Emil Quliyev Emil Quliyev

Avropanın oyunları – idmandan başqa hər şey – Mövqe

Emil Quliyev


Yaşadığımız bu günlər hələ uzun müddət xatirələrimizdən silinməyəcək.

Heç də hər bir nəslə qismət olmayan bir hadisənin canlı şahidləri və iştirakçılarıyıq.

Ərazisinə görə bizim kimi elə də böyük olmayan bir ölkədə Avropa Oyunları kimi miqyaslı tədbirin keçirilməsini görmək insan həyatında bir dəfə ya olar, ya olmaz.

Haqlı olaraq fəxr etdiyimiz möhtəşəm açılış mərasimi və ardınca mükəmməl təşkilatçılıqla müşayiət olunan idman yarışları bir azərbaycanlı olaraq hamımız üçün qürur mənbəyidir.

Şəhərdə ab-hava, insanların əhval-ruhiyyəsi, sözün əsl mənasında idman bayramı atmosferi belə bir tədbirlərin keçirilməsində labüd olan müəyyən məhdudiyyətlərin yaratdığı narahatlığı tam olaraq unutdurdu və hamını Avropa Oyunları adlı böyük bir dalğa öz ağuşuna aldı.

Bir Azərbaycan vətəndaşı kimi haqlı olaraq düşünürdük ki, ermənilər istisna olmaqla, digərləri də bu bayramı bizimlə bölüşəcək və eyni həyəcanı yaşayacaqlar.

Amma buna da "əmma" qoyanlar tapıldı. Onlar Avropa Oyunlarının mahiyyətini bir kənara qoyaraq, böyük bir idman bayramına, ümumiyyətlə, aid olmayan məsələləri, özü də təhrif olunmuş formada qabartmağa başladılar.

Məlum məsələdir ki, miqyaslı tədbirlər keçiriləndə mətbuat ilk olaraq öz auditoriyasını həmin ölkə ilə tanış etməyə çalışır. Tanışlıq da ölkənin harda yerləşməsi, coğrafiyası, mədəniyyəti, tarixi, iqtisadi-siyasi situasiyası barədə olur.

Amma çox nadir hallarda, bəlkə də yeganə haldır ki, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanı bir sıra mətbuat orqanları adları neqativ formada hallanan "Human rights watch", "Amnesty international" kimi təşkilatların mənbəyi şübhəli olan informasiyaları əsasında hazırladıqları hesabatlarla təqdim etməyə başladılar.

Qəribə olan budur ki, belə yazıların müəlliflərinin əksəriyyəti, ümumiyyətlə, Azərbaycana bir dəfə də olsun gəlməyən insanlardır. Dadına baxmadığın yemək haqqında nə dərəcədə obyektiv fikir yürütmək olarsa, olmadığın ölkə haqqında da neqativ yazılar hazırlamaq o dərəcədə mümkündür.

Bu tip yazı bir mətbu orqanında dərc olunsaydı, bəlkə də ona fikir verməmək də olardı. Amma vahid bir mərkəzdən təşkil olunduğu şübhə doğurmayan bir prosesin nəticəsi olaraq eyni tipli yazıların ayrı-ayrı ölkələrin mətbuat orqanlarında dərc olunması, bu məsələyə diqqət ayırmağa vadar edir.

Ayrı-ayrı siyasətçilərin, adında "ekspert" sözü olan şəxslərin Azərbaycanı qaralamağa yönəlmiş çıxışlarının da eyni dövrə təsadüf etməsi prosesin tam olaraq planlaşdırıldığını, təsadüfi olmadığını, hər bir yeni gün üçün növbəti ssenarinin yazıldığını göstərir.

Artıq "çevir tatı, vur tatı" məsələni xatırladan demokratiya və insan haqları mövzularının çeynənmiş formada təqdimatı, konkret olaraq siyasi fəaliyyətinə, jurnalist peşəsinə aid olmayan məsələlərə görə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin müdafiə edilməsi Qərb mediası üçün adi bir hala çevrilib. Əslində eyni mövzuların israrla qabardılması tənqid diapazonunun elə də geniş olmamasını göstərir.

Digər bir təzyiq vasitəsi isə Qərb dövlətləri tərəfindən Avropa Oyunlarının boykot ediləcəyi haqda şantaj idi. İkili standartlar barədə Azərbaycan mediası, dövlət rəsmiləri dəfələrlə və təkzibolunmaz faktlar əsasında danışıblar. Bu, artıq yalnız torpaqların işğalı ilə bağlı aqressor Ermənistan və işğala məruz qalan Azərbaycana münasibətdə, yaxud da Krımın və Qarabağın anneksiyasına münasibətdə müşahidə edilən ikili standartlar deyil. Bu, məhz Avropa Oyunları üçün düşünülmüş məxsusi ikili standartları idi.

Bu ikili standartların mahiyyətinin nədən ibarət olmasını qeyd etməzdən əvvəl 1980-ci il, Moskva olimpiadasını yada salmaq lazımdır. O zaman Qərbin boykot çağırışı konkret olaraq əməli işdə də özünü göstərmişdi. Yəni ki, iki qütblü dünyanın Sovet İttifaqına əks qütbünə aid olan ölkələr öz idmançılarını yarışlara göndərməkdən imtina etmişdilər.

Bakıda keçirilən Avropa Oyunlarında isə Avropaya aid bütün ölkələrin idmançıları iştirak edir. Xüsusi qeyd etmək lazımdır ki, bu, bir və ya iki idmançı ilə təmsil olunmaq deyil. Hər bir ölkə öz miqyasından, ümumiyyətlə, idman aləmində təmsil olunma səviyyəsindən asılı olaraq kifayət qədər kəmiyyət göstəricisi olan nümayəndə heyətləri ilə yarışlara qatılırlar: 50 ölkədən 6 mindən çox idmançı. Bunun harası boykot oldu?

Açılış mərasiminə bütün ölkələrin başçıları gəlməsə də, demək olar ki, hər bir ölkədən dövləti təmsil edən rəsmi nümayəndə iştirak edirdi. Belə boykot olar?

Bu hal onu göstərir ki, Azərbaycan dövləti əleyhinə mətbuatda dərc edilən şantaj xarakterli yazılar, ayrı-ayrı siyasətçi və özünə "ekspert" deyən şəxslərin çıxışları konkret olaraq ölkəmizlə bağlı özünün xüsusi maraqları olan dairələrin təşkil etdiyi bir kampaniyadır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, Qərb mətbuatında Azərbaycanın tənqidi özbaşına deyil.

O xatırladır ki, müəyyən dairələrin Azərbaycanın qazandığı müvəffəqiyyətləri gözləri götürmür."Onlar belə kiçik bir ölkənin uğurlarını istəmirlər. Digər tərəfdən, Ermənistan dövlətini müdafiə edən lobbi və onların təsiri altında olan bəlli fondlar, siyasətçilər, QHT-lər var. Onlar bəlli fondlardan maliyyələşərək istənilən məsələ ilə bağlı Azərbaycana qarşı kampaniya aparmağa çalışırlar. "Eurovision" yarışmasından əvvəl də eyni ssenari ilə fəaliyyət göstərirdilər. Onlar Azərbaycanı öz gördükləri kimi öz yanlarında görmək istəyirlər və ona görə də təzyiq edirlər".

Bəli. Azərbaycana qarşı aparılan kampaniyanın kimlər tərəfindən və necə təşkil olunması barədə qısa və açıq-aydın şərh. Bu məsələyə fikir verməyib, "it hürər, karvan keçər" prinsipindən çıxış etməyi məsləhət bilənlər də var. Əslində elədir, Avropa Oyunlarının karvanı keçməkdədir. İtlərin hansı aqressiya ilə hürməsindən asılı olmayaraq.

Ölkəmiz əleyhinə qaralama kampaniyalarına layiqli cavab elə sadə vətəndaşların özündən gəldi. Özü də təkcə Azərbaycan deyil, həm də xarici ölkələrin Bakıya səfər edən vətəndaşları tərəfindən. Medianın "#Baku2015 həştəqindən geniş istifadə edək" çağırışı sadə insanlar arasında geniş dəstək aldı. "Facebook"da, "Twitter"də, "İnstagram"da bu həştəq altında yüz minlərlə statuslar, fotolar Bakıda hökm sürən gerçək ab-havanı göstərdi.

Azərbaycana qarşı kampaniyadan fərqli olaraq, bu proses planlı şəkildə təşkil olunmamışdı. Sosial şəbəkələrdə belə böyük miqyaslı fəallığı təşkil etmək də mümkün deyil. Bu gərək ürəkdən gələn bir şey olsun.

Bunun üstünə Avropa ölkələrindən gəlmiş idmançılar, nümayəndə heyətlərinin sosial şəbəkələrdə payladıqları foto və statuslarda Bakıya heyran olduqlarını, ölkənin əslində necə bir inkişaf etmiş olduğunu qeyd etmələri, ümumiyyətlə, "boykot" deyənlərin bütün arqumentlərini əllərindən aldı. Bunu ki, biz demirik. Bunu bizə, ümumiyyətlə, aidiyyatı olmayan, ilk dəfə bura səfər edən şəxslər deyir.

Yarışlara olan maraq, tamaşaçı axını təşkilatçılığın düzgün qurulması və yüksək səviyyəsindən xəbər verdi. Xüsusilə, açılış mərasimi tamaşaçıların Avropa Oyunlarına marağı birə yüz artırdı. Bilet satış məntəqələrində böyük növbələr, insanların yarışlara olan marağını göstərməklə yanaşı, hələ başa çatmayan Avropa Oyunlarının baş tutduğunu deməyə əsas verir. Bir çox yarışlara artıq biletlər tam satılıb.

Günlər keçdikcə bu uğur daha da möhkəmlənəcək. İrəlidə hələ bağlanış mərasimi var. Detalları açıqlanmasa da, bu mərasimin açılış mərasimindən möhtəşəmliyinə görə geri qalmayacağına heç kimin şübhəsi yoxdur. İnanırıq ki, bu, Avropa Oyunlarına gözəl bir son akkord olacaq.

Arıtq iyunun 29-da Azərbaycana qarşı kampaniya aparan həmin şəxslərə ritorik bir sual verə bilərik – bəlkə düşünəsiniz, Avropa Oyunlarının boykotu niyə baş tutmadı?!

(gun.az)