Fərid Hüseyn Fərid Hüseyn

Söz “ox”undan çıxanda...

Fərid Hüseyn


Bu kitab bugünkü jurnalistikanın, eləcə də 5 il, 10 il əvvəlki dövrdə yazıla bilən yazıların azadlıq ölçülərini müəyyənləşdirməkdə ariflərə, bir də "Mətbuat tarixi"ni yazanlara yardımçı olacaq. Bu mənada, fikrimcə, "Anne annem" həm də jurnalistikamızda azadlığın "sərhəd dirəyi"dir... "Oxucu və jurnalist azadlığın dadını biləndən sonra ona başqa nəsə yedirtmək mümkün deyil" ("Qafqazinfo"ya kimlər hücum edir?").

Kitab başdan sona nələrləsə razılaşmayan, idealları hər addımda suya düşən, sənətkarından, şairindən, ziyalısından yaltaqlıq görüb "niyə belə olur" ağrısıyla yazılıb.

"Jurnalist insan itkisinə münasibətdə həkimə çevrilməkdədir". Bəzən yazılar o qədər həssas nöqtəyə gəlib çıxır ki, elə bir sözlər itir, arxası gəlmir, Elbrus heç özü də bunun fərqində deyil, müəllif emosiyası mətni üstələyir...

Kitabda dəhşətli faktlar da var: "Nigar Camalın öz camalını, yəni üzünü 1,5 milyona sığortalaması və Eldarın üzünün çürüməsi. Ancaq üzü çürüyən, əsgər Eldardır, Nigarın duet ortağı Eldar deyil". Həyatın bu dərəcədə paradoksları var və bütün dünyada mübarizələr belə baş verir: biri hədsiz yaxşı yaşamaq istəyir, digəri isə ölməmək arzusundadır. Məsələ odur ki, sonda əsgər ölür, Nigarasa Allah ömür versin...

Kitabda ən çox sevdiyim "Azərbaycanın hərb müəllimi" yazısından bir məqamı xatırlayaq: "...Heç kim küləkli havada binanın damına çıxıb iki şiferi yerinə vurmağı boynuna götürmür. Tikintinin rəhbəri deyir ki, kim şiferləri yerinə vursa, ona min manat verəcək. Yenə heç kimdən səs çıxmır. Şakir müəllim balaca boyu ilə çıxır qabağa. Ancaq pulu qabaqcadan almaq şərti ilə razılaşır. Min manatı alıb qoyur cibinə. Müəllimi kranın "vışka"sına bağlayıb qaldırırlar göyün üzünə. Şakir müəllim kranın ucunda göyə qalxdıqca yellənir. Ətrafda nə qədər adam varsa hamısı yığışır bu tamaşaya. Müəllim kranın "vışka"sının ucunda şiferləri bir-bir gətirib qoyduqları yerə mıxlayır. Kran müəllimi qaytarıb yerə qoyanda camaat yığışır başına. Şakir müəllim əli cibinin üstündə bir müddət özünə gələ bilmir. Bina təhvil veriləndən sonra min manatı da götürüb çıxır Biləsuvara... Atam deyir ki, soruşdum ayə, birdən kranın ucundan gələydin yerə, onda nə olacaqdı? Şakir müəllim qayıdıb ki, min manatı elə ona görə əvvəlcədən alıb cibimə qoydum ki, elə şey olsa, heç olmasa pulu evə çatdırsınlar..." Bu yazıda söhbət 5 qız atası, rayonda hərbi hazırlıq müəllimi olan Şakir adlı birinin başına gəlib. Elbrusun əksər mətni dəhşətə gəlmiş, heyrətlənmiş adamın yazısı təsirini bağışlayır, elə bil o hər yazısında əlini nəyəsə uzadıb deyir: "Niyə görmürsüz?". Bu həssaslıq isə Elçin Səlcuqun ölümünə yazdığı "Sözün itirdiyi adam" yazısında pik nöqtəyə çatır: "Elçin Səlcuqun ölüm xəbərini eşidəndən sonra otaqda qala bilmədim". Dəhlizə çıxdım, başımı həyəcanlı halda otaqlardan birinə soxub "Elçin Səlcuq öldü" dedim. Otaqdakılardan heç biri başını qaldırıb mənə baxmadı jurnalistin ölüm xəbərini verdiyimi hiss eləmədilər. Bizi nə yaşayanda hiss eləyirlər, nə öləndə... "

Elbrusun bu kitabındakı dəqiq müşahidələrindən, elə vaxt olacaq ki, sitat gətiriləcək, ağızdan-ağıza da düşəcək, ancaq əsası odur ki, dəqiq və dürüst mövqedir. O nədən yaza bilibsə, onun ağasıdı... Bəzi dəqiq müşahidələrə nəzər salaq:

* "Anlaşılan o ki, bizdə çəkiliş meydançası ilə, futbol meydançası alınmır... Hər iki meydançada səmimi olmağı bacarmadığımızdan heç nəyə nail ola bilmirik".

* "Nə vaxta kimi rəşadətlə məğlub edəcəksiniz bu milləti?

* "Elə bil tanrı bizə bütöv sənətkarı haram buyurub".

Bu kitabda nə esse, nə də hekayə sayıla bilməyəcək, eyni zamanda həm esse, həm də hekayə olan yazılar var. Elbrus üçün sənət müstəvisində elə bilirəm bu dünyada xəbərdən və xəbər verməkdən başqa daha vacib bir şey yoxdur. Ona görə də o janrla, formaya yox, daha çox çatdırmaq istədiyi xəbərə, fikrə önəm verir, əks təqdirdə o, indi 100 qədər hekayəsi olan tanınmış bir yazıçı idi.

Kitabdakı mətnlərin düzülüşü çox ustalıqla aparılıb, yazılar arasında gözəgörünməz bir uyarlılıq var.

Bu kitabda məni heyran qoyan bir məqam isə Elbrusun zamanı duymaq bacarığı oldu, o nəinki 5-10 illlik bir kəsimin, dəyişən mövqelərdəki vaxt ayrılığını, hətta deyərdim bir saniyə ilə ikinci arasındakı fərqi belə sezir və ayrı-ayrı məsələlərdəki münasibətində də bunu sərgiləyir.

Sonda bir tarixi əhvalatı xatırlatmaq istəyirəm: "Bir ata Antisfendən soruşur ki, oğlu hansı elmləri öyrənsə yaxşı olar. Filosof cavab verir: "Allahlarla birgə yaşamaq istəyirsə fəlsəfə, insanlarla birgə yaşamaq istəyirsə söz sənəti".

Bu gün Elbrus kimi jurnalistika isə məşğul olmaq "allahlarla" və insanlarla birgə "yaşamaq", mübarizə aparmaq deməkdir. Uğurlar...