinə görə sırf idmandır. Fiziki gücü, ağlı, mənəvi-psixoloji hazırlığı olan idmançılar hansısa dərəcədə özlərinin qalib haqqına qovuşacaqlar. Ancaq təəssüf ki, Avropa Oyunlarının təmiz idman qaydaları, saf idman fəlsəfəsi, ədalət konsepsiyası Dağlıq Qarabağ oyununu yazanlara xas deyil. Bu oyun haqlının haqqını yeyən, güclünü hər zaman haqlı sayan, ədaləti başqa kateqoriyalarla əvəzləmiş vicdansız bir oyundur. Görünür, başımıza açılmış bu çirkin oyunu da məhz Avropa Oyunları kimi saf idman qaydalarına söykənən oyunlar vasitəsilə udmaq taktikası da bizim taleyimizə yazılıb. Yetər ki, Dağlıq Qarabağ məsələsi ilə Avropa Oyunlarını nəinki qarşı-qarşıya qoymayaq, hətta Dağlıq Qarabağın Avropa Oyunlarından müəyyən qədər asılı olduğunu Dağlıq Qarabağ problemi həll edilənədək yaddaşlarımıza həkk edək.

Erməni ideologiyasının dünyanı üstümüzə qaldırmaq istədiyi tezislərindən biri guya Azərbaycanın tərkibində, azərbaycanlılarla bir sırada, yanaşı yaşamağın ermənilər üçün etnik-dini fərqlilik baxımından mümkünsüzlüyüdür. Onlar "biz Azərbaycanın tərkibində qala bilmərik" haray-həşirini dünyaya qəbul etdirə biləcəklərinə son şans kimi baxırlar.
Az-çox sayda adamları dünyada öz təsirləri altına sala biliblərsə, bunu məhz deyilən ideoloji təxribatın hesabına ediblər. İndi 6 min idmançı, 10 minlərlə əcnəbi tamaşaçı öz gözü ilə, öz hissiyyatı ilə düz 16 gün islam dünyasının İsveçrəsi, müsəlman neft ölkələrinin Norveçi sayılan Azərbaycanı duyacaq, ermənilərin saxta tezislərlə dünyada nə qədər adamın başını tovladıqlarının şahidi olacaq. Bəli, xüsusilə dini, etnik tolerantlıq baxımından Azərbaycan məhz islam dünyasının İsveçrəsi, neftli müsəlman ölkələrinin Norveçidir, hətta onlardan üstündür. Azərbaycana gələn 10 minlərlə əcnəbi bu ölkədə tarix boyu bircə nəfərin belə dini, ya etnik fərqlilik zəminində öldürülmədiyini, təqib olunmadığını, hətta bu fərqliliyin ona hiss etdirilmədiyi səviyyədə tolerantlıq olduğunu görsələr, Azərbaycanı müasir dünyanın ən ideal yeganə tolerant ölkəsi kimi tanıdıqlarından yaxşı mənada şoka düşəcəklər. Bax, bu məqam bizim Qarabağa doğru yolumuzun üstündəki "strateji təpəlik" qədər əhəmiyyətli olacaq. Avropa Oyunlarının həm də "Qarabağ açarı" olduğuna tam əmin olmaq üçün bu kifayət deyilmi?!

Avropa Oyunlarınadək Dağlıq Qarabağın qaytarılması yolunu necə gəlmişik, kim nə edib, nə edə bilər, yəqin hər kəs bu barədə düşünür. Azərbaycan Prezidenti "əl boyda" Sarkisyanla oturub danışmaq kimi mənəvi üzücü bir işə qol qoymaqla iş bacaran hər kəsin vasitəçiliyini qəbul etməyə hazır olduğunu dəfələrlə göstərib. Məhz Dağlıq Qarabağ naminə Putinin də, Kerrinin də, Ollandın da vasitəçiliyini qəbul edib. Halbuki, Azərbaycan ərazi, hərbi güc mənasında Rusiya, ABŞ və Fransaya bərabər olmasa da, İlham Əliyev siyasi masştabı, intellekti, idarəçilik bacarıqları, vətənpərvərliyi ilə heç də Putindən, Ollanddan, Kerridən geridə qalan şəxsiyyət və dövlət başçısı deyil. Hətta mən əminəm ki, əlinin altında malik olduğu ölkə resurslarının çəkisinə uyğun dövlət gücü ortaya qoymaqda onlardan da üstündür. Bir anlığa İlham Əliyevi çox böyük təbii, hərbi, siyasi, insani resurslara malik olan ABŞ-ın, Rusiyanın, Fransanın prezidentləri postunda, onların hər birini isə Azərbaycanın Prezidenti postunda təsəvvürünüzə gətirin, böyük fərqləri görməyə bilməzsiniz...

Ancaq nə etsin və nə edəsən ki, bir Qarabağın dincliklə qaytarılması naminə Sarkisyanın şıltaqlıqlarına hələlik dözmək dərəcəsində təmkin nümayiş etdirir.

Özgənin torpaqlarını tutub allahsızcasına "vermərik" deyən, barmaqlarının arasında günahsız Xocalı qurbanlarının qanının quru ləkələrinin hələ də qaldığı birisi Qarabağ iddiasını özünün boz sifəti ilə açıq deyəndə qalxıb onun sir-sifətini şilləyə dolamaqdan əl saxlaya bilmək, razılaşın ki, asan məsələ deyil... Azərbaycan Prezidenti nə etsin ki, beynəlxalq hüquq normalarının, ATƏT, BMT qərarlarının mənasız kağız parçasına, beynəlxalq hüququn güclü dövlətlərin əlində "ədalətsizliyin icra alətinə" çevrildiyini açıq şəkildə onların üzünə demək zorunda qalıb?! Ollandın vasitəçiliyi ilə Dağlıq Qarabağın açar məsələsi sayılan status-kvonun dəyişdirilməsi etirafını Sarkisyanın boynuna qoydurur, üstündən iki həftə keçməmiş Sarkisyanın məhz Azərbaycan torpaqlarında 27 min hərbçinin iştirakı ilə təlimlər keçirməsi, cəbhə xəttində atəşkəs monitorinqlərinə gedən Kasprşikin səhra köməkçilərinin fransız ətirinin iyi səngərdən çəkilməmiş ermənilərin atəşkəsi gündə 50-60 dəfə pozması Azərbaycanın başına açılmış Qarabağ oyununun çirkinliklərini göstərən ədalətsizlik təzahürləridir. Kaş Azərbaycanda hamı vətənpərvər olaydı! Heç kimin vətənpərvər olmasına şübhə yaratmaq istəmirəm, hamı özünün vətənpərvərlik iddiasını ortaya qoymaq haqqına malikdir. Ancaq razılaşaq ki, Qarabağ oyununun çirkinliklərini, ədalətsizliklərini, qaydasızlığını Azərbaycanda heç kim İlham Əliyev qədər dərindən duya və acısını yaşaya bilməz. Çünki o hamıdan artıq bu işin içindədir. Biz ədalətsiz yanaşmaları dildən-dilə, vasitəçilərdən eşidirik, o birbaşa şahidi olur. Problemin iç üzünü hamıdan artıq görənin onun həlli yollarına da hamıdan dəqiq bələd olmasını gəlin mübahisəsiz qəbul edək. Kim(lər)sə özünü Prezidentdən tədbirli, məlumatlı sayaraq super vətənpərvərlik iddiası ilə Qarabağ probleminin ən radikal həll üsullarının təcili tətbiqi üzərində təkid etməsin. Etsə də bir şey çıxmaz. Hələ belə üsulların zamanı gəlməyib. Gələndə, problem barədə ən məlumatlı şəxs kimi Prezident onu hamıdan əvvəl görəcək və görməlidir.

Ədalətsiz yanaşmalar və ikili standartlarla işləyən dünya güclərinin başqa üzləri də var. Hansılar ki, Dağlıq Qarabağ yolunda ən radikal üsullara vaxtsız-vədəsiz əl atmağın xeyirdən çox ziyan gətirəcəyini başqa timsallarla çox göstəriblər. Hələlik isə ədalətsiz Qarabağ oyununda möhkəmlənməyimizin əsas yolu Avropa Oyunlarını uğurla başa vurmağımızdan keçir.

"Bakı-Xəbər" olaraq biz də bu yolu seçdik. Dağlıq Qarabağla səsləşən o məşhur "Demokratiya, güclü iqtisadiyyat-Dağlıq Qarabağın açarıdır" şüarımıza da, Dağlıq Qarabağın özünə də qayıdacağıq.

Dünyanın idman tarixində sonuncu qitə oyunları olan İlk Avropa Oyunları və onu qaralamaq istəyənlərin planları bitəndə... Bu, ay yarım da çəkə bilər, daha uzun da ola bilər...

Aydın QULİYEV
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, "Bakı-2015:Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru