Kənan Hacı Kənan Hacı

Nəhayət, günahkar tapıdı!..

Kənan Hacı


Günün günorta çağı yuxudan oyanan bu adamların sifəti əzilmiş pula bənzəyirdi. Heç yerdə işləməyən tüfeylilər dəstəsi hər axşam Kababçı Vəlinin kababxanasına yığışır, gecədən xeyli keçənə qədər pivə çəlləyinin dibinə baş vururdular. Onların yeyib-içmək üçün pulu hardan tapdığı indinin özündə də mənim üçün sirri-xudadır. Bu arxetiplərin yaddaşımda xammala çevriləcəyi o vaxt heç ağlımın ucundan da keçmirdi. Yaddaşımdakı pəncərədən baxanda onlar dünyanın ən kədərli insanları kimi görünür. Onlar bu dünyadan kölgə kimi gəlib keçdilər. Deyirlər "dünya bir pəncərədir, hər gələn baxar gedər". Onlar da bu pəncərədən baxdılar, amma dünyanı görmədən heçliyə qovuşdular. Dünya onların gəlişindən və gedişindən xəbərsiz qaldı.

Zaman sürətlə geriyə axırdı və mən qəfildən özümü uşaqlığımın pəncərəsi önündə şanapipiyin nəğməsini dinləyən yerdə tapdım. Üzü günbatana tikilmiş balaca evimizin pəncərəsindən bir ərik ağacı, bir də əl boyda göy üzü görünürdü. Mən onda elə bilirdim ki, dünya elə bu gördüyüm səma boydadır. Bir dəfə qonşunun damında şanapipiyin ayağı ipə ilişmişdi, nə qədər çırpınsa da ayağına dolaşmış ipdən xilas ola bilmirdi. Mən çox balacaydım və pəncərədən şanapipiyin çarəsizliyinə baxıb göz yaşları axıtmaqdan başqa əlimdən heç nə gəlmirdi. Hardansa bir pişiyin çıxıb onu yeyəcəyindən, ya da şanapipiyin ürəyinin partlayacağından çox qorxurdum. Axşam atam evə gəlib çıxınca kirimək bilmədim, atam nərdivan qoyub qonşunun damına çıxdı və zavallı quşu xilas elədi. Sonra mən o şanapipiyin rəsmini çəkdim, onu uçan yerdə təsvir etmişdim. Bu, mənim arzumun şəkli idi. O rəsmdəki səma da elə pəncərədən gördüyüm səma boyda – bapbalaca idi. Qum dəryasının kapitanlarından biri ancaq kədərli rəsmlər çəkir, çünki bu uşaq həyatda sevinci dadmamışdı, onun rənglərini tanımırdı, dünyanın pəncərəsindən baxıb ancaq səfalət görmüşdü, ona görə çəkdiklərində işıq yox, qaranlıq vardı.

Pəncərədən gördüyüm şanapipik mənim ilk həyat müəllimim oldu. Mən uşaqlıqda dəcəl tay-tuşlarım kimi quşlara heç vaxt daş atmadım. O quşcuğaz mənə mübarizə aparmağı öyrətdi, axı həyat mübarizədən ibarətdir. Amma mən onda bilmirdim ki, "bir gün uçan yerdə qanadından vurulmaq" da var. İndi nə o pəncərə qalıb, nə də o ərik ağacı. Amma mən hələ də dünyaya məhz o pəncərədən baxıram, ilk dəfə sözün nəfəsi üzümə o pəncərədə toxunub, həyat ilk dəfə öz üzünü mənə o pəncərədən göstərib. Uzun illərdi o şanapipiyi unutmuşdum, görəsən niyə məhz indi, dünyanın pəncərəsindən çəkilib getmək ərəfəsində yadıma düşdü? Bəlkə bütün bu olmuşlara görə o şanapipik günahkardı? Niyə özünü mənə unutdurmuşdu? Mən axı ömrüm boyu o naməlum günahkarı axrarmışam?!

Niyə bu yolu seçdim, axı hər şey başqa cür də ola bilərdi, çox yaxşı ola bilərdi... İçindəki azadlıq yanğısı səni rahat yaşamağa qoymadı. Söz sənin ən böyük azadlığın oldu və sən onu rahat, firavan həyata qurban vermədin. Yerüstü rahatlıq istəyirdinsə, Sözdən üz döndərməliydin. Bu da mümkün deyildi, çünki Söz sənin yeganə yaşamaq vasitən idi. Azad yaşamağı sənə o şanapipik öyrətmişdi. Hə, nəhayət, günahkarı tapdın! İndi rahatlıqla canını sözə tapşıra bilərsən, azad insan...