YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının aktyorları arasındakı qalmaqal artıq pik həddə çatıb. YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının aktyorları arasındakı qalmaqal artıq pik həddə çatıb.

Xanlarova da aktyorların davasına qoşuldu: “Ayağımızın tozu da deyilsiniz”

YUĞ teatrı ilə Akademik Milli Dram Teatrının aktyorları arasındakı qalmaqal artıq pik həddə çatıb.

Bu dəfə qalmaqala teatrın aktirisası, əməkdar artist Mehriban Xanlarova qarışıb. O, YUĞ-un baş rejissorunun "Azdrama"nın yaradıcı kollektivini aşağılamasında günahkar kimi bir başa direktor İsrafil İsrafilovu görüb.

M.Xanlarova AzNews.az-a açıqlamasında Gümrah Ömər adlı rejissor tanımadığını bildirib:

"Əvvəla yaxşı rejissorun insanlığı ilə yanaşı sənətində də hər şey cəmləşməlidir. Yalnız bundan sonra onun Akademik Milli Dram Teatrının aktyor və aktrisalarına söz deməyə hünəri çatar. Onun bizim aktyorlarımızı ittiham etməyə haqqı yoxdur. Bu səlahiyyəti ona kim verib? Bizi aşağılamağa hansısa teatrın aktyorlarının, "Azdrama"da tamaşa hazırlayan rejissorların belə haqqı çatmır. Kimsiniz siz? Hələ bir baxın görün haradan gəlmisiniz? Sizin teatr sənətində gücünüz nə qədərdir?"

Aktrisa məsələlərin bu qədər qızışmasında İsrafil İsrafilovu ittiham edir:

"Akademik Milli Dram Teatrının direktorundan, yəni mənim rəhbərliyimdən də çox şey asılıdır. Bəli, mənim direktorum onun kimi səriştəsiz birinə "AzDrama"da tamaşa verəndə bilmirdi ki, sonu belə olacaq? O, Gəncə teatrını "abadlaşdırıb", indi də gəlib "Azdrama"nı ağ günə çıxaracaq?Heç kəsi bəyənmir, ona bu dili kim verib? Gedin bir güzgüdə özünüzə baxın, görün kimsiniz? Siz Akademik teatrı yox ha, Azərbaycan teatr sənətinin yükünü çiyinlərində aparan insanları təhqir edirsiniz. Deyirlər ki, "AzDrama"nın aktyorlarının savadı yoxdur. Bizim aktyorların ayağının bildiyini sənin başın bilmir".

M.Xanlarova deyir ki, İsrafil İsrafilov G.Öməri "AzDrama"ya gətirib, tamaşa verib və o da aktyorlardan hörmət görüb: "Bunun qarşılığında "sağ ol" deməkdənsə bizi aşağılayır. Sizin bütün tamaşalarınız yarımçıqdır və hamısının sonluğunu İsrafil İsrafilov bitirib. Bu necə rejissordur ki, onun tamaşalarını İsrafil İsrafilov qurub. Yaxud da İsrafil İsrafilov niyə onun tamaşalarının sonluğunu qururdu ki?"

Aktrisa teatrı müdafiə edən həmkarlarına qoşulduğunu bildirib: "

Akademik teatr bizim evimizdir. Bu gün Gümrah Ömərə dil verən bizim teatrın rəhbəri İsrafil İsrafilovdur. Niyə? Ona görə ki, onun kimi adamı gətirib belə böyük bir teatrda tamaşa verəndə bilmirdi ki, sonu belə olacaq? Yağlı əppəyi kiminsə ağzına verəndə o adam ya qudurur, ya da çörəyinə təpik atmaq istəyir".

Əməkdar artist onu da bildirib ki, Akademik Milli Dram Teatrına ancaq talantlı şəxs baş rejissor ola bilər: ""AzDrama"ya yalnız və yalnız biz aktyorların zəhmətini qiymətləndirən biri baş rejissor gələ bilər. Əgər G.Ömər oraya baş rejissor gəlsə, bütün yaradıcı heyətlə lazımlı addımları atacağıq".


Qeyd edək ki, bir müddət öncə YUĞ Teatrının baş rejissoru Gümrah Ömər AzNews.az-a müsahibə verib. Müsahibəsində o, Akademik Milli Dram Teatrının yaradıcı heyətinin ünvanına ağır ittihamlar səsləndirib. Sonda isə qeyd edib ki, Vaqif İbrahimoğlu məktəbinin yetirmələrindən biri "Azdrama"ya baş rejissor gələcək.

Bahar RÜSTƏMLİ
AzNews.az