Elçin Hüseynbəyli  Elçin Hüseynbəyli 

“Qaçan adam” və adamlar...

Elçin Hüseynbəyli 

 

Bu yaxınlarda bir filmə təkrar baxdım. Deyəsən adı "Qaçan adam"dır. Maraqlı filmdir. Baxsanız peşman olmazsınız. Ordan öyrənməli çox nəsnələr var və adamı bəzi düşüncələrə sövq edir.

 

Birminci ordan başlayaq ki, filmin qəhrəmanı Forest Qamp uşaqlıqdan qaçmağı sevir. Hara gəldi qaçır. Buna görə çempion da olur. Pinq-ponq yarışlarında da qalib gəlir və s. Nəhayət əsgər gedir. Bir amerikalı kimi Vyetnamda döyüşür. Sadəlövhdür. Bax həmin sadəlövh Forest Qamp yaralı əsgər yoldaşlarını, eləcə də öz komandiri Kapitan Tedi göydən yağan mərmilərin, yanan meşənin  arasından təhlükəsiz yerə daşıyır. Kapitan Tedin iki ayağını da mərmi aparıb və onu ölməyə qoymadığına görə daim Foresti lənətləyir, hətta onu boğub öldürmək də istəyir: "Sən bunu niyə elədin, Forest!? Mən orda ölməliydim! Belə həyat mənə lazım deyildi!..."

 

İkiminci ora gələk ki, indi bizim cəmiyyətdə insanlar arasında təxminən belə münasibət formalaşmağa başlayıb. Məsələn, uzun illər tanıdığın, xeyir-şərində iştirak etdiyin, daim yanında olduğun birisi günlərin bir günü səndən borc istəyir, qaytaracağı zamanı da deyir və sən də "əl tutmaq Əlidən qalıb" deyiminə əsaslanıb xeyirxah bir iş görürsən və sənə ağız açan adamı naümid qoymursan. Nəticədə nə olur? Həmin uzun illərin dostu (dostları), qaba desək, sənə  "atır". Burda başqa bir mərhələ başlayır. Həmin dostların arası dəyir. Tanıyıb bilənlər bir-birinə deyir: "Balam, onların arasından su da keçməzdi? Görən nə olub?" O birisi təxminən belə cavab verir: "Ona da atıb da!" O birisi heyrətlənir: "Ona da!?"

 

Və bu məqamda ən dəhşətli hadisə baş verir. Bax həmin əl tutan insan qınaq obyektinə çevrilir: "Axı sən niyə  ona borc verirdin!? Bilmirdin ki, o hamıya atıb!?" Fağır xeyirxah da özünü müdafiə məqsədilə belə cavab verir: "Əgər sənin dostun qatildirsə və sən bunu bilirsənsə, bu o deməkdir ki, o, səni də öldürə bilər!?" Və sadə cavab: "Bəli, o öldürər..."

 

Baxın! O "atanşik" qınaq obyektinə çevrilməkdənsə, bu xeyirxah, müqəddəs kəlamlara inanan insan, az qala, daş-qalaq edilir və insanlara etibarı, etimadı azalır. Belə də məişət səviyyəsində olan vətəndaş cəmiyyətinin əsasları sarsılır.

 

Və qayıdaq Forestə. Nəhayət, bir  gün Kapitan Ted həyatın iki ayaqsız da maraqlı olduğunu başa düşür, öz qərarını verir və Forestdən üzr istəyərək, ona minnətdarlıq edir: "Bağışla, Forest, həyatımı qurtardığına görə sənə təşəkkür etməmişəm!" –deyir və okean sularına atılaraq xoşbəxtcəsinə üzür.

 

Deyirəm, bəlkə indi həmin adamlar da bir gün öz xeyirxahlarına belə bir etiraf edəcəklər.

 

Və sonuncu məqam. Forestin uşaqlıqdan sevdiyi qadın hamıyla gəzəndən sonra Foresti sevdiyini anlayır və ona ərə gedir. Sonda isə bir sual verir: "Sən niyə və kimdən ötrü qaçırdın, Forest!?"

 

Və sadə bir cavab: "Mən sənə doğru qaçırdım, Culya!"

 

İndi deyirəm, bəlkə, uzaqlara qaçan adamlar, öz səhvlərini dərk edib, nə zamansa geriyə, öz xeyirxah dostlarına tərəf qaçacaqlar...

 

"Mən səndən ötrü qaçırdım, dost!"

 

...Maraqlı sonluqdu, elə!..


Lent.az