Azər Qismət Azər Qismət

Yol Polisi əməkdaşını işdən çıxarmaq...

Azər Qismət


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun oğlu ilə yol polisi arasında yaşanan qalmaqal sonuncunun işdən çıxarılması ilə nəticələndi. Bu barədə ötən həftə saytlarda, sosial şəbəkələrdə çoxlu fikirlər səsləndirildi. Biri genaralın oğlunu günahkar bildi, digəri yol polisini. Hətta yol polisi etik normalara əməl etməyən, vəzifəsindən sui-istifadə edən şəxs kimi təqdim edildi. Bəzi jurnalistlər həmin polislə bağlı şahidi olduqları əhvalatları status formasında paylaşdılar. Elə statuslara da rast gəlindi ki, yol polisi vicdanlı şəxsdir. Yeri gəlmişkən, Nəcməddin Sadıqovun oğlunun yaxşı və dəyərli insan olması barədə də fikirlər səsləndirildi.

Əslində, həmin gün onlar arasında nə baş verdiyini bilmək çətindir. Kamera görüntüləri və səsyazma olmadan nəsə söyləmək jurnalistlik fəaliyyətimdə peşə etikasına yaraşmaz. Bəlkə də yol polisi günahkardır və haqlı olaraq işdən çıxarılıb. Doğrusu, çətinlik çəkirəm. Hər halda sonda adamların alt şüuruna belə siqnal ötürüldü ki, generalın oğlu ilə mübahisədən sonra yol polisi işdən çıxarılıb. Əsas məsələ işin mayasından ibarətdir. Mayanı da belə səciyyələndirdilər.

Çox güman ki, öz sahəsinə dair hər şeyə operativ reaksiya verən hörmətli nazirimiz Ramil Usubov məsələni araşdırıb və məlum olub ki, yol polisi günahkardır. Hər halda Ramil müəllim polis-vətəndaş qarşıdurmasında vətəndaşın xeyrinə qərar çıxaran şəxsdir. Dəfələrlə şahidi olmuşuq ki, Ramil Usubov vətəndaşlara zülm edən, onların cibinə anaşa atdıran, cinayətdə şübhəli bilinən şəxslərlə insanlıqdan kənar rəftar edən rəisləri işdən qovdurub, fırıldaq və şəryaxma kampaniyası ilə məşğul olan polislərdən siqnal gələn kimi cəzalandırıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı ölçü götürüb, haqsızlıqla üzləşən şəxslərin müraciəti üçün 102 xidmətini yaradıb. Çünki Ramil Usubov xalq dili ilə deyilərsə, köhnələrdəndir, sovet məktəbi keçib. Həmin məktəbdə əsasən iki məsələ daha dəyərlidir. 1. Qanunlar. 2. Vətəndaş. Amma nazirimiz heç vaxt məmur-polis qarşıdurmasında öz polisini kiminsə ayağına verməyib.Və bu baxımdan yəqin ki, yol polisinin işdən çıxarılması istisna hal kimi baş verib.

Sözüm başqa məsələyə görədir.

Hadisə baş verəndən sonra sovet dövründə çəkilən "Yol müfəttişi" filmi yadıma düşdü. Oradan bəzi nüansları xatırlamaq istəyirəm. Rayonun avtoservis idarəsinin rəisi Trunov rəhbər şəxslər arasında yaxşı tanınıb. O digər şəhərdən bura dəvət olunub və ölmüş müəssisəni ayağa qaldırıb. Günlərin birində Trunov öz avtomobilində gedərkən yol müfəttişi Zıkin onu saxlayır və "saatda 50 kilometr" işarəsi vurulan yolu saatda 65 kilometrlə qət etdiyinə görə Trunovu cərimə edir. Növbəti dəfə Trunov yenə yol hərəkəti qaydasını pozur və Zıkin onu yenə cərimələyir. Rəhbər şəxslər ona başa salır ki, "bu Trunovdur, onu cərimələmək olmaz. Sən heç bilirsən kimi saxlamısan? Sadəcə gözünü yum və keç". Zıkin isə qanunun üstündən keçə bilmir. Çünki ona Ali məktəbdə öyrədilib ki, qanuna əməl etməyən istənilən şəxs cəzalanmalıdır. Bu istər Avtoservisin rəisi Trunov olsun, istər Rayon Partiya Komitəsinin 1-ci katibi.

Beləliklə, Trunov yol müfəttişini cəzalandırmağı qərara alır. Ondan Partiya Komitəsinin 1-ci katibinə, Şəhər Milis İdarəsinin rəisinə şikayət edir. Rayon Partiya Komitəsinin 1-ci katibi onun bacısını işdən çıxartdırır, Zıkin avtomobil kurslarından qovulur. Şəhər Milis İdarəsinin rəisi onu çağırıb deyir ki, "Trunov barədəki raportu geri götür". Zıkin bununla razılaşmır və xahiş edir ki, "raport əsasında tədbir görülsün". Burada bir incə məqam var. Təsəvvür edin, rəis öz əməkdaşını işdən çıxarmır, ona məsləhət görür ki, raportu geri götürsün. Günlərin birində Zıkin yolda Trunovu ağır sözlərlə təhqir edir. Sizcə, yol müfəttişi işdən çıxarılır? Yox. Vəzifəsindən sui-istifadə edib vəzifəli şəxsi söydüyünə görə rütbəsi aşağı salınır və uzaq bir yerdəki posta təyin olunur. Lakin işdən çıxarılmır. Əksinə, qanun çərçivəsində onun raportuna baxılır və Trunov 3 ay sürücülük hüququndan məhrum edilir. Bəs, yol müfəttişi niyə işdən qovulmur? Bax, bu incə məqam Rayon Milis İdarəsinin rəisi ilə Trunov arasındakı dialoqdan məlum olur. Trunov rəisə gileylənir ki, "bir yol polisi ilə də bacarmırsız". Rəis isə ona qayıdır ki, "mən bundan sevinirəm ki, qanunlara əməl edən belə milis əməkdaşım var. Və sizin kimi vəzifə sahibləri onunla bacara bilmirsiz. Siz ona pislik etdiniz, amma o raportunu geri götürmədi. Elə adamlar olmasa, sizlər hələ çox qanunsuzluq edərsiz". Bu dialoqdan məlum olur ki, rəis indiyə qədər öz əməkdaşı ilə fəxr edirmiş. Məhz bu səbəbdən onu işdən qovdurmayıb.

Hörmətli Nəcməddin Sadıqovun oğlu ilə mübahisə edən yol polisinin işdən çıxarılması bəlkə də haqlı məsələdir. Təkrar edirəm, ola bilsin ki, yol polisi burada etik normalara əməl etmədiyindən işdən çıxarılıb. Amma məsələni başqa müstəvidən həll etmək olardımı? Düşünürəm ki, olardı. Haradasa məlumat verilərdi ki, polisə xəbərdarlıq edilib, töhmət verilib, yaxud, rütbəsi aşağı salınıb. Ancaq işdən çıxarmaq, sizcə bir qədər kəskin addım deyil ki? Ona görə yox ki, həmin polisin balaları var, yaxud, təqaüdə göndərilməsi tezdir. Əsla. Məni sadə adamların çıxarıdğı ümumi nəticə narahat edir. Sadə adamlar dedi ki, "polis generalın oğluna görə işdən çıxarıldı", "polis geri çəkildi", "polis aciz qaldı". Həm də məni bundan sonra baş verə biləcək hadisələrin nəticələri narahat edir. Sizcə, məlum olaydan sonra belə hadisələr və xahişlər artmayacaq ki? Yaxud, yağışda-qarda öz vəzifə borcunu yerinə yetirən polisimizin üzərinə yeriməyə münbit şərait yaranmayacaq ki? Bax, narahatlığım bundandır.

(Qafqazinfo)