Kənan RÖVŞƏNOĞLU Kənan RÖVŞƏNOĞLU

Bayram niyə fərqli günlərdə qeyd olunacaq?

Kənan RÖVŞƏNOĞLU


İslam qaydaları və elmi baxımdan bayramın fərqli günlərdə qeyd olunmasının səbəbləri
Ramazan ayının son günlərini yaşayırıq. Artıq bir sıra ölkələrdə Ramazan ayının başa çatması və bayram namazlarının qılınması təqvimləri elan edilib. Qafqaz Müsəlmanları İdarəsi elan edib ki, bu il Ramazan ayının bayram namazı iyulun 18-də qılınacaq. Bunu ANS PRESS-ə QMİ sədrinin 1-ci müavini, müfti Hacı Salman Musayev deyib.

Onun sözlərinə görə, namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Ancaq hər il olduğu kimi, bu il də bayram günləri ilə bağlı ixtilaf yaranıb. Məsələn, Türkiyə və körfəz ərəb ölkələrində bayram iyulun 17-də keçiriləcək. Artıq BƏƏ-də yerləşən astronomiya mərkəzindən bildiriblər ki, Fitr bayramı Cümə günü, yəni iyul ayının 17-nə təsadüf edir.

Qurumun təmsilçisi İbrahim Cərvan bildirib ki, astronomik hesablamalara görə Cümə günü böyük ehtimalla BƏƏ və digər körfəz ölkələrində Fitr bayramı olacaq. Belə ki, hesablamaya əsasən BƏƏ-də yerli vaxtla saat 5:24 radələrində Şəvval ayının hilalını görmək mümkün olacaq. Bu barədə iqna.ir saytı yazıb.

Lakin İranda bayramın hansı günə düşməsi ilə bağlı hələlik açıqlama yoxdur. Bu barədə yekun qərar, yəni bayramın hansı günə təsadüf etməsi iyulun 16-da axşam saatlarında bəlli olacaq. Belə ki, əgər axşam saatlarında ay görünərsə sabah, yəni iyulun 17-si bayram elan olunacaq. Əks halda bayram bir gün sonra, yəni iyulun 18-də qeyd olunacaq.

Qeyd edək ki, bayram namazının fərqli günlərə düşməsi uzun müddət fikri ayrılıqlarına və müsəlmanlar arasında birliyin olmaması kimi yozumlara səbəb olur. Ancaq əslində problemin həll oluna bilməməsinin elmi-texniki səbəbləri də var. Məsələ burasındadır ki, bayramın ölkələrdə fərqli günlərdə qeyd olunmasının iki əsas səbəbi var. Birincisi, ay, yəni yeni doğan ayın hilalının yer kürəsində görünməsi coğrafi məkanlara görə dəyişir. Yəni ay ilk olaraq yer planetinin qərb yarımkürəsində görünür və tədricən 36 saat ərzində yer kürəsinin bütün nöqtələrində görünən hala gəlir. Məsələn, Cənubi Amerika ilə Hindistan arasında ayın adi gözlə görünməsi arasında böyük saat fərqi var.
Bayramın fərqli günlərə düşməsinin ikinci səbəbi isə İslam şəriəti qaydaları ilə bağlıdır. Daha doğrusu məzhəb və cərəyanların bu qaydalara münasibəti ilə bağlıdır. Məsələn, Qurani Kərim və buna əsaslanan təfsirlərə görə insan yeni ayı gördükdə oruc tutmağa başlasın və növbəti yeni ayın görünməsi bayram edilsin.

Ancaq eyni zamanda yeni müasir texnologiyanın inkişaf etməsiylə bağlı olaraq müsəlmanların ayı gözlə güdmələrinə gərək olmadığı və müvafiq texnika vasitəsilə, hesablamalar əsasında ayın doğması gününü hesablayıb bayram qeyd etməyi təklif edənlər var. Məsələn, sonuncu variantı Türkiyə və bir sıra ərəb ölkələri icra edir. Ancaq klassik üsul, yəni ayın gözlə görünməsi qaydası əsasən İran, İraq kimi ölkələrdə tətbiq olunur.

Beləliklə, bayramın fərqli günlərə təsadüf etməsinin həm elmi, həm də dini baxımdan səbəbləri var. Bu mənada məsələni bəzi adamların bilməyərəkdən dini təfriqə, münaqişə səbəbi kimi yozması məlumatsızlığın əlamətidir. Əlbəttə, müsəlman aləminin nə zamansa bu mövzuda, yəni ayın görünməsi ilə bağlı hansı qaydanı əsas götürməsi və bayramın planetdə bir gündə qeyd olunması ilə bağlı ortaq məxrəcə gəlməsi də arzu olunandır. Ancaq görünən odur ki, bu, hələ müəyyən zaman tələb edəcək.
Allah hər kəsin tutduğu orucları qəbul eləsin!

(musavat.com)