Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Həmtəsisçilər Leyla Yunusun üzünə durdular

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

AzNews.az SİA-ya istinadən xəbər verir ki, saat 10:20-də başlayan iclas hakimlər Əfqan Hacıyev (sədr), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə, dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə baş tutub. Prosesdə həmçinin təqsirləndirilən şəxs L.Yunusun müdafiəçiləri Ramiz Məmmədov, Elçin Sadıqov və Elçin Qəmbərov, A.Yunusun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak ediblər.

Məhkəmənin sədri iclasını açıq elan etdikdən sonra iclasa dəvət edilmiş şahidlərin - Hacıyeva Zərifə Cabir qızının, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçiləri Manafova Adelə Əhməd qızı və İsmayılova Zemfira Eyyub qızının, L.Yunusun sürücüsü Ağayev İlqar Habil oğlunun dindirilməsi həyata keçirilib. Onlar ibtidai istintaq zamanı verdikləri ifadələrinə oxşar məzmunlu ifadələr veriblər.

Şahid Adelə Manafova göstərib ki, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub, təşkilatın fəaliyyətində təxminən 3 il iştirak edib, sonradan isə təşkilatın fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb, o cümlədən L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb. Şahid Zemfira İsmayılova da göstərib ki, sənədlərə əsasən o, da "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub. Lakin həmin təşkilatın fəaliyyətindən, L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb.

Şahid İlqar Ağayev isə ifadəsində L.Yunusun sürücüsü işləməsini, ayda 300-350 manat əmək haqqı almasını, lakin onunla heç bir müqavilə bağlanmadan işləməsini göstərib.

Digər şahid Zərifə Hacıyeva ifadəsində keçmiş əri Rauf Mirqədirovun L.Yunus və A.Yunusla Ermənistanda keçirilən tədbirlərdə iştirak etmək üçün getmələrini göstərib.

Şahidləri dinlədikdən sonra məhkəmə iclasına sədrlik edən Əfqan Hacıyev iş üzrə növbəti iclasın 03 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan edib.

Proses zamanı Leyla Yunus iclasda iştirak edən zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanovu təhqir edib, dövlət ittihamçısının və nümayəndənin məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etirazına əsasən, məhkəmə tərəfindən Leyla Yunusa bu davranışlarına son qoyması bildirilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlığına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.