İlqar Əhməd İlqar Əhməd

Cəbhədə şiddətli “media döyüşləri” davam edir...

İlqar Əhməd


Tarix təkrarlanır desəm, deyəcəksiniz ki, hə, nə olsun ki, bunu hər gün eşidirik. Eşidirsiniz, düzdür, amma budəfəki, nə Rusiyanın işğalçılıq siyasəti, nə dolların kursunun yuxarı qalxması, nə Qarabağdakı mövcud vəziyyət, nə də ki, neftin ucuzlaşması ilə bağlıdır. Budəfəki tarix "qələm sahibləri" sayəsində təkrarlanır.

Söz vaxtına çəkər deyirlər, ötən il bu vaxtları, daha dəqiq desək avqustun əvvəlləri məlum hadisələri yerində şərh etmək, xalqa doğru xəbərləri çatdırmaq üçün cəbhəyə yollandım. Bağçılıq-landşaft sahəsi üzrə işlədiyimdən icazə almaq da asan olmadı. Getməmişdən qabaq bir neçə media orqanının rəhbəri ilə əlaqə saxlayıb bəzi texniki vasitələr (fotoaparat və s.) üçün yardım istədim. Qarşılığında isə hazırladığım xəbərləri eksklüziv olaraq onlara göndərəcəkdim. Yol və qalmaq xərcini isə özüm qarşılayacaqdım. Amma türkün məsəli yaxınlıq verən olmadı. Eybi yox deyib, yola düşdüm. Qazaxdan Ağdama kimi cəbhəyanı kəndlərdən xəbər və qısa reportajlar hazırladım. Bütün materialları isə yolda açdığım "status.az" facebook səhifəsində paylaşırdım. Hər iki xəbərdən birində dezinformasiya yayanları qınadım, kəndlərdən heç kimin çıxmadığını, sakinlərin qorxmadığını vurğulayırdım. Çəkdiyim şəkillərdən, verdiyim informasiyalardan bir çox media orqanı istifadə etdi. İstinad edənlər də oldu, etməyənlər də. Heç nə demədim. Əsas məqsəd cəbhədən olan məlumatları xalqa doğru çatdırmaq idi. Amma sonda nə oldu? "Döyüş alnımıza yazılıb" deyə bar-bar bağıran TV kanalının 20 illik təcrübəsi olduğunu zənn edən (təcrübəli jurnalist əlində faktlar olmadan və bu faktları ortaya qoymadan heç kimi, xüsusən də, belə ciddi məsələdə ittiham edə bilməz), bir neçə gün əvvəl əməkdar jurnalist adı verilən əməkdaşı Ləman Ələşrəfqızı efirə verdiyi materialda bizi üzdəniraq jurnalist adlandırıb Ermənistana "işləmək"lə suçladı.



Səfərimin məqsədinin kiməsə yaxşı və ya pis görünmək olmadığını nəzərə alıb buna da eyvallah dedim, boş verdim. Həm onun dedikləri doğru olsaydı, biz niyə evimizdə rahat oturmuşduq?! Sadəcə, cəfəngiyat… Amma yüzlərlə dezinformasiya yayan, elə Ləmanın özü kimi Bakıda oturub cəbhədən xəbər hazırlayan jurnalistlərin deyil, sırf mənim və Səxavət Məmmədin adının bu cür hallanması məni hələ də düşündürür.

Hazırda da gündəmi auditoriya yığmağa hesablanan yalan xəbərlər zəbt etməkdədir. Son 2-3 gündə müxtəlif TV, sayt və sosial media orqanlarında yayılan xəbərlər hamı kimi məni də narahat etdi. Cəbhə kəndlərində yaşayan bir neçə dost-tanışa zəng etdim. Sağ olsunlar, narahatlığa heç bir əsas olmadığını, "həmişəki kimi 1-2 güllə atdılar, yüngül atışma oldu, vəssalam" dedilər. Dedim "a kişilər, nə danışırsınız? Bakıda biz artıq səfərbərliyə, müharibəyə hazırlaşırıq. Bəs Gədəbəydə bir əsgərimiz də şəhid olub, necə olur ki, deyirsiniz sakitçilikdir?" Dedilər "qardaş, indi bir əsgərimiz şəhid olub, amma başqa vaxt 3-4 əsgər birdən şəhid olur, niyə heç kimin xəbəri olmur?" Yaxşı sual idi, çarəsiz qalıb söhbəti dəyişdim – hal-əhval tutdum.

Ötən il avqust hadisələri zamanı Ağdamdan yazdığım bir xəbərə "niyə yalan məlumat verirsiniz?" formasında bir oxucu rəyi almışdım. Sonda məlum oldu ki, qardaş hazırda Almaniyadan yazır. Hətta Tərtərdə yol polisindən aldığı məlumata görə Ağdamın cəbhə kəndlərindən xəbər hazırlayan jurnalist də gördüm. İndiki vəziyyət də bizi ötənilki biabırçılığa sürükləyir. Oxumayın belə xəbərləri desəm də, bilirəm ki, narahat olursunuz, oxuyursunuz. Çarə qalır özünə jurnalist, reportyor deyən, xalqa doğru məlumatları çatdırmaq öhdəliyi olan media nümayəndələrinin vicdanına. Bir də dövlətin belə halların qarşısının alınmasına yönəlik qabaqlayıcı tədbirlərinə. O da olsa…