Babək Göyüş Babək Göyüş

Ad günü, qəbristanlıq və bir-birinə sarmaşan gənclər...

Babək Göyüş


Dünən doğum günüm idi, heç sevinmədim. Yəqin, sevinən təkcə anam oldu. O da dünyaya oğlan payı gətirdiyinə görə.

Şamaxının Mədrəsə kəndindən zəng etmişdi. Dedi ki, həftəsonu gəlin, Ağsu aşırımında ad günü keçirək. Çox zaman ad günüm elə orda keçirilib. O vaxtlar atam da sağ idi. Bilməyənlər üçün deyim ki, atamla eyni gündə anadan olmuşam. Əvvəllər onun xətrinə mənim ad günüm təmtəraqlı olurdu. İndi isə olmur, çünki 8 ildir ki, atam ölüb və Sumqayıt qəbiristanlığında uyuyur. Daha Şamaxı yollarına heç vaxt ayağı dəyməyəcək.

Dünən işdən çıxandan sonra gedib onun ad gününü təbrik etdim, başdaşından öpdüm, sinə daşına gül qoydum, sakitcə bir-birimizə baxıb söhbət etdik. Atamın ölüm günü də 29-dur, ayı isə fərqlidir...

Qəbiristanlıqdan qayıdanda istədim ki, Rasim Ocaqovun lentə aldığı "Ad günü" filmindəki kimi balkondan kimisə evə dəvət edəm, Qazaxıstandan gətirdiyim konyakı qoyam masanın üstünə, vuraq onunla. Heç adını da soruşmayım, nəyimə lazımdır onun adı, heç sözünə də qulaq asmayım. Əsas odur ki, stəkanları döyüşdürməyə bir adam olsun. Sonra da səntərləyə-səntərləyə çıxaq balkona və baxaq Xəzər dənizinə və ona yağlı bir söyüş söyək. Təbii ki, o, abrına söykənib, bizə cavab verməyəcək, çünki içib ona söyənlər təkcə biz deyilik. Bir sözlə, Xəzər dənizi bu söyüşlərə çox öyrəncəlidir. Sonra da düşüb gedək, Hüseyn Cavid parkına, stəkan "dostumu" kütlənin içində qəsdən itirəm, sonra əsil dostlarıma zəng edəm ki, Yaşıl kafedə gilas mürəbbəsiylə çaylanmaq vaxtıdı...

Bütün bunlardan isə ataların xəbəri olmur. Gəlin etiraf edək ki, övladlarının doğum gününə görə atalar analardan az sevinmir. Atam sağ olanda hər an bunu duyurdum, elə adi günlərdə də o, oğulları ilə öyünürdü.

Atalar çox zaman "etdiklərini" edib döyüşə gedirlər, qayıdanda isə ilk qarşılarına çıxan "günahları" olur. Onların özləri də nə vaxtsa, öz atalarının "günahı" olub, bacadan torbayla içəri düşməyiblər - lap nağıllardakı kimi. Adəmdən bu günədək hələ heç bir "ata" öz "günahını" boynuna almayıb. "Təbiətin qanunudur!"- deyib baş "aldadıblar". Təbiət isə Tanrının hökmündən qorxaraq bu "işin" altına girə bilmir. Onun girdiyi kol-kos və qarağat meşələridir.

Anam dağılmış kəndimizdə ən çox qarağat yığan "ana", atam isə ən dambat "ata" olub. İndi atam nə dambatlanmağı, nə də sevinməyi bacarır, onun sevinc kartının konturu qurtarıb. Anamın da qarağat yığmaq limiti bitib. Birincisi, yaş o yaş deyil, ikincisi də qarağat meşələri sərhədimizdən o yanda qalıb. Oralara gedib çıxmaq üçün gərək ATƏT-in kabab "yeyənləri" torpağımızı bizə qaytarsın...

Anamın dediyinə görə, günün günorta çağı dünyaya gəlmişəm, evimizin içində. Çöldə buzovlarımız dünyaya gəlib. Göbəyimi də qonşu arvadlardan biri kəsib. Buzovlarımızın göbəyini isə atam "düyünləyib".

Mən anadan olanda atam "4 yal"da daş çıxarırmış. Ev tikmək üçün. Kəndimizdə uşağı olan atalar yaxşı muştuluq verirmiş. Atamın dayısı oğlu Qurban da "4 yal"a muştuluğa gedəndə atamdan Sovetin qırmızı 25-liyini alıb...

...Bu gün iyun ayının 30-da İlhamla Fərizənin toylarının ildönümüdür. Müasir Bakı gənclərinin isə sevgililər günü. İlhamla Fərizə indi haqq dünyalarındadır, Milli Parkda isə sevənlər bu günün "adından" sui-istifadə edərək bir-birinə sarmaşırlar, üzüm budaqları kimi. Polislərin gözündən uzaq.

Polislər I Avropa Oyunları zamanı çox yorulub, dincəlirlər. Milli Parkda bir-birinə sarmaşan gənclərə fikir verməyə heyləri yoxdur...

Milli Parkımız Naxçıvanski adına Hərbi Məktəbə qədər uzadılacaq. Bax, onda polislərin işi zor olacaq. Sevişənləri tutmaq üçün onlar bellərinə gərək, radar quraşdırsınlar, yoxsa 25 kilometrlik bir ərazidə hər oturacağı "izləmək" müşkül məsələdir...

Ad günü söhbətinin sonunu sevgililər günü ilə bitirdik. Çünki hər şeyin əvvəli də, axırı da sevgidir...

Babək Göyüş