Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıda türkiyəli biznesmeni öldürənə - Ağır cəza

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, 2013-cü il iyunun 5-də Yasamal RPİ 26-cı polis bölməsinin əməkdaşları Azərbaycan prospektindəki ofisində "Goycay Kerpicsan LTD" MMC-nin icraçı direktoru, Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Məhmət Alimin üzərində çoxsaylı bıçaq zərbələri olan meyitini aşkar ediblər.

İstintaq-əməliyyat qrupu ekspertin iştirakı ilə hadisə yerinə baxış keçiriblər, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, M.Alimin ölümünə döş qəfəsinə yetirilən zərbələr nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Faktla bağlı ilkin olaraq Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, daha sonra istintaqın davam etdirilməsi Bakı ş. prokurorluğuna həvalə edilib. Araşdırma zamanı məlum olub ki, "Goycay Kerpicsan LTD" MMC 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən iri tikinti müəssisəsidir.

Keçirilən istintaq-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qaradağ rayon sakini, əvvəllər məhkum olunan Rasim Məmmədov saxlanılıb və dindirilərkən əməlini etiraf edib. O, Məhmət Alimlə bir neçə il əvvəl tanış olduğunu bildirib. Həmin axşam onlar ofisdə görüşüblər (meyitin tapıldığı mənzil MMC-nin ofisi idi) və orada şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Rasim Məmmədov Məhmət Alimə özünə məxsus bıçaqla 15 bıçaq zərbəsi endirib və sonuncuya məxsus əmlakı ələ keçirərək, hadisə yerindən qaçıb.

Məhkəmə prosesində R.Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib və mərhumu quldurluqla əlaqədar öldürmədiyini qeyd edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, məhkumun müdafiəçisi isə apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq Məmmədova qarşı irəli sürülən ittihamdan CM-nin 181-ci (quldurluq) maddəsini çıxarıb, qalan hissədə isə Rasim Məmmədovun 15 il müddətinə cəzalandırılmasına dair birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.