Tofiq Türkel Tofiq Türkel

Milli məsələ və ya çal oynasın “Əjdər əmi”

Tofiq Türkel


Milli məsələ, milli dövlət və milli maraqlar problemi həmişə diqqət mərkəzində olur və bu da səbəbsiz deyil. Milli məsələ millətin azadlığı, milli maraqlar millətin daim var olmaq dəyərləri, milli dövlət həmin dəyərlərin daim yaşamaq haqqını qoruması mexanizmidir. Hazırda dünyada millət olaraq parçalanmış çəkildə yaşayan yalnız Azərbaycan türkləridir. Koreya millətinə gəlincə, burada parçalanmış millətdən yox, eyni millətin ayrı-ayrı formasiyalarda var olan iki dövlətindən danışmaq olar. Bu isə həmin millətin parçalanmış şəkildə yaşaması kimi təfsir oluna bilməz.

Milli məsələ və birlik düsturu

Milli məsələnin həlli onun birlik düsturundan keçir. Daha uğurlu birlik düsturu problemin həlli deməkdir. Bunun üçün isə milli azadlıq mübarizəsi önündə olanların birlik düsturuna sədaqətləri önəmli məsələdir. Hazırda türk dünyasının birlik məsələsi aktual olmaqla yanaşı həm də müəyyən mənada problematik olaraq qalır.

Parçalanmış Azərbaycan türkləri

Türk dünyasında parçalanmış türklər adına ancaq Azərbaycan türklərindən danışmaq olar. Bu birliyi istəməyən beynəlxalq qüvvələrin olmasından istənilən qədər danışaraq həmin xarici qüvvələri istənilən qədər də tənqid və hətta təhqir də edə bilərik. Amma bu azdır. Bəs özümüz, özümüz bu birliyi nə qədər istəyirik və ümumiyyətlə, bu istəyə toplum olaraq nə qədər sədaqətliyik? Bu mübarizənin önündə olanlar bu mübarizəyə nə dərəcədə sadiqdirlər?

Milli mübarizə düsturu

Azərbaycanın şimalında milli-azadlıq mübarizəsi gedərkən hərəkatın rəhbəri, eks-prezident Əbülfəz Elçibəy fəallar önündə açıqlama verdi. "Milli azadlıq mübarizəsi millətin doğrusu ilə oğrusunun bir yerdə apardığı mübarizədir, burada heç kəsə "sən burada ola bilməzsən" deyə bilməzsən".

Bunu ona görə yada salırıq ki, Güney Azərbaycanın özündə azadlıq mübarizəsi aparan qüvvələr arasında parçalanma barədə əsaslı bir şey eşitmirik. Çünki, mübarizə aparan kişilərin danışmaq vaxtı olmur. Bəli həbslər var, bəli milli fəallar İranda tutulur, bəli, İran bu mübarizənin önündə olan ünlü şəxslərin fəlaiyyətlərini məhdudlaşdırmağa səy edir, hətta müəyyən vasitələrlə onları həyatlarından məhrum edir. Bunlar var. Biri azad olmaq istəyir, öz dövlətini quraraq milli qədir və milli şərəf davası aparır. Qarşı tərəf də buna müqavimət göstərərək qarşısını almaq istəyir. Tarix candan keçərək vətən qorumaq və milli azadlıq əldə etmək təcrübəsi tanıyır. Amma tarix milli azadlıqdan, vətən qorumaqdan vaz keçərək can qorumaq təcrübəsi tanımır.

Yeni dünya düsturu-beyənlxalq dəstək

Azərbaycanın qüzeyində milli dövlət qurulduqdan sonra Güneyə diqqət daha da artdı. Elə həmin zamandan "güneyli fəallar" adı ilə Azərbaycanın şimalına axın başladı. Bunu normal qarşıladıq. Düşündük ki, insanlar daha azad bir məkanda bu mübarizəni daha əsaslı qura bilərlər.

Amma istədiyimiz olmadı. Belə ki, Güneydən olan "fəallar"la danışdıqda bir kəs başqasını, bir qrup isə başqa bir qrupu Irana "casusluq"da ittiham etdi. Bir qədər keçəndən sonra isə elələri tapıldı ki, Azərbaycanın qüzeyindəki milli azadlıq mübarizəsinin rəhbərlərini tənqid obyektinə çevirdilər. İstənilən şəxsi tənqid etmək olar. Amma bunu ən aşağısı həmin şəxsi tənqid etmək haqqı olan edə bilər.Daha hər yerindən duran edə bilməz. Daha maraqlısı bu "milli fəallar"ın Bakıda kimin Güneydə casus olub-olmaması "razborka"ları aparması idi. Bu "milli fəallar"ın bəzilərinin adları Güneydən olan şəxsləri maddi baxımdan aldatmaqda hallandı. Kimiləri davranışlarına yiyəlik edə bilmdikləri üçün küçə uşağı kimi həbslərə atıldı. Kimiləri Azərbaycan tarixini saxtalaşdırmaq kimi şərəfsiz bir yol tutdu. Yəni, böyük mənada milli mübarizə aparmaq istəyən azsaylı bir qüvvə qaldı. Həmin qüvvələr də bu çoxsaylı "milli dələduzlar"a müqvimət göstərə bilmədi. Daha sonra bu "fəallar" Avropaya axışdılar. Düşünürdük ki, bu "axın" beyənlxalq mübarizənin yeni düsturuna aid olan beyənlxalq dəstək formulunu həll etmək üçündür. Bir müddət keçdi, bu ümidlərimiz də boşa çıxdı. Bu fəallar İranda, Azərbaycanın şimalında kim idilərsə, elə Avropada da həmin "zat" oldular. Nə artıq, nə əskik. Bəli, şəxsi həyatlarını yaşadılar, kimi biznesini qurdu, kimi ev aldı və s. Yəni, biznes qurmaq, rahatlıq daha güclü mübarizə aparmaq məqsədinə vəsilə olmadı, əksinə bu vəsilələr bu şəxslərin elə həyat məqsədləri oldu.

Günümüzdə Güney Azərbaycan mübarizəsi beynəlxalq aləmdə geniş format qazana bilmədi. Bununsa səbəbləri mübarizə daxilində olan şəxslərin hərəkətlərilə insanların ağız dadlarını qaçırmaları ilə bağlı idi. Mübarizə daxilində olan mənasız çəkişmələr insanları adətən mübarizədən çəkindirir. Elə insanlar tapıldı ki, haqqında danışdığımız yolu tutdular. Əgər buna yol demək mümkünsə...

Təcrübə Dünya Azərbaycanlıları Konqresi (DAK)

Bir zamanlar Bakıda Bütöv Azərbaycan Birliyi (BAB) adlı qurum fəaliyyət göstərirdi, rəhbəri də Türkiyənin mərhum baş naziri Bülənd Ecevit demişkən "türk sevdalısı" olan eks-prezident Əbülfəz Elçibəy idi. Ə.Elçibəyin vəfatından sonra bu birlik yaşaya bilmədi. Ona görə yox ki, yaşatmaq mümkün deyildi, ona görə ki, bu qurumu Ə.Elçibəy səviyyəsində yaşatmaq mümkün olmadı. Milli sevginin Ə.Elçibəy səviyyəsində ikinci sahibi olmadı ki, bunu bacara. Bu hakimiyyət davası deyildi, milli dava idi. Ona görə də Bütöv Azərbaycan Birliyi fəaliyyətini dayandıranda buna təəssüf etmədim. Amma Ə.Elçibəy demişkən, o yolun sonuna gəlinəcək, ya tez, ya gec. Gec və ya tez gəlmək isə yolun başında kimlərin və ya hansı sevdalıların durmasından keçir.

BAB-ın fəaliyyətini dayandırmasından sonra Azərbaycanın qüzeyində "Güney Azərbaycan məsələsi"nə baxış zəiflədi. Amma Dünya Azərbaycanlıları Konqresi (DAK) son illər fəaliyyətini gücləndirməklə bu boşluğu nisbətən doldura bildi.
Amma bu da var ki, bu qurum diqqəti ancaq Əbülfəz Elçibəyin vəfatından sonra, yəni 2000-ci illərdən sonra cəlb etməyə başladı. Ona qədərsə bu qurum Azərbaycan mediasında "daxilində it yiyəsini tanımayan qurum" kimi tanınırdı.

DAK-ın statusu nədir?

Daxili çəkişmələr qurtarmırdı. Qurum rəhbərliyi bir-birini nə bilim SAVAK-a, nə bilim MOSSAD-a, nə bilim ETTEELAT-a casusluqda ittiham edirdilər. Qurumun postunu itirən sədri alverçilikdə, şəxsi maraqlarını güdməkdə, prinsipsizlikdə, ən çox da maliyyə pozuntu və fırıdaqlarında ittiham edilirdi. Ən maraqlısı bu idi ki, ekslərə bu ittihamları ən çox səsləndirən şəxs Əjdər Tağızadə idi. Cavd Derəxtidən Qulamrza Səbri Təbriziyə qədər Ə.Tağızadə sədrləri yuxarıda dediyim yarlıklarla damğalayırdı. Odur ki, DAK-ın tədbirləri jurnalistlər üçün maraqsız idi. Üstəgəl, burada bir xüsusat da var idi. DAK-ın statusu məlum deyildi. Yəni, bilinmirdi ki, DAK sıradan bir diaspor təşkilatıdır, ictimai-siyasi və ya ayrı-ayrılıqda ictimai, yoxsa, siyasi təşkilatdır. Beləcə, təşkilati qeyri-müəyyənlik bu qurumun hədəfinin nə olduğunu müəyyən etməyə imkan vermirdi. Digər tərəfdən təşkilat daxilində çəkişmələr qurtarmırdı. Bəlkə Adəm babamızın xilqətindən bu yana bəşər daxilində işlənən "xəyanət" sözü DAK-dakının yarıbayarısına bərabər deyil. Yenə də təkrar edirik ki, bütün bu "xəyanət ittihamı xətti"nin başında da həmişə Ə.Tağızadə dayanırdı.

Son 20 il və "Güney Azərbaycan məsələsi"

Ümumiyyətlə, son 20 ildə "Güney Azərbaycan məsələsi" İranda doktor Mahmudəli Cöhrəqanlının "babam Səttarxanın çəkməsini geyib parlamentə gedəcəyəm" şüarı ailtında başladığı parlament mübarizəsilə vüsət aldı. Qüzey Azərbaycanda doktor M.Çöhrəqanlının müdafiəsilə bağlı proseslər başladı.

Daha sonra isə "Güney Azərbaycan məsələsi" bir də Sabir Rüstəmxanlı DAK-a sədr seçiləndən sonra diqqət mərkəzinə gəldi. Düşüncəmizə görə bu ilk vaxtlarda heç də bütünlükdə DAK-ın fəaliyyətinə yox, S.Rüstəmxanlının şəxsi təşəbbüsünə bağlı idi. Yəni, Güney Azərbaycan türklərinin ictimai-siyasi, milli, insani, mədəni hüquqlarının durumu ilə bağlı S.Rüstəmxanlının İranın dini lideri Xamneyiyə müraciəti ciddi rezonans doğurdu. Bu isə DAK-a olan diqqəti artırdı.

Həm də DAK-da rəhbərlik üçün həmsədrlik institutunun təşkili milli məsələnin Azərbaycanın güneyli-qüzeyli bütün insanın məsələsi olması halına salındı. Tərif üçün yox, ədalət naminə deyək ki. S.Rüstməxanlı bunu bacardı. Burada digər həmsədr Firudin Pərvizniyanın rolunu qeyd etməmək insafsızlıq olardı. Bu dövrdə DAK-ın Avropadan Amerikaya, Amerikadan Avstraliyaya qədər bölmələri yaradıldı. "Güney Azərbaycan məsələsi" Qərb ölkələrinin parlamentlərinə, Senatlarına qədər qaldırıldı.

Bu həmsədrlikdən sonra DAK daxilində çəkişmələr tam aradan qalxmasa da kifayət qədər aradan qaldırıldı. Amma ara-sıra, qərəzli və ya qərəzsiz daxili çəkişmələr oldu. DAK-da bu məsələyə son nöqtə bu il İstambulda keçirilən qurultayda qoyuldu.

Amma yox, tələsməyin....

Burada da bir incə nöqtə var. Biz iddia etmirik ki, DAK-ın rəsmi və ya qeyri-rəsmi tablosuna tam bələdik. Biz bunu iddia edirik ki, təşkilat daxilində çəkişmələr aradan qaldırıldı. Diaspor komitəsi qurum daxilində bu duruma razı idi ya yox, DAK rəhbərliyi onun ürəyindən idi ya yox, bunu bilmirik. Bu ştrixi ona görə xüsusi qeyd edirk ki, diaspor qurumlarının komitəyə bağlı olanları hər hansı problem yaşamır, əksinə komitəyə bağlı olmayanlar isə müxtəlif səpgili hücumlara, təzyiqlərə məruz qalırlar.

Köhnə hamam köhnə tas

Bu il DAK-ın İstambuldakı qurultayından sonra vaxtilə DAK Daimi Şurasının sədri olmuş Əjdər Tağızadə "tənqidi notlar" üzərində kökləndi. Bir az qəribə gəldi bizə. Çünki, DAK-da S.Rüstməxanlı sədrliyindən bu yana Ə.Tağızadə S.Rüstəmxanlını tərifləyəndə ağzına "çullu dovşan" sığmırdı. Ən böyük epitetlərlə danışırdı. Biz də daim S.Rüstəmxanlıya xatırladırdıq ki, səni tərifləyənlərə uyma, çünki, səni elə birinci tərif edənlər yıxacaq. Bunu daim deyirdik və indi də sözümüzün arxasındayıq.

Bu dəfə Ə.Tağızadəni danışdıran "dirijor çubuğu"nun harada olmasını tapmaq o qədər də çətin deyil. Bunun üçün o qədər də ağıllı olmağa ehtiyac yoxdur. DAK daxilində çəkişmə aradan qalxır, vaxtilə DAK-dan kənarda qalan şəxslər quruma qayıdır, qurum daxili bütövlük yaranır. Bu durum, bax, bu durum kimə sərf etmirsə, elə həmin qüvvələr də Ə.Tağızadəni önə verir. Ə.Tağızadə bu dəfə kiminsə sözünü deyir, öz sözünü demir. Çünki, Ə.Tağızadə neçə illər təriflədiyi S.Rüstəmxanlını özbaşına və ya öz kefinə tənqid edə bilməz ki? Bu cəsarəti neçə illər göstərə bilməyibsə, indi də göstərə bilməz. Deməli, bu cəsarət məsələsi deyil, siyasət və rəyasət məsələsidir. Amma bu Ə.Tağızadə ranqı deyil, bu kiməsə və ya kimlərəsə lazımdır.

Neçə illər mübarizə tariximizdə daha çox rast gəldiyimiz bu olub ki, o kəslər ki, millət, milli kimlik və ya milli məsələ haqqında ucadan danışıbsa elə bu mübarək işin önündə də "kötük" həmişə elələri olub.

İndi Ə.Tağızadə iddia edir ki, "Güney Azərbaycan məsələsi"nə bağlı təşkilat sədri ancaq güneyli ola bilər. Bu iddianın özünü başa düşə bilmirk? Azərbaycan türkləri təkcə Güneydə yaşayanlardan ibarət deyil, eləcə də qüzeydə yaşayanlardan. Dünyanın dörd bir tərəfində Azərbaycan türkləri yaşayır. Onlar da iddia etsinlər ki, sədr bizdən olmalıdır? Məsələyə bu qədər də absurd yanaşmaq olar?

Əvvəlki təcrübəyə isnadən indi Ə.Tağızadənin S.Rüstəmxanlını maliyyə "fırıldaqları"nda ittihamı yer alacaq, sonra hansısa xüsusi xidmət orqanına xidmət etməsi "üzə çıxacaq". Çünki, bu ssenari Ə.Tağızadənin təcrübəsində bir nrçə dəfə keçmiş DAK sədrlərinə tətbiq edilib.

Ə.Tağızadə deyə bilməz ki, "mənə deyiblər ki...".

Ə.Tağızadə Güney Azərbaycandan olanların da S.Rüstəmxanlının sədr olmasından narazılıq etdiklərini deyir. Yaxşı o zaman S.Rüstəmxanlı ilk dəfə sədr seçiləndə niyə bu etraz olmadı? O zaman S.Rüstəmxanlı Güneyli deyildi ki, sonradan dönüb Qüzeyli ola. Elə o zaman da Qüzeyli idi. Yaxşı o zaman sən Ə.Tağızadə niyə bunu demədin? Axı, qurultaydan sonra Bakıdakı mətbuat konfransında aşağı-yuxarı 15-ə yaxın jurnalist iştirak edirdi. S.Rüstməxanlı sədrliyindən öncəki durumu Ə.Tağızadə ağına-bozuna baxmadan ən sərt şəkildə tənqid edirdi. O zaman S.Rüstəmxanlı DAK Məclisinin sədri idi. Sual verildi ki, Sabir bəy, Ə.Tağızadənin dedikləri doğrudursa niyə təsirli fəaliyyət göstərməmısiniz? DAK-ın fəaliyyəti tək sədrə bağlı deyil axı. Bunun Məclisi var, Daimi Şurası var, Rəyasət Heyəti var və s. O zaman sual edilir ki, Daimi Şura sədri kimi Ə.Tağızadə hara baxıb? Niyə vaxtında səsini qaldırmayıb?

Bu qədərmi?
Ə.Tağızadə son olaraq Tənzilə Rüstməxanlıə məsələsinə, onun DAK-da yer almasına toxunur. Mənim üçün bu mövzu anlaşılmazdır. Ə.Tağızadə yəqin unudur ki, T.Rüstəmxanlı neçə illər duz-çörək yediyi S.Rüstəmxanlının ömür-gün dostudur. İnsan bu məsələdə ya xanımlığa, ya yoldaşlığa, ya əqidə yolçuluğuna hörmət edər. Təəssüf... Nədənsə, sonda, özü də birdən-birə yadıma "Çal,oynasın Əjdər əmi" mahnısı düşdü... Nə isə, kimsə çalsın, Əjdər əmi oynasın...